”Əli Həsənov övladına, nəvəsinə rəhbərlik edə bilmirsə…”

Deputat: “Məmurun ailəsi də, övladları da, nəvəsi də nümunəvi olmalıdır”

Source:
Rafiq Məmmədhəsənov
Rafiq Məmmədhəsənov


Deputat: “Məmurun ailəsi də, övladları da, nəvəsi də nümunəvi olmalıdır”

“Məmur öz övladına nəzarət edə bilmirsə, o nə məmurdur? O boyda camaatı necə idarə edəcək?”, – hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Rafiq Məmmədhəsənov AzadlıqRadiosuna belə deyib.

Deputat baş nazirin müavini, Qaçqın və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəzadan danışarkən məmur yaxınlarının özbaşınalığını pisləyib.

Rafiq Məmmədhəsənov deyir ki, məmurun ailəsi də, övladları da, nəvəsi də nümunəvi olmalıdır.

“Əli Həsənov öz evinə, övladına, nəvəsinə rəhbərlik edə bilmirsə, bu nə bacarır?..”, – deyə deputat sual edir.

Onun həmkarı Elman Məmmədov isə fərqli düşünür.

Deyir, məmur, yaxud adi vətəndaş övladı olsun, fərqi yoxdur, düzgün tərbiyə olunmalıdır ki, bu cür hadisələrə yol verməsinlər. Xüsusilə də məmur oldu-olmadı, imkanlı insanların övladları:

“Belə deyək, heç məmur deyil, iş adamıdır, Allah özünə qismət etsin, müxtəlif yollarla sərvət qazanıb, pul qazanıbsa, imkanı varsa, bu o demək deyil ki, övladın istədiyi hərəkəti edə, istədiyi vaxt qanun poza bilər. Xeyr! Belə şeylər heç vaxt cəzasız buraxılmır.

İctimaiyyət, cəmiyyət bu hadisələri çox ciddi izləyir. Məncə, bundan hamı ibrət götürməlidir. Bunlar yolverilməz hallardır. Kimliyindən asılı olmadan qanunu pozubsa, cəzasını almalıdır, vəssalam”.

Elman Məmmədov
Elman Məmmədov

Elman Məmmədov hesab etmir ki, Əli Həsənov olayla bağlı açıqlaması ilə məsuliyyətdən yayınır:

“Əli Həsənov cəmiyyətdə, ölkədə nüfuzuyla, hörmətiylə, etik davranış qaydalarına əməl etməsiylə tanınan, fərqlənən insandır. Şəxsən mənim Əli müəllimə çox böyük hörmətim var, çünki onu uzun illərdir tanıyıram. Əli müəllimin qanunçuluğa ciddi riayət etdiyinin şahid olmuşam. Təbii, o istəməzdi ki, nəvəsinin adı belə hallana və həmin hərəkəti törədə. O, dövlət adamıdır, baş nazirin müavinidir, “Qaçqınkom”un sədridir, partiyamızın sədr müavindir. Əlbəttə, bu hal arzuolunmazdır. Bəli, Əli müəllim nəvəsinin törətdiyi hadisəyə görə məsuliyyət daşımır, daşıya da bilməz. Mən də babayam. Doğrudur, biz evimizdə nəvələrimizə nəsihət veririk, öyüd veririk. Ancaq bir baba kimi mən bütün nəvələrimin arxasınca düşüb izləyə bilmərəm ki, görüm neylədi, hara getdi, haradan gəldi. Eləcə də Əli müəllim işini-gücünü buraxıb nəvəsini izləməyəcəkdi ki, görsün nəvəsi maşını nə vaxt hara sürəcək, necə sürəcək. Məncə, bu məsələdə hadisəni törədənin özü məsuliyyət daşıyır, özü cavabdehdir. Babası gedib onun yerinə cavab verməyəcək ki”.

“Məmur övladlarının son hərəkətləri komandanın nəzarətdən çıxması, rəhbərin sözünün nəzərə alınmaması deyilmi?” – sualına deputatın reaksiyası belə olub:

“Komanda prezidentimiz tərəfindən tam yüksək şəkildə idarə olunur. Cənab prezident hər dəfə bu mövzuya toxunanda xəbərdarlıq edir ki, heç kimin xüsusi imtiyazı yoxdur. Qanun qarşısında hamı bərabərdir, qanunu pozubsa, cavab verəcək, cəzasını alacaq. Heç bir imtiyaz və ayrıseçkilik də yoxdur. Baxın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucov vəzifəsindən azad olundu. Onun yalnız övladı yox, özü də cəzalandı. Bunlar hamısı ibrət olmalıdır və nəticə çıxarmalıdırlar. Ağlı, tərbiyəsi yerində olanlar bundan nəticə çıxarır. Tərbiyəsində kəm-kəsir olanlar da başı daşa dəyənə qədər başa düşmür, qanmır”.

Ana səhifəXəbərlər”Əli Həsənov övladına, nəvəsinə rəhbərlik edə bilmirsə…”