Əli Həsənov: 2015-ci il mətbuat üçün uğurlu il olub

“Azərbaycan heç bir dövlətdən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunub”

Source:

“Azərbaycan heç bir dövlətdən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunub”

 “Jurnalistlərimizi, ilk növbədə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə təbrik edirəm. Gələn il çətin il olacaq, dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir. Ancaq biz bu vəziyyətdən çıxacağıq, vəziyyətdən çıxmaq üçün dövlətin müvafiq konsepsiyası var”.

 APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə keçirdiyi fərdi jurnalist müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimdə Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov deyib.

 Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir: “Azərbaycan mediasının da əzmi imkan verəcək ki, gələcəyə uğurla addımlayaq. Prezidentinin qarşısında Azərbaycan dövlətinin maraqlarının müdafiəsi, faydalı qarşılıqlı əməkdaşlıq dayanır. Media Azərbaycan hakimiyyətinin tərəfdaşı, partnyorudur. Dövlət başçısı da dəfələrlə deyib ki, medianı oxuyur və ona uyğun da idarəçilik qurur. Cəmiyyətinin rəyinin hakimiyyətə çatdırılması mühüm vəzifədir və biz bundan sonra da bundan istifadə edəcəyik. Bizimlə bağlı hansı qərəzli kampaniya aparılır, aparılsın, Azərbaycan heç bir dövlətdən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunub. İstənilən tərəflə bu barədə diskussiya apara bilərik”.

“Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir” – deyən prezident köməkçisinin sözlərinə görə, 2015-ci il Azərbaycan mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub və əlamətdar hadisələrlə yadda qalıb: “Söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-in sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini və auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər. Qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-in müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Lakin KİV də yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidir”.

Prezidentin köməkçisi qeyd edib ki, iyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib. Dövlət başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, KİV-in inkişafına dövlət dəstəyi, mövcud problemlər və  onların həlli  ilə bağlı öz fikirlərini bölüşüb.

 Ə. Həsənov nəzərə çatdırıb ki, KİV əməkdaşları noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11-i Milli Məclisin deputatı seçilib.

Əli Həsənov vurğulayıb ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV qeydiyyata götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın dövri mətbu nəşri, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Prezidentinin Administrasiyasına redaksiyalardan və jurnalist təşkilatlarından KİV əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-ə yaxın təqdimat daxil olub, dövlət başçısının 15 iyul 2015-ci il tarixli sərəncamlarına əsasən Azərbaycan Milli Mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları və fəxri adlar verilib. Eyni zamanda KİVDF kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat günü və Yenil illə əlaqədar 3, habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq görülüb: “Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzillik binanın sənədləşdirmə işləri başa çatdırılıb və dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib. Jurnalistlər üçün digər 256 mənzillik binanın tikintisi davam etdirilir və 2016-cı ildə mənzillərin jurnalistlərə verilməsi planlaşdırılır”.

Ana səhifəXəbərlərƏli Həsənov: 2015-ci il mətbuat üçün uğurlu il olub