Jurnalist Azər Kazımzadə prezidentə müraciət etdi
Mühacirətdə yaşayan jurnalist Azər Kazımzadə prezident İlham Əliyevə müraciət edib.
Azər Kazımzadə prezidentin köməkçisi Əli Həsənovdan şikayətçidir.
“Müraciətimin səbəbi İctimai-siyasi məsələlər üzrə köməkçiniz Əli Həsənovun siyasi mübarizəni bilərəkdən söyüş səviyyəsinə endirməsidir. Əgər yoxlama aparsanız, görəcəksiniz ki, bu il köməkçinizin nəzarətində olan saytlar, sosial şəbəkələrdəki səhifələr üzərindən ölkənin ictimai-siyasi insanlarına, jurnalistlərinə, hüquq müdafiəçilərinə və xaricdəki fəallarına qarşı dayanmadan alçaldıcı yazılar dərc edilir. Əli Həsənov və digər rəsmi şəxslər daim söyüşə məruz qaldıqlarını bildirir. Axı necə ola bilər ki, adını sadaladığım insanların hamısı söyüş söysün? Əminliklə deyirəm ki, burada məqsəd tamamilə başqadır. Misal olaraq bu günə qədər fəal şəkildə izlədiyim vəkil Aslan İsmayilovun, AXCP sədri Əli Kərimlinin, jurnalist Sevinc Osmanqızının bircə yazısında və yaxud da çıxışında hər hansı qeyri-etik ifadəyə rast gəlmək qətiyyən mümkün deyil. Belə olan halda nəyə görə sizin köməkçinizin nəzarətində olan saytlar hər gün demək olar ki, ən ağır ifadələrlə bu insanları təhqir edir?”- deyə jurnalist yazır.
Jurnalist xatırladıb ki, 2018-ci ildə xaricdə yaşayan hüquqşünas Vidadi İsgəndərlinin atasının məzarı ən ağır formada təhqir edilərək video formatda sosial şəbəkələr üzərindən paylaşım olunub:
“Bugünə qədər Vidadi İsgəndərli ilə bircə dəfə Obyektiv Tv-də işlədiyim zaman məhz bu hadisəyə görə müsahibəm olub. Əgər “Facebook” səhifəmi yoxlasanız, görəcəksiniz ki, apardığınız siyasəti kəskin şəkildə tənqid etməyimə rəğmən, Vidadi İsgəndərlinin qeyri-etik ifadələrinə qarşı çıxmışam. Mən şəxsim olaraq siyasi mübarizənin söyüş və təhqir formasına endirilməsinə daima qarşıyam. Oktyabr ayında Dövlət Təhlükəsizlik Xidməti və Göyçay Rayon Polis İdarəsi birgə Göyçay rayonunda əməliyyat keçirir və həmin hərəkəti edən iki nəfər saxlanılsa, 48 saat keçməmiş dərhal sərbəst buraxılırlar. Həbs olunan şəxslərin isə sizin köməkçiniz Əli Həsənovun aylıq maliyyə ayırdığı və ona məxsus olan BMM-də ofis verdiyi “sfera.az” adlı saytı və “Facebook” sosial şəbəkəsində bir neçə səhifəsinin admini Emil Məmmədovun dayısı uşaqlarının olduğu deyilir. Bunu Emil Məmmədov özü də etiraf edib və demək olar ki, Bakıda çoxu bu oldaydan xəbərdardır. Niyə bu adamların saxlanılması barədə ictimaiyyətə məlumat verilmədi? Bundan sonra bu adamlara niyə maliyyə dəstəyi və ofis verildi?”
Azər Kazımzadə iddia edir ki, Əli Həsənovun bu qəbuledilməz addımı atmaqda məqsədi birbaşa prezidenti və ailə üzvlərini söyüş hədəfinə gətirməkdir:
“Çox təəssüf ki, Həsənov buna nail ola bildi. Bunun fonunda heç bir qeyri-etik ifadə işlətməyən insanları da bu kampaniyaya qoşaraq öz nəzarətində olan saytları və “Xəzər” televiziyası vasitəsilə xalqa söyüş maşını kimi çatdırmağa çalışmaqla bərabər ən ağır formada təhqir elətdirərək, daha da məsələni böyütdü. İndi haqlı olaraq sual yaranır ki, hüquq muhafizə orqanları bu qəbul olunmaz hərəkəti edənləri niyə sərbəst buraxdı? Bu məsələni ictimailəşdirəndən və öz rəsmi “Facebook”da Əli Həsənova suallar ünvanlayandan 24 saat keçməmiş Əli Həsənov mənə qarşı böhtan və təhdid dolu bir yazısında rəsmi cavab verdi. Yazıda haqlı suallarıma cavab vermək əvəzinə məni Ermənistan xususi xidmət orqanlarına işləməkdə, onlardan maliyyə alaraq Əli Həsənova böhtan atmaqda və ən əsası etnik kimliyim, yəni talış olduğum üçün mənə separatçı damğası vurdu. Mən bu günə qədər Azərbaycan dövlətinin mənafeyinə zidd olacaq hər hansı bir addım atmadım və heç vaxt hər hansı bir ölkənin xususi xidmət orqanları ilə heç bir əlaqədə və yaxudda iş birliyində olmadım. Özüm hərbi xidmətimi məhz cəbhə bölgəsində etmişəm. İndi sual edirəm: niyə Əli Həsənov ölkədə söyüş aparatı ilə bərabər etnik məsələni bilərəkdən qızışdırmaqda məqsədlidir? Axı siz demirsiniz ki, Azərbaycan tolerant ölkədir? Artıq bunu araşdırmaq və Azərbaycan xalqının milli mənəvi dəyərlərinə daban-dabana zidd olan o qəbul olunmaz hərəkətin niyə Əli Həsənov tərəfindən verildiyini öyrənmək sizin işinizdir”.
Jurnalist sonda prezidentə xitabən bildirib ki, Əli Həsənov barədə tədbir görülməzsə, onunla eyni mövqe və cəbhədə dayanmış olursunuz.
Prezidentin köməkçisi Əli Həsənov dekabrın 18-də yaydığı müraciətdə bildirib ki, bu tipli mübarizə nə onun rəsmi statusuna, nə mənəvi-əxlaqi keyfiyyətlərinə, nə psixi-əqli durumuna uyğun deyil.
Əli Həsənov hesab edir ki, özünü “hüquq müdafiəçisi” adlandıran və hər açıqlaması ilə mənəvi-əxlaqi durumunun son dərəcədə acınacaqlı olduğunu nümayiş etdirən Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı baş vermiş hadisənin hakimiyyətlə və onunla bağlamaq cəhdləri növbəti ucuz şoudur:
“Şübhəsiz, bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd, bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır”.
Əli Həsənov Azər Kazımzadənin də adını çəkib:
“Azər Kazımzadə adlı şəxs xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu səpməyə çalışaraq Azərbaycan dövlətçiliyinə və milli birliyimizə həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən Əlikram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Abbaszadələrin dəyirmanına su tökənlərdən biridir. Onun və digər bu kimi ünsürlərin milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam itirdiyinə heç bir şübhəm yoxdur. İşğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllallarına Azərbaycan cəmiyyətinin münasibəti barədə yazmağı isə artıq hesab edirəm. Əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma, dövlətimə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri qanun qarşısında cavab verməlidirlər”.