Sifarişi yerinə yetirməzdən, daha doğrusu “analitik” məqalə yazmazdan əvvəl uğursuz jurnalistlərə mövzunu daha yaxşı araşdırmağı, məlumatları Vikipediyadan götürməməyi və ya ən azından iki fotoşəkli müqayisə etməyi tövsiyə edirik
Azərbaycan rəsmiləri, xüsusən Əli Həsənov müntəzəm olaraq Azərbaycan jurnalistlərinin səviyyəsinin həddindən artıq aşağı olmasından, onların etika normalarına riayət etməməsindən, özlərindən tarix uydurmasından və ümumiyyətlə qeyri-peşəkarlıqdan əziyyət çəkməsindən gileylənir.
Bu iddialar çox vaxt jurnalistlərin etirazına səbəb olur, onlar bunun əksini iddia edirlər. Amma etiraf etmək lazımdır ki, bəzən hakimiyyət və şəxsən Əli Həsənov həqiqəti söyləyir.
Məsələn, Trend agentliyinin 28 oktyabr tarixli məqaləsi. Bu materialı dərc etmiş müəllifin və redaktorun adını açıqlamayacağıq.
“Seçkiər” adlı bir media mərkəzinə istinadla məqalədə deyilir ki, ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İsabel Santos Anqolanın ikinci prezidenti Eduardu Duş Santuşun qızıdır və Bakıda anadan olub.
Daha sonra material müəllifləri bildirirlər ki, İzabel Santos Anqolanın mobil operatoru olan “Unitel” şirkətində 25 faiz paya sahibdir ki, bu da bir milyard dollara bərabərdir. Bundan başqa, bu biznes-ledi Anqolanın BİC bankından, ZON Multimedia kabel televiziyası operatorundan, habelə Bako BPİ-dən müəyyən gəlirlər əldə edir, deyə Trend-in məqaləsində bildirilir.
Daha sonra vaxtilə İsabel Santosun Londonda milyoner Sindik Dokolonun oğlu ilə tanış olduğu haqqında “intim” təfərrüat gəlir. 2002-ci ilin dekabrında onlar ailə qurublar. Toylarına sərf olunmuş məbləğ dörd milyon dollar təşkil edib, toyda 800 qonaq arasında bir neçə Afrika ölkələrinin prezidentləri də olub.
Uğursuz pinkertonlar bununla da kifayətlənməyib bildirirlər ki, İsabel Santosun gecə klubları və restoranlar şəbəkəsi, digər biznes şəbəkələri var. Son 20 ildə o, öz biznes maraqlarını genişləndirməklə məşğuldur, xüsusən Anqolada.
Daha sonra İzabel Santosun Anqolaya öz gəlirinin mənbəyi kimi baxdığı, bu ölkə xalqının yoxsulluq və diktatura rejimində yaşadığını görmədiyi haqqında ittihamlar gəlir.
Məhz buna görə bu qadın “açıq-aşkar Azərbaycanın dövlət maraqlarına qarşı çıxan Leyla və Arif Yunusu və onlar kimi digər şəxsləri müdafiə edir. Vaxtaşırı o, ölkəmizin maraqları ilə bağlı qərəzli fikirlər səsləndirib”, deyə məqalədə qeyd edilir.
Nəhayət, hökumətyönlü agentlikdəki həmkarlarımızın daha bir “kəşfi” İsabel Santosun ermənilərin maraqlarını dəstəkləməsi, “Santosun erməni lobbisi ilə əməkdaşlığını təsdiq edən növbəti dəlillərin mövcud olmasından” ibarətdir.
Materialda bu dəlillərin nədən ibarət olduğu açıqlanmır, amma Bakıda anadan olmuş Santosun erməni biznesmen Qaust Qulbenkyanın fondu ilə sıx əməkdaşlıq etdiyi və “bu fondun baş ofisinin Santosun yaşadığı Portuqaliyada yerləşməsinin təsadüfi olmadığı” bildirilir.
Materialdakı əsl “bomba” isə “İzabel Santosun Azərbaycanda parlament seçkiləri ərəfəsində öz biznes maraqlarını genişləndirməyə başladığı və Qulbenkyanın fondunun artıq ona öz sifarişlərini verdiyi” haqqında məlumatdır.
Bu materialın ətraflı olaraq anlatılması cənab Əli Həsənovun jurnalistlərin qeyri-peşəkarlığı haqqında danışarkən nə qədər haqlı olduğunu göstərmək üçün vacibdir.
Və burada məsələ ATƏT PA Komitəsi rəhbərinin “zərərverici fəaliyyəti” haqqında qiymətləndirmələrdə deyil, onun Anqolanın ikinci prezidentinin qızı olmamasındadır.
İzabel Duş Santuş – Anqola sahibkarı, milyarder, prezident Joze Eduardu duş Santuşun böyük qızı və ATƏT PA Komitəsinin sədri İsabel Santos iki ayrı insandır!
Birinci şəxs həqiqətən Bakıda dünyaya gəlib və biznes-ledi, Afrikanın ən zəngin qadınıdır.
İkinci – Portuqaliyadalı siyasətçidir (Anqolada da portuqal dilindən istifadə olunur, adlardakı bənzərlik də bundan irəli gəlir).
Santos dəfələrlə bu ölkənin parlamentinin deputatı olub, digər dövlət vəzifələrini tutub və 2009-cu ildən ATƏT PA sistemində işləyir.
Buna görə sifarişi yerinə yetirməzdən, daha doğrusu “analitik” məqalə yazmazdan əvvəl uğursuz jurnalistlərə mövzunu daha yaxşı araşdırmağı, məlumatları Vikipediyadan götürməməyi və ya ən azından iki fotoşəkli müqayisə etməyi tövsiyə edirik.
contact.az