Əli Hüseynli: Azərbaycanın KTMT-də iştirakını nəzərdən keçirmək mümkündür

Cəsur Sümərənli: “Bu, ölkənin milli təhlükəsizliyinə qarşı yönəlik qorxulu bəyanatdır”

Source:
Əli Hüseynli
Əli Hüseynli


Cəsur Sümərənli: “Bu, ölkənin milli təhlükəsizliyinə qarşı yönəlik qorxulu bəyanatdır”

Milli Məclisin hüquq məsələləri və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli yeni geosiyasi şərtlər daxilində Azərbaycanın hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını da nəzərdən keçirməyin mümkünlüyü bildirib.

Təşkilata hazırda Rusiya, Belorus, Qazaxıstan, Ermənistan, Tacikistan, Qırğızıstan daxildirlər.

Azərbaycan əslində Rusiyanın yeganə müttəfiqi qalıb

Bu barədə virtualaz.org-a

danışan

Əli Hüseynli indiki Rusiyanın müstəqil ölkələrin suverenliyi üçün təhlükə kimi qiymətləndirməni həddən artıq populist və yanlış yanaşma adlandırıb:

“Azərbaycanla Rusiyanın sülh şəraitində uzunmüddətli yanaşı yaşama tarixi var, uzun illər ərzində aralarında hətta dil səddinin də olmadığı iki xalq arasında sıx siyasi, iqtisadi və humanitar əlaqələr formalaşıb”.

Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda bərqərar olan geosiyasi vəziyyət baxımından Azərbaycan əslində Rusiyanın yeganə müttəfiqi qalıb.

“Bu o qədər aşkar faktdır ki, onu Ermənistan işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində bu yaxınlarda keçirilmiş Azərbaycan-Rusiya konfransının praktiki olaraq bütün iştirakçıları qeyd ediblər. Rusiyanın həmin konfransda öz ölkəsinin həqiqi vətənpərvərləri ilə təmsil olunduğunu nəzərə alsaq, bu fikirlər xüsusilə qiymətlidir”.

Deputat Cənubi Qafqazda Rusiyanın Ermənistan kimi tarixi müttəfiqi məsələsi barədə suala diplomatik cavab verib:

“Tarixin dərinliklərinə varmayaq. Hər şey axır, hər şey dəyişir. Yeni Ermənistan hökumətinin əksər üzvləri bir vaxtlar müxtəlif Qərb strukturlarında çalışıblar və istisna deyil ki, bəziləri ümumiyyətlə Qərb xüsusi xidmət orqanlarına işləyir. İndiki yüksək rütbəli hökumət məmurlarının çoxu Rusiya əleyhinə müxtəlif aksiyaların iştirakçısı olublar və Rusiya rəhbərliyinə qarşı təhqiramiz ifadələrə yol veriblər”.

O deyib ki, eyni zamanda, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan, əksinə, özünün böyük qonşusu Rusiyanın maraqlarına böyük hörmətlə yanaşır.

KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz

“Təşkilatı sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır”.

Ə.Hüseynli deyib ki, həll edilməmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik üçün təhlükə olaraq qalır və Cənubi Qafqaz regionunun sonrakı inkişafını ləngidən amil olmaqla yanaşı, regionlararası, o cümlədən Azərbaycan-Rusiya əlaqələrinin də inkişafına təsir edir.

Bu, Rusiyaya münaqişənin həlli istiqamətində vasitəçilik səylərini fəallaşdırmağa əsas verəcək

“Paradoksal vəziyyət yaranır. Ermənistan rəsmən KTMT üzrə Rusiyanın müttəfiqidir və bu müttəfiqlik münasibətləri Rusiyanın üzərinə müəyyən öhdəliklər qoyur. Lakin onun “müttəfiqi” getdikcə daha açıq şəkildə özünün qərbyönümlüyünü və NATO xətti ilə qarşılıqlı fəaliyyətin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan isə, mahiyyətcə Rusiyanın müttəfiqi olsa da, formal olaraq bu statusa malik deyil və bu onu Ermənistanla fərqli vəziyyətə qoyur”.

Deputat hesab edir ki, Azərbaycanın KTMT-yə qoşulacağı halda Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün bu təşkilat üzrə iki tərəfdaş arasında münaqişəyə çevriləcək və bu ona əsas verəcək ki, münaqişənin həlli istiqamətində özünün vasitəçilik səylərini fəallaşdırsın.

