Deputatlar hökumətin hesabatının müzakirəsi zamanı təkliflərlə çıxış ediblər
“Bahalaşma bütün sosial tədbirlərin, maaş artımlarının belini qırır”.
Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deputat Tahir Kərimli belə deyib.
O, hökumətə sual ünvanlayaraq bunun qarşısını almaq üçün hansı planların olduğunu soruşub.
Müzakirələr zamanı bir çox deputat ölkədə bahalaşma və qiymət artımı məsələsini qaldırıb.
Bu fikirlərə münasibət bildirən Baş nazir Əli Əsədov bildirib ki, deputatlar çox düzgün olaraq qiymətlərin bahalaşması məsələsini qaldırıb: “Azərbaycan hökuməti bu məsələni diqqətdə saxlayır. Öz imkanlarımdan istifadə edərək bu məsələ ilə ciddi məşğul olacağam:
“Antiinhisar Komitəsi tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Təbii ki, bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib”.
“Regionlarda sosial iş yerlərinin limitinin artırılmasına ehtiyac var”
Müzakirələr zamanı çıxış edən deputat Əli Məsimli də deyib ki, işsizliyin aradan qaldırılması üçün addımlar atılmalıdır:
“190 manat yardımlar verilən zaman işsizliyin dəqiq statistikası ortaya çıxdı. Regionlarda sosial iş yerlərinin limitinin artırılmasına ehtiyac var”.
O, əlilliklə bağlı məsələyə də toxunub:
“Həqiqətən əlil olan insanların hüquqları tapdalanır. Bu, artıq qazilərə, müharibədə iştirak edən insanlara da çatıb. Bu cür problemlər Konstitusiyanın maddələrinin pozulması deməkdir. Buna son qoyulması üçün əhalinin müxtəlif qruplarından ibarət komissiyalar yaradılmalıdır. Əlilliklə bağlı əhali arasında yaranan ümidsizliyin aradan qaldırılması lazımdır. Düzdür, saxta əlillik dərəcəsi alanların əlilliyi ləğv olunmalıdır. Amma bunu həqiqətən əlil olan insanlara tətbiq etmək olmaz”.
Deputat “Sovetski” sakinləri üçün kompensasiyaların artırılmasını təklif edib
Deputat Elnur Allahverdiyev Yasamal rayonunda “Sovetski” adlanan ərazidən köçürülən insanlarla bağlı müəyyən problemlərin qaldığını deyib. O bildirib ki, ərazidən hələ də köçməmiş bəzi vətəndaşlar verilən kompensasiyanın az olduğunu bildirirlər:
“Onlara verilən kompensasiyanın artırılması mümkündürsə, bunu edərək, problemi kökündən həll etmək mümkündür. Çünki dövlətin siyasətinin əsas prioriteti vətəndaş məmnunluğudur”.
“Bu qədər dövlət şirkətini saxlamağın heç bir əhəmiyyəti yoxdur”
Deputat Qüdrət Həsənquliyev deyib ki, 500 dövlət müəssisəsi hökumətə tələb olunan hesabatı verməyib. O bildirib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi sürətlə həyata keçirilməlidir:
“Ümumilikdə özəlləşdirilən əmlakın dəyəri 61,5 milyon manat olub. Bu qədər dövlət şirkətini saxlamağın heç bir əhəmiyyəti yoxdur”.
Deputat təklif edib ki, iqtisadiyyatı yenidən qurmaq üçün xaricdən mütəxəssislər dəvət etməyə ehtiyac var:
“Bunu hökumət üzvləri etməlidir və utanılası, çəkinəsi heç nə yoxdur. Prezident İlham Əliyevin də tapşırıqları var”.
“Bakı İslam Universitetini bitirənlərin diplomu tanınmır”
Deputat Razi Nurullayev bildirib ki, Təhsil Nazirliyi 2010-cu ilə qədər Bakı İslam Universitetinə qəbul olanların diplomlarını tanımır:
“Bu, sadə məsələ deyil, yüzlərlə gəncin taleyidir. Universitet qanunsuz idisə, vaxtında niyə göz yumulub? Necə olub ki, hər dəfə 5 illik olmaqla iki dəfə lisenziya alıb? Yaxud da qanunsuz idisə, niyə məzunlar ilyarım yox, bir illik hərbi xidmətə çağırılıb? Bu məsələdə ciddi ədalətsizlik, nizamsızlıq və 3550 nəfərin taleyinə biganəlik var. Baş nazirdən bu məsələnin həllinə kömək göstərməyini xahiş edirəm. Azərbaycan gəncliyi bu məşəqqəti yaşamalı deyil”.
“Sabirabad təhsil səviyyəsinə görə ən aşağı nəticə göstərən rayondur”
Deputat Kamal Cəfərov bildirib ki, Sabirabad rayonundan ən çox müraciət işsizlik və özünəməşğulluq proqramı ilə bağlı edilir:
“Davamlı inkişaf üçün və dövlətin ayırdığı milyonlarla vəsaitin, yəni debitin inkişafa və ya nəticəyə dəstək verməsi üçün bu proqramlar mütləq təkmilləşdirilməlidir”.
O, Sabirabad rayonunda Aqrar Universitetin və ya Aqrar Kollecin yaradılmasını təklif edib:
“Sabirabad təhsil səviyyəsinə görə ən aşağı nəticə göstərən rayondur. Rayonda belə bir təhsil müəssisəsi olarsa, həm qonşu rayonlar, həm də Sabirabadda təhsilin səviyyəsi arta bilər. Düzdür, bizə diplomlu işsizlər lazım deyil, ancaq ən azından Sabirabadda müasir aqrar kollec yaradıla, ixtisaslı və peşə hazırlığı olan gənc fermerlər hazırlana bilər”.
Deputat onu da deyib ki, Sabirabad rayonunda 85 təhsil müəssisəsindən 64-nün yenidən qurulmasına ehtiyac var”.
“Seçicilərim Kəlbəcərin bərpa işlərində iştirak etmək istəyirlər”
Deputat Aqil Məmmədov bildirib ki, Kəlbəcər rayonunda da geniş bərpa işlərinə başlanılıb. O, aparılan tikinti-abadlıq işlərində iştirak edəcək dövlət qurumlarından, özəl şirkətlərdən həmin bölgənin insanlarına üstünlük vermələrini xahiş edib.
Deputat təklif edib ki, Kəlbəcərdə dövlət büdcəsi hesabına “İstisu” mineral suları doldurma zavodu tikilsin: “Bu, yeni iş yerinin yaranmasına da imkan yaradacaq”.
Müzakirələrin sonunda Baş nazir Əli Əsədov bildirib ki, deputatların qaldırdığı məsələlər araşdırılacaq və mümkün addımlar atılacaq.
Hesabat səsə qoyularaq təsdiq edilib.