Əli Həsənov: Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir

”Referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır”

Source:


”Referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır”

“Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb”.

Bunu jurnalistlərə açıqlamasında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O vurğulayıb ki, dövlət başçısı İlham Əliyev 2016-nı ölkədə islahatlar ili elan edib: “İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan post-neft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda post-neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır”.

Ə.Həsənov qeyd edib ki, referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır: “Çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post-neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bunun nəticəsində də Azərbaycan xalqının firəvan həyatını təmin edək”.

İyulun 18-də prezident tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentləri postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Ana səhifəXəbərlərƏli Həsənov: Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir