Əli Həsənovun nəvəsi hökmdən apelyasiya şikayəti verib

Nail Allahverdiyev ona verilmiş 6 illik cəzanı ədalətsiz sayır

Source:
Nail Allahverdiyev
Nail Allahverdiyev


Nail Allahverdiyev ona verilmiş 6 illik cəzanı ədalətsiz sayır

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev haqqında hökmdən apelyasiya şikayəti verilib. İki nəfərin öldüyü və daha ikisinin ağır yaralandığı yol qəzası törətməkdə təqsirləndirilən N.Allahverdiyev ona verilmiş 6 illik həbs cəzasını ədalətsiz sayır. N.Allahverdiyevin apelyasiya şikayətinə aprelin 17-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

1994-cü il təvəllüdlü N.Allahverdiyev dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. 2017-ci ilin avqustundan həbsdə olan 24 yaşlı N.Allahverdiyev CM-nin 263.3 (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona CM-nin 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə bəraət verib.

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandewagen” yolu keçən üç piyadanı – Vaqif Əsədov, Mutallib və Songül Tekiş cütlüyünü vurub, daha sonra “VAZ 21015” markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən “Mercedes-Gelandewagen” yanmağa başlayıb. Bu hadisə nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı Mehdi Əliyev dünyasını dəyişib.

Hadisənin video-görüntüləri sosial şəbəkələrdə yayılıb və hadisədən dörd gün sonra N.Allahverdiyev həbs olunub. O, özünü qismən təqsirli bilib və hadisə yerindən qaçmaqla bağlı ona verilmiş ittihamı qəbul etməyib.

N.Allahverdiyevin 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılovun idarə etdiyi “Mazda” markalı avtomobillə ötüşərkən bu qəzanı törətdiyi bildirilsə də, o, bu ittihamla razılaşmayıb. Bildirib ki, yanında olan M.Əliyevin ürəyində problem yarandığına görə onu təcili həkimə çatdırmaq üçün həmin vaxt maşını yüksək sürətlə idarə edib.

Bu hadisədən sonra 23 yaşlı Mirməhəmməd İsmayılova da avtoxuliqanlığa görə 1 ay inzibati həbs verilib.

Ana səhifəXəbərlərƏli Həsənovun nəvəsi hökmdən apelyasiya şikayəti verib