Əli Həsənov: Mane olmasalar, bir ayın içərisində torpaqları azad etmək gücündəyik

Rauf Mirqədirov: ”Hər hansı bəyanatda mümkün qədər ehtiyatlı olmaq vacibdir”

Source:
Əli Həsənov foto Azərtac
Əli Həsənov foto Azərtac


Rauf Mirqədirov: ”Hər hansı bəyanatda mümkün qədər ehtiyatlı olmaq vacibdir”

Prezidentin köməkçisi Əli Həsənov Hollandiyanın Amsterdam şəhərində Ermənistan-Azərbaycan münaqişəsi barədə maraq doğuran

açıqlama

verib.

Əli Həsənov deyib ki, təhlükəsizlik Azərbaycanın dövlət siyasətinin sahəsini təşkil edir:

“Biz hər il dövlət büdcəsindən aşağı-yuxarı, təxminən 3-4 milyard dollar arası vəsait xərcləyib Azərbaycanın təhlükəsizlik maraqlarını təmin edirik. Bu dəqiqə Azərbaycan ordusu bölgənin ən texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab olunur. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir”.

O bəyan edib ki, bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə, bir həftənin, bir ayın içərisində torpaqları azad etmək gücündəyik.

“İnanın, buna həm ordumuzun milli iradəsi çatır, həm Azərbaycan cəmiyyətinin vətənpərvərlik hissi. Həm də bütövlükdə texniki-hərbi hazırlığımız o səviyyədədir ki, bir ayın içərisində biz Ermənistanın bütün ərazisini götürə bilərik. Amma biz militarist siyasət yürütmürük, yalnız öz torpaqlarımızı geri istəyirik. Biz qaçqın, köçkün vəziyyətinə gəlmiş 1 milyondan artıq soydaşımızı öz doğma yurd-yuvalarına qaytarıb, bu əraziləri bərpa etmək istəyirik. Gördüz, Cocuq Mərcanlı necə bərpa edildi, necə qısa müddətdə Azərbaycanın müasir kənd simvoluna çevrildi”.

Prezidentin köməkçisinin açıqlamasını Meydan TV-yə şərh edən Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov bildirib ki, Əli Həsənovun çıxışının ikinci hissəsi ilə razılaşmaq olar, yəni Azərbaycana mane olmasalar, ölkənin mövcud resursları ilə işğal altındakı əraziləri azad etmək mümkündür. Ancaq bu resurslardan səmərəli istifadə edib-edilməməsi ikinci dərəcəli məsələdir. Söhbət Azərbaycanın maliyyə, təbii, hərbi, insan resurslarından gedir ki, bu, kifayət qədər kafidir:

“Lakin Əli Həsənov çox vacib bir ifadə işlədir, o, “əgər bizə mane olmasalar” deyir. Bax, həlledici məqamı o deyib, yəni hakimiyyət və cəmiyyət əraziləri işğalçılardan təmizləməyə hazırdır, amma müəyyənləşdirici amil odur ki, bizə bunu həyata keçirməyə imkan versələr. Bu hissədə ikinci sual meydana gəlir, kim mane olur, yaxud imkan vermir?”

O qeyd edib ki, Əli Həsənov çıxışının davamında bir sıra iradlarını Qərbə ünvanlayır.

“Məsələ ondadır ki, prezidentin köməkçisi bu bəyanatı Qərb ölkələrinin birində və Avropa diasporası qarşısında səsləndirir. Ancaq Qərbin Dağlıq Qarabağ problemi ilə bağlı hərbi-siyasi baxımdan ciddi təsir imkanları yoxdur. Azərbaycan ərazilərini işğaldan azad edərsə, Qərb heç cür hərbi-siyasi dəstək verə bilməyəcək”.

O deyib ki, qonşularımıza baxsaq, İran, Rusiya və Ermənistan, ilk iki dövlət problemin həllinə mane olur, yəni üçüncüyə dəstək verir.

“İran Ermənistana açıq dəstək vermir, çünki yaratdığı islam həmrəyliyi imicinə ziyan vurur. Regionda əsas hərbi-siyasi təmsilçiliyə Rusiya malikdir və münaqişənin gedişində iştirakı kifayət qədər güclü olub. 1991-ci ildə SSRİ-nin saxlanılması referendumunu xatırlayın. Ermənistan nəyə görə cəzalandırldı, imperiyanın tərkibində qalmağın əleyhinə səs verdiyi üçün. Sonradan Moskva Ermənistana dəstək verdi, Xocalı faciəsində bu ölkənin iştirakı şəksizdir. Ona görə Əli Həsənov “A” deyəndə, gərək “B”-ni də deyərdi, açıq şəkildə Rusiyanın adını çəkmək lazımdır”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov Əli Həsənovun “bir ayın içərisində biz Ermənistanın bütün ərazisini götürə bilərik” açıqlamasını isə çıxış etdiyi auditoriya üçün səsləndirdiyini düşünür:

“Bəlkə də əhval-ruhiyyənin qaldırmaq istəyib. Düzdür, Əli Həsənov sonra ardını gətirərək deyib ki, biz militarist siyasət yeritmirik. Amma rəsmi şəxslər bu cür məkanlarda çıxış edərkən ehtiyatlı olmalıdır. Çünki açıqlamaların ictimai düşüncədə hansı təsəvvürlərin yarada biləcəyi sual doğurur. Bəlkə həmin çıxışı hansısa media orqanı kontekstdən çıxarıb yaydı, o zaman necə olacaq?! Avropada insanlar münaqişələrin tarixini araşdırmağa meylli deyillər, informasiyanı elektron KİV-dən və qəzetlərdən alırlar və onlarda təsəvvürü ilkin məlumat yaradır. Ona görə hər hansı bəyanatda mümkün qədər ehtiyatlı olmaq vacibdir”.

Ana səhifəXəbərlərƏli Həsənov: Mane olmasalar, bir ayın içərisində torpaqları azad etmək gücündəyik