“Uşaqlarını zülmlə böyütdü, 10-11 yaşına çatdırdı, heç nə, bir gecənin içində yanıb yoxa çıxdı. Qardaşım bazarda işləyirdi. Əlinin qanı tökülə-tökülə uşaq saxlayırdı”- Könül Babaşova danışır.
Qadın yanğında vəfat edən Babaşov Seymur, Cəvahir dedikcə, oğlu “o, mənim dayım idi” – deyir.
Ötən il 29 noyabrda Nizami rayonu Elşən Süleymanov küçəsində yanğın baş verdi. Gecə saatlarında yarımçıq tikilidə başlayan yanğın bir ailənin 4 üzvünü həyatdan qopardı. O gündən bu günə sakinlər səksəkədə yaşayır. Gecələr növbə ilə yatıb bir-birinin həyatına keşik çəkirlər. 21 köçkün ailəsi hər gecə başlayacaq yeni bir yanğından çəkinirlər.
“Əli Həsənovun özün gətirdim saldım evə, dedim burada insan yaşayar?! Dedi, burada insan yaşamaz. Bəs niyə məni burada qoyub, getdin? Dedin ki, burada insan yaşamaz, səni yerləşdirəcəm. Niyə yerləşdirmədin?”- Ramilə İbişova soruşur.
“Bizə söz verdi, gəlib dalınca düşmədi. İnanırsınız, bizə dedilər ki, gedin harada istəyirsiniz kirayə ev tutun, əşyalarınızı ora köçürün, bizə arxayın olun. Çoxumuz gedib ev tutduq, çoxunun əşyaları evindən çıxdı…Hələ indiyə qədər bir insan gəlib deməyib ki, mən bu sözü demişəm, amma 1 həftə, 10 gün, bir ay işimiz ləngiyib”- Qubadlı rayonundan məcburi köçkün olan Xatirə Allahverdiyeva deyir.
Binada qaz yoxdur deyə sakinlər işıqdan istifadə edirlər. Yanğındansonradanaqillərdə qısaqapanmalarbaş verir.
Etibar Nəbiyev deyir ki ; “Bunu dəfələrlə bizim başbilənlərimiz görüb. Fakt budur ki, 3 gün bundan qabaq naqillər yanırdı, söndürmüşük. Otuz dəfə, qırx dəfə zəng vurmuşuq bir nəfər gəlib demir ki, niyə yanır?! İkinci bir hadisəni gözləyirlər ki, bir ailə də yanıb, burada batsın, rəhmətə getsin, ondan sonra bunlar ayılsınlar?! Deyir, o yetimə can-can deyən çox olur, amma çörək verən az. Əli Həsənov gəldi, icra hakimiyyəti gəldi, Fövqəladə Hallar Nazirliyi gəldi. Hamısı da quru sözü verdilər, bir dənə də iş görmədilər. Budur, “iş” göz qabağında”.
“Cənab prezident, o gün fərman verdi ki, heç bir məmur vətəndaşı incitməsin. Vətəndaşla adam kimi rəftar eləsin. Camaatla belə rəftar edirlər. Heç bir məmur vətəndaşı it yerinə saymır, Allaha and olsun. Prezident deyir, məmurlar vətəndaşla yaxşı rəftar eləsin, onlar orada tərsinə iş görür. Bir həftədir zəng eləmişəm, gəlib naqilləri düzəltmirlər”-sakin bildirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib ki, o ərazini alan özəl şirkət hündürmərtəbəli binalar tikdikdən sonra köçkünləri ora köçürəcək. Amma o, şirkətin adını bilmədiyini deyir. Layihənin nə vaxt gerçəkləşəcəyi haqda da məlumatı yoxdur.
“Onların bütün layihə işləri hazırdır. Layihə sənədləri hazırlanıb bitib. Orada yaşayan sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcək. Hündürmərtəbəli binalar tikiləndən sonra ailələr həmin binada evlərlə təmin ediləcək. Ərazidə iş aparan özəl şirkət tərəfindən o işlər aparılacaq. Bu da pilot layihələrdən biri kimi həyata keçiriləcək. Biz də sakinlər haqqında məlumatı onlara vermişik”.
Könül Babaşova bir vaxtlar qonşuluqda yaşayan qardaşının indi dağılan tifağını hər gün görür. Bu, onu sarsıdır və dərmanlara möhtac edir. “Gözümün qabağında qardaşımın iki uşağı rəhmətə getdi” deyir. Oğlu dikəlir, adlarını sadalayır: Fərhad, Elşad…