Əli Həsənov Vaşinqtonla münasibətlərdə gərginlik müşahidə etməyib

“Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır. Onlar Amerika mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər”

Source:

“Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır. Onlar Amerika mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər”

Azərbaycanla ABŞ arasında münasibətlərdə gərginlik yoxdur. Bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov jurnalistlərlə söhbətində bildirib.

“Biz Amerika ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik. Ayrı-ayrı ekspertlər, ayrı-ayrı hüquq müdafiə, mühafizə təşkilatları və yaxud ayrı-ayrı siyasət formalaşdıran mərkəzlər nələrsə müşahidə edə bilərlər”, – deyə o qeyd edib.

“Amma Azərbaycanla-Amerika arasındakı münasibətlər həm beynəlxalq sülhyaratma proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, həm beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat-kommunikasiya xətlərinin birgə formalaşması, istismarı və digər istiqamətlərdə inkişaf edir”, – Ə.Həsənov bildirib.

“Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır. Onlar Amerika mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər. Bu neqativ yazıların hazırlanması və formalaşdırılması da bir qayda olaraq real gerçəkliyi deyil, bu münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri nəticəsində həyata keçirilir. Biz bunların qarşısını almağa çalışırıq və düşünürük kü, ABŞ hökuməti də buna çalışır”, – o vurğulayıb.

ABŞ Konqresində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair bugünkü dinləmələr barədə sualın cavabında Ə.Həsənov deyib: “Bunlar normaldır. Bizim parlament də Amerikadakı proseslərlə bağlı dinləmələr keçirir. QHT-lər də dinləmələr keçirir. Lazım olsa biz də hökumət olaraq keçirə bilərik. Demokratik, siyasi-plüralistik normaların hökm sürdüyü  dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. ABŞ-da, qoy, Azərbaycan həyatını olduğu kimi təhlil etsinlər, münasibət bildirsinlər. Biz də olduğu kimi Amerika cəmiyyətində baş verən prosesləri təhlil edib münasibət bildiririk. Sadəcə, belə müzakirələri keçirməyin bir  prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı real vəziyyəti doğrudan bilən insanları dəvət etmək lazımdır. Müzakirələri  birtərəfli yox, neytral aparmaq lazımdır”.

Qərbyönlü QHT-lərə təzyiqlərin səbəbləri barədə sualın cavabında şöbə müdiri deyib ki, hökumət QHT-ləri qərbyönlü, şərqyönlü olmalarına görə təsnif etmir.

“Azərbaycanda qeydiyyatdan keçmiş rəsmi QHT-lər və qeydiyyatdan keçməmiş qeyri-qanuni fəaliyyət göstərən QHT-lər var. Şəffaf fəaliyyət göstərən QHT-lər var, qeyri-şəffaf fəaliyyət göstərən QHT-lər var. Fəaliyyət prinsiplərində “QHT haqqında” qanunu rəhbər tutan  QHT-lər var,  sifarişlə işləyən QHT-lər var. Biz istəyirik ki, Azərbaycanda hər bir təşkilatın fəaliyyəti şəffaf olsun”, – o bildirib.

“Hakimiyyət və partiya nümayəndələrinin növbəti göürüşünə Demokratik Qüvvələrin Milli Şurası da dəvət olunacaqmı” sualının cavabında Ə.Həsənov deyib: “Biz şura dəvət etmirik. Biz siyasi partiyaları  dəvət edirik. Qapı onların üzünə açıqdır”.

Ana səhifəXəbərlərƏli Həsənov Vaşinqtonla münasibətlərdə gərginlik müşahidə etməyib