“Həmçinin bu təşkilatın üzvü olan ölkələr Azərbaycanın ərazi bütövlüyü prinsipini sözsüz dəstəkləyirlər və torpaqlarımızın işğaldan azad olunmasını tələb edirlər”.

Onun fikrincə daha bir vacib amil Zəngilanı, Cəbrayılı, Füzulini işğal edərək, erməni rejimi bu istiqamətdə İranla sərhədə çıxıb və de-fakto Azərbaycan-İran sərhədinin bu hissəsinə anti-Rusiya qərbyönümlü Ermənistan tərəfindən nəzarət olunmasıdır.

“KTMT çərçivəsində isə İranla sərhədlərimizin bu hissələrində Azərbaycanın nəzarətini bərpa etmək üçün daha çox imkanlar yaranacaq”.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “

Turan

” agentliyinə müsahibəsində ölkənin KTMT-ə üzv olması ilə bağlı mediada səslənən təklifləri qeyri-real sayır.

Bu təklif siyasi reallıqdan uzaqdır

O, bildirib ki, bu, siyasi reallıqdan uzaq təkliflərdir:

“Biz hamımız başa düşürük ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə aid mövqeyi, daha doğrusu bəzi dairələrin mövqeyi gətirib ona çıxarıb ki, bu münaqişə həll olunmur. Rusiya təhlükəsizlik çətiri imkan verir ki, Ermənistan danışıqlarda çox radikal mövqedən çıxış etsin. Faktiki olaraq, danışıqlarda irəliləyişə imkan vermir. Bu şəraitdə, Ermənistanla bir hərbi təşkilatda olmaq qeyri-mümkündür”.

O hesab edir ki, əgər Azərbaycanın Rusiya ilə təhlükəsizlik və müdafiə məsələlərində daha sıx əməkdaşlıq etməsindən söhbət gedirsə, Rusiya bu məsələlərdə öz mövqeyini kardinal şəkildə dəyişməlidir və bunu açıq bəyan etməlidir.

KTMT-ə üzvlük məsələsinə yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra baxıla bilər

Sabiq nazirin sözlərinə görə, Azərbaycanın bu təşkilata üzvlüyü mümkün deyil.

“Amma əməkdaşlıq etmək mümkündür, xüsusən də Azərbaycanın maraqlarına cavab verən sahələrdə. Hərbi əməkdaşlıq mövcuddur. Rusiya ilə hərbi əməkdaşlıq həm ikitərəfli münasibətlərdə, həm də təşkilata üzv dövlətlərlə çoxtərəfli münasibətlərdə özünü büruzə verir. Təşkilatın üzvü olan Belorus və Qazaxıstan Azərbaycanla müdafiə məsələlərində çox aktiv əməkdaşlıq edirlər. Bu baxımdan əməkdaşlığın güclənməsinin tərəfdarıyam”.

T.Zülfüqarov deyib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük məsələsinə yalnız Dağlıq Qarabağ münaqişəsi həllini tapandan sonra baxıla bilər.

Cəsur Sümərinli
Cəsur Sümərinli

Bu, ölkənin milli təhlükəsizlik prioritetlərinə qarşı yönəlik qorxulu bəyanatdır

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli Azərbaycanın KTMT-yə qoşulmasının mümkünlüyü barədə bəyanatı ölkənin milli təhlükəsizlik prioritetlərinə qarşı yönəlik qorxulu bir bəyanat hesab edir.

Meydan TV-yə danışan ekspert bildirib ki, bununla da Azərbaycan hakimiyyətinin 2010-cu ildən sonra daha sürətlə yürütdüyü Rusiyayönümlü siyasəti öz kulminasiya nöqtəsinə çatacaq.

“Əgər belə hal baş versə, bu, o deməkdir ki, Azərbaycanın daxili və xarici hərbi, iqtisadi, siyasi addımlarında ciddi fərqliliklər olacaq”.

O, hesab edir ki, səslənmiş bəyanat çox güman ki, ictimai rəyi hazırlamaq məqsədi güdür və bunun ardınca hakimiyyətin müxtəlif qollarından oxşar bəyanatlar daha çox gələ bilər.

“Amma indidən bu qorxulu niyyətin fəsadlarını görmək mümkündür. Belə ki, Azərbaycanın KTMT-yə üzv olması ölkədə hərbi sahədə neqativ dəyişikliklərə gətirəcək”.

Ekspertin fikrincə, belə olan halda Hərbi Doktrina, Milli Təhlükəsizlik Konsepsiyası və Dəniz strategiyası kimi strateji sənədlərdə, eyni zamanda bir sıra hərbi-təhlükəsizlik sənədlərinə dəyişikliklər olacaq. Bundan başqa, ordunun quruculuq fəlsəfəsi tamamilə dəyişdiriləcək.

Ordunun kadr baxımından Rusiyadan asılılığı artacaq

“Azərbaycanda ordu quruculuğunda Rusiyanin təsiri xeyli artacaq, orduda indiyədək tətbiq olunmuş bir sıra NATO standartları dəyişdiriləcək və ya ləğv ediləcək. Ordunun Avro-atlantik standartlara uyğun qurulmasına yönəlik addımlar, ümumiyyətlə, dayandırılacaq”.

Ekspert düşünür ki, Azərbaycan hərbçilərinin Rusiyanın hərbi məktəblərinə göndərilməsi siyasəti gücləndiriləcək, beləliklə ordunun kadr baxımından Rusiyadan asılılığı artacaq:

“Ordunun silahlanması istiqamətində Rusiya ilə hərbi-texniki əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan sənədlər qəbul ediləcək, müqavilələr imzalanacaq, bunun ardınca isə Rusiya silahi və hərbi texnikası Azərbaycan ordusunun silahlanmasında prioritet hesab ediləcək. Azərbaycan hakimiyyəti ordu quruculuq strategiyasını daha intensiv şəkildə Rusiya ilə bölüşəcək”.

C.Sümərənli deyib ki, Azərbaycan Müdafiə Nazirliyi rusiyalı həmkarları ilə daha intensiv əməkdaşlığa başlayacaq, rusiyalı hərbi təlimatçıların Azərbaycanın müəyyən ordu hissələrində çalışması rəsmiləşəcək.

Azərbaycanda gələcəkdə Rusiyanın hərbi bazalarının yerləşdirilməsi üçün zəmin yaradılacaq

Ekspertin fikrincə, Azərbaycan KTMT-yə üzv olsa, hərbi-siyasi baxımdan da dəyilikliklər gözlənilir:

“Azərbaycanda gələcəkdə Rusiyanın hərbi bazalarının yerləşdirilməsi üçün zəmin yaradılacaq. Azərbaycan “Qoşulmamaq hərəkatı”ndan çıxacaq”.

Ermənistanla münaqişəyə gəldikdə isə, hərbi ekspertin fikrincə münaqişənin nizamlanması dondurulacaq, Moskva KTMT üzvü olan iki ölkə arasında aktiv hərbi əməliyyatların aparılmasına razı olmayacaq.

“Azərbaycan NATO ilə bir sıra əməkdaşlıq proqramlarının icrasını dayandıracaq. Azərbaycanın hərbi sənaye müəssisələri Rusiya hərbi zavodları ilə birgə çalışacaq və bununla da Azərbaycanın hərbi sənayesi Rusiyanın silah infrastrukturunun təchizat nöqtəsi rolunda olacaq”.

Ekspertin sözlərinə görə, Əli Hüseynlinin dilindən səslənən, əslində isə hakimiyyətin arzusu olan bu uğursuz plan gerçəkləşərsə, Azərbaycanın bir saylı milli təhlükəsizlik problemi – ərazi bütövlüyünün təmin olunması mümkün olmayacaq.

“Dövlət vəsaitləri, hərbi büdcə tamamilə Rusiyadan alınacaq silah, hərbi texnika və avadanlığa xərclənəcək. Bütün bunlar Azərbaycan ordusunun güclənməsinə gətirməyəcək, müdafiə və təhlükəsizlik sahəsində korrupsiya daha da güclənəcək, Rusiyanın hərbi müəssisələrindən silah alışında qeyri-şəffaflıq, qeyri-hesabatlıq davam edəcək. Qərblə indiyədək mövcud olmuş hərbi-siyasi əməkdaşlıq formatları dəyişdiriləcək və ləğv ediləcək. Bütün bunların baş verməməsi üçün hakimiyyət indidən bu ağılsız ideyadan əl çəkməlidir”.

Ana səhifəXəbərlərƏli Hüseynli: Azərbaycanın KTMT-də iştirakını nəzərdən keçirmək mümkündür