Əli Həsənovun yeznəsini öldürən sürücünün kimliyi bilinmir

Vəkil: “Qəzanı törədən maşını görən şəxslər məlumat verəcəkləri halda onların anonimliyi saxlanılacaq və pul mükafatı veriləcəkdir”

Source:


Ötən ilin sonunda, dekabrın 13-dən 14-ə keçən gecə saat 1 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyatzadə küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə Aslan Sarı oğlu Cabbarov dünyasını dəyişib. Onu vurub qaçan sürücünün kimliyi isə bugünə qədər bəlli deyil.

Hadisə ilə bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. İndiyədək qəzanı törədən sürücünün tapılmaması isə mərhumun ailə üzvlərinin narazılığına səbəb olub. Onlar işin obyektiv və operativ araşdırılmamasına etiraz edirlər. İş İstintaq Şöbəsinin müstəntiqi, polis leytinantı Süleyman Hacıyev tərəfindən araşdırılır.

Bu barədə məlumatı Meydan.TV-yə zərərçəkmiş ailənin vəkili Cavid Rzazadə verib. Vəkil bildirib ki, 12-ci polis bölməsinə əməliyyat taşırığı verilməsinə baxmayaraq, hərəkətsizlik edirlər. Zərərçəkmiş tərəf Baş Prokurorluğa və DİN-ə müraciət edib. Lakin bugünə qədər işlə bağlı heç bir yenilik yoxdur. Zərərçəkən tərəf hesab edir ki, buna səbəb müstəntiqin təcrübəsizliyi və işin bilərək gizlədilməsidir.

Vəkil qeyd edib ki, araşdırma zamanı istintaq bilərəkdən ətrafda olan 3 ədəd TŞ kamera görüntülərini götürməyib: “Onlar gözləyib ki, bir ay keçsin, sonra sorğu göndərilsin. Bir ay ərzində isə həmin məlumatlar silinir. Həmin kameraların nömrəsi də məlumdur. TŞ9 – 92, TŞ9 – 026, TŞ9-027 kameraları hadisəni lentə alıb”. Həmçinin hadisəni ətrafda olan obyektlərdə vətəndaşlar tərəfindən quraşdırılmış bir sıra güvənlik kameraları da qeydə alıb, lakin istintaq nə həmin görüntüləri tədqiq edib, nə də ətrafda yaşayan şəxsləri dindirib.

Cavid Rzazadənin sözlərinə görə, zərərçəkənin ailəsi də sürücünü araşdırmağa başlayıb: “Qəzanı törədən maşını görən şəxslər məlumat verəcəkləri halda onların anonimliyi saxlanılacaq və pul mükafatı veriləcəkdir”.


Vəkilin sözlərinə görə, qəza zamanı ölən Aslan Cabbarov prezidentin köməkçisi Əli Həsənovun bacısı Sahilə Həsənovanın həyat yoldaşıdır.

Sabunçu RPİ-nin növbətçi hissəsindən bildirilib ki, istintaqı aparılan heç bir cinayət işi barədə məlumat verilmir. Lazım gəldiyi təqdirdə bu haqda DİN-in mətbuat xidməti açıqlama yayacaq.



bizi twitter’də izlə

Ana səhifəXəbərlərƏli Həsənovun yeznəsini öldürən sürücünün kimliyi bilinmir