Əli Əhmədov

Mənbə: report.az

Başlıq: Əli Əhmədov

Əli Əhmədov: Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib

“Müxalifətin radikal qanadı düşdüyü siyasi komadan Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır”

“Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir”.

Bu fikri Baş nazirin müavini, hakim partiyanın sədr müavini-icra katibi Əli Əhmədov 15 gündür aclıq aksiyası keçirən müsavatçı, Milli Şuranın üzvü Tofiq Yaqublu haqqında yazıb.

Öz “Facebook” səhifəsində düşüncələrini paylaşan Əli Əhmədov hesab edir ki, müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır:

“Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır”.

Əli Əhmədov bildirib ki, dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir:

“Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır”.

YAP sədrinin müavinin qənaətincə, insanın həyatını siyasətə qurban vermək siyasətin əxlaqi mahiyyətindən məhrum edilməsidir.

Əli Əhmədov Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmünə toxunub:

“Tofiq Yaqublunun hökmdən narazı qalmasına gəlincə, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltmək məqsədilə faydalanmağa çalışırsa. İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq”.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyir. Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir.

Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar. Bir çox avropa ölkəsində, Kanadada və Türkiyədə T.Yaqubluya dəstək aksiyaları keçirilir. 10 günə yaxındır ki, bir qrup ictimai fəal Berlində, Almaniya kansleri Angela Merkelin ofisi önündə çadır quraraq aclıq aksiyası keçirir. Onlar T.Yaqublunun haqsız həbs olunduğunu, təcili azad olunmasını tələb edirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ttpoyg

Ən çox baxılan