Prezident Administrasiyasının yeni strukturu təsdiqləndi
Noyabrın 29-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub.
Məlumatı
president.az
saytı yayıb.
Bildirilib ki, Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb, prezidentin yeni köməkçiləri və administrasiyanın şöbə müdirləri təyin olunub.
Sərəncamda qeyd olunub ki, Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri, Cəmilə Abbasova, Anar Ələkbərov prezidentin köməkçiləri təyin ediliblər.
Altay Həsənov isə Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin edilib:
“Prezidentin köməkçisi Kərəm Həsənov administrasiyanın Dövlət nəzarəti şöbəsinin müdiri, Zeynal Nağdəliyev administrasiyanın Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri, Məhərrəm Əliyev administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Fuad Ələsgərov administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Hikmət Hacıyev administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri, Şahmar Mövsümov administrasiyanın İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri, Natiq Əmirov administrasiyanın İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Azər Qasımov prezidentin mətbuat katibi, Elçin Bağırov prezidentin Protokol xidmətinin rəisi, Tələt Məcidov Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri, Yusif Məmmədəliyev Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Fərəh Əliyeva Humanitar siyasət, diaspora, multukulturalizm və dini məsələlər şöbəsinin müdiri, Şahin Əliyev Hüquqi ekspertiza şöbəsinin müdiri, Ədalət Vəliyev Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, Süleyman İsmayılov Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Oqtay Şahbazov Prezidentin İşlər müdiri təyin olunublar”.
Siyahıda 2015-ci ildən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi və şöbə müdiri Əli Həsənov adı yoxdur.
Prezidentin sərəncamı
ilə o, tutduğu vəzifədən azad olunub.
Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub.