Əli Həsənov: Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur

''Heç bir Sumqayıt sakini mənim ünvanıma söz deməz''

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verib.

Əli Həsənov nəvəsi barədə yazılanların həqiqətə uyğun olmadığını qeyd edərək etirazını bildirib.

Məlumatı “Modern.az” yayıb

Əli Həsənov iddia edib ki, mətbuatda göstərilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl – 2016-cı ilin oktyabrın 11-də torpaq sahəsi ayrılıb:

“Ayrılan yer asfalt örtükdür və həmin yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda, saytlarda yerləşdirilən videoda göstərdikləri yerin həmin ayrılan torpağa aidiyyəti yoxdur. Bu da növbəti təxribatdır. Bu barədə mətbuata danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz. Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram”.

Əli Həsənov deyib ki, 9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə onu şantaj edirlər:

“Onlar mənə bəllidir, sifariş verənlər də, idarə edənlər də”.

“50 ildir bu dövlətə xidmət edirəm. Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm. Görünür, əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar. Məsəl var:

“Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”, - Əli Həsənov belə deyib.

Onun fikrincə, bəzi insanlarda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir:

“Bizdə az da olsa belə insanlar var. Bir daha deyirəm. Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır”.

Əli Həsənovun nəvəsinin Sumqayıtda yaşıllıq sahəsini məhv edib ağacları kəsdiyi haqda məqaləni “Yeni Müsavat” qəzeti və ona istinadən bəzi saytlar yazmışdı.
Ötən il avqustun 3-də Əli Həsənpvun nəvəsi Nail Allahverdiyev Bakıda “Gelandawagen” markalı avtomobillə qəza törədib, nəticədə iki nəfər ölüb, iki nəfər ağır bədən xəsarəti alıb.

Dekabrın 18-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi Nail Allahverdiyevə hökm oxuyub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p2epiy

Ən çox baxılan