”Əli Həsənov gəldi, amma çıxıb yuxarı baxmadı”

Novxanıda yerləşən “Şəfəq” düşərgəsi artıq 25 ildir ki, məcburi köçkünlərin yaşayış yeridir. Sakinlər deyir ki, məskunlaşdıqları bina qəzalıdır. Elə bu səbəbdən binaya qaz və su xətləri çəkilməyib. Kanalizasiya boruları isə zirzəmiyə axır.

“Belə yerdə yaşayıram. Özüm də xəstə düşmüşəm. Nəmişlikdən bütün bədənim quruyub. Altdan siçanlar daraşıb bizi yeyir. Evin içinə girməyə qorxuruq. 10 tamamdan işığımızı söndürürlər, axşam saat 6-ya qədər qaranlıqda qalırıq. Nə çay qoya, nə yemək hazırlaya bilirik”- məcburi köçkün gileylənir.

Başqası iş-gücün yoxluğundan gileylidir:

“Burada vəziyyət çox pisdir. İş yox, güc yox. Qoca adamlarıq, xəstələnirik. Evlərimiz bu abırda, şəraitimiz budur”.

“Sadəcə o damcını kəsməyə bizdə imkan yoxdur ki, onun üstünü döşəyək. Buraya Əli Həsənov gəlmişdi, amma daha çıxıb bu divarlara baxmadı”- sakin deyir.

– Bizə bir əncam çəkilsin. Səlahiyyəti olan şəxslərdən xahiş edirik ki, bizi buradan çıxarsın. Bizim vəziyyətimiz dözülməzdir.

– Kanalizasiya sistemi 25 ildir ki, işləmir. Bütün kanalizasiya suları binanın zirzəmisinə axır. Su vəziyyətimiz gözünüzün qabağında, işıq sistemimiz bərbad.

Sakinlər bildirir ki, uçma təhlükəsi olan bina, həm də təhsil ocağıdır. İnnab Nəcəfova deyir ki, binada iki məktəb yerləşir. Bu isə vəziyyəti daha da ağırlaşdırır:

“Binanın birinci və üçüncü mərtəbəsində insanlar yaşayır. İkinci mərtəbədə isə 300 nəfər heyəti olan Laçın rayon 21 saylı tam orta məktəb yerləşir. Eyni zamanda, binada Laçın rayon Şəlvə kənd Uşaq Musiqi Məktəbi yerləşir. Oranın da 150 nəfərə yaxın heyəti var. Uçmaq təhlükəsi olan bir binada məktəbin yerləşməsi nə deməkdir?”

“Hər yerə şikayət edirik. Əli Həsənovun da yanına getmişik. “Hə, dayanın, siyahıdasınız, sizə şərait yaradılacaq”-deyirlər. Belə sözlərlə bizi aldadırlar. Oturun, tərpənməyin, şikayətə getməyin, onlara ayıbdır. Deyərlər ki, qaçqınlar şikayətə gəlib, bunlar da belə cavab verir: “Hələ növbəniz çatmayıb, növbə çatanda gələcəyik sizi köçürməyə”. Bəlkə mən öləndən sonra gələcək növbə? Mən də istəyirəm şəraiti, qaz, işığı olan yerdə beşcə gün yaşayım” – məcburi köçkün gileylənir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidməti sualları cavablandırmayıb.

Ana səhifəVideo”Əli Həsənov gəldi, amma çıxıb yuxarı baxmadı”