Baş nazir parlamentdə illik hesabat verdi
Milli Məclisin martın 16-da keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib və iclasa hökumət üzvləri də qatılıb.
Baş nazir bildirib ki, uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial düşmən üzərində qələbəni şərtləndirib və 2020-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqların işğaldan azad edilməsi ilə əlamətdar olub.
O qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi məqsədilı Prezident təqaüdünün məbləği artırılıb:
“44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərin 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib”.
Baş nazirin sözlərinə görə, Azərbaycanın hərbi potensialı və müdafiə qabiliyyət gücləndirilib:
“Alınmış hərbi texnikalar Vətən müharibəsində uğurla sınaqdan çıxıb və özünü doğruldub. Qoşunların ən müasir silah sistemləri və hərbi texnika ilə təmin edilməsi üzrə zəruri işlər davam etdirilir və etdiriləcək”.
“
Azərbaycan koronavirusla əlaqədar səhiyyə xərclərinə 644 milyon manat yönəldib”
Ötən il il pandemiya ilə mübarizə və onların aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirildiyini deyən Ə.Əsədov qeyd edib ki, qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılıb, il ərzində xarici ölkələrdən tibbi personallar dəvət edilib:
“Ölkə başçısının sərəncamı ilə koronovirusla mübarizə üçün xüsusi fonda yaradılıb, fonda indiyədək 114 milyon manatdan artıq vəsait yığılıb. Artıq peyvəndlər alınıb və ölkəmizə gətrilib. Bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub. 2020-ci ildə Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar səhiyyə xərclərinə 644 milyon manat yönəldib.
Baş nazir vurğulayıb ki, beynəlxalq konyukturanın əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, ölkənin strateji valyuta ehtiyatları hesabat ilində nəinki azalmayıb, əksinə 0,2% (99,2 mln. ABŞ dolları) artaraq 51,2 mlrd. ABŞ dolları (Maliyyə Nazirliyinin xarici valyutada xəzinə hesabındakı vəsait nəzərə alınmaqla) təşkil etməklə ÜDM-i üstələyib.
“Bağlanan bankların əmanətçisinə 628 milyon manat məbləğində kompensasiya ödənilib”
Bank sektoruna toxunan Ə.Əsədovun sözlərinə görə, ötən il bağlanan 4 bankın 24 mindən artıq əmənatçisinə 628 milyon manat məbləğində kompensasiya ödənilib
Azərbaycanda yaşa görə pensiyanın məbləğinin 330 manata çatdırıldığını deyən Baş nazir əlavə edib ki, ünvanlı sosial yardımın əhatə dairəsi də genişləndirilib və bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 240 manat olub.
“
Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq”
Əli Əsədov deyib ki, bu il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərəli istifadə olunması üçün nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib:
“Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq, dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək”.
Azərbaycanın 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu deyən Baş nazir bildirib ki,hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir: “Hökumətə 2021-2025-ci illər üzrə sosial strategiyanın hazırlanması ilə bağlı göstərişlər verilib”.
Ə.Əsədov onu da bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı ilkin olaraq dövlət büdcəsində 2,2 milyard manat maliyyə təminatı yaradılıb.
Baş nazir çıxışının sonunda ilaxır çərşənbəsi münasibətilə Azərbaycan xalqını təbrik etdiyini bildirib.
Daha sonra hesabat deputatların müzakirəsinə verilib.