”İşəgötürənlər bəzən işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər”
İyunun 20-si Sumqayıtda “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası” mövzusunda tədbir keçirilib.
APA yazır ki, tədbirdə baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov da iştirak edib. O, çıxışı zamanı Azərbaycanda məşğul əhalinin sayının 4.6 milyon nəfər olduğunu deyib:
“Məşğul əhalinin 33 faizi əmək münasibətləri ilə tənzimlənib. Başqa sözlə, məşğul əhalinin 67 faizi əmək münasibətləri ilə tənzimlənmir”.
Baş nazirin müavini vurğulayıb ki, bu sahədə hökuməti narahat edən əsas problemlərdən biri də “qara mühasibatlıq”ın mövcudluğudur.
Komissiya sədrinin deməsinə görə, bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər:
“Bu səbəbdən əmək münasibətlərinin tənzimlənməsinə ciddi fikir veririk ki, gələcəkdə pensiya alanların hüquqları pozulmasın. Bu, tamamilə ədalətli yanaşmadır. Bunu aradan qaldırmaq üçün yollar tapmalıyıq. Əks təqdirdə, pensiya yaşına çatanda dövlət onları yenidən sahibkarların üstünə göndərəcək və haqlarını tələb etməyi xahiş edəcək. Gələcəkdə onların pensiyalarını ödəməyə hazırsınızmı? Onlar sizləri məhkəməyə verərək öz haqlarını tələb edəcəklər. Vətəndaşın buna tam ixtiyarı var. Bu baxımdan sahibkarlar zəruri addımları indidən atmalıdır. Niyyətimiz sahibkarlığın genişləndirilməsidir”.