”Əli Əhmədov əhaliyə təklif olunan ərzağın keyfiyyətinin aşağı olduğunu dəqiq bilir”

Problem də ondadır ki, yetərincə sənəd olsa da, ortada real iş yoxdur

Source:


Ekspert Baş nazirin müavinin dediklərini şərh edib

Baş nazirin müavini Əli Əhmədov əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyacın olduğunu bildirib.

Əli Əhmədov bu barədə 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında danışıb.

Baş nazirin müavini Azərbaycanı “ən çox islahat aparan ölkələrdən biri” adlandıraraq əlavə edib ki, bu islahatlardan biri də qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, standartlara uyğunlaşdırılması, insanların sağlam qida ilə təmininə töhfə verilməsi, ixrac potensialının əhəmiyyətli bir hissəsini təşkil edən kənd təsərrüfatı məhsullarının ayrı-ayrı ölkələrə ixrac edilməsidir.

Ölkə əhalisinin sayının 10 milyona çatdığını qeyd edən Ə.Əhmədov bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyacın olduğunu vurğulayan Əli Əhmədov bu problemin köklü şəkildə həll edildiyini də deyib:

“Ölkə üçün bu problem mövcud deyil. Təbii ki, növbəti mərhələ olaraq, insanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb. Bu gün Azərbaycan öz daxili istehsalı ilə insanları daha sağlam qida ilə təmin etmək imkanlarına malikdir. Amma o da nəzərə alınmalıdır ki, Azərbaycan müasir dünyanın bir parçasıdır. Ölkələr arasında genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına çox müxtəlif ölkələrdən qida məhsulları gətirilir. Qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem kimi qalmır, eyni zamanda, ölkəyə gətirilən qida məhsullarının nə qədər təhlükəsiz olduğunu ciddi şəkildə təmin etmək kimi vacib problemi də ortaya qoyur. Bu mənada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, hökumətin bu sahədə apardığı siyasət, imzalanan sərəncamlar və digər sənədlər başqa ölkələrin konsepsiyalarının tərcümələrindən o tərəfə keçmir. Onun fikrincə, bu baxmdan ictimailəşən sənədlər ideal şəkildədir:

“Ərzaq təhlükəsizliyi deyəndə həm ərzağın fiziki şəkildə təminatı nəzərdə tutulur, həm də əhalinin təlabatına uyğun olmasından gedir.

Düzdür, rəsmilər bu barədə danışanda Ümumdünya Səhiyyə Təşkilatının nəzərdə tutduğu normanı xatırlamırlar, özləri minimum istehlak səbətində müəyyən məhsulların çəkisi ilə bağlı rəqəmlər qeyd edib norma kimi əhaliyə təqdim edirlər. Azərbaycan bu məsələdə yeganə ölkə sayıla bilər. Başqa ölkələr isə qaydaları Ümumdünya Səhiyyə Təşkilatına uyğunlaşdırıb. İkinci, ərzaq təhlükəsizliyi deyəndə, keyfiyyət məsələsi önə çıxmalıdır. Yəni ərzaq əhalinin sayına uyğun yetərincə, keyfiyyətli və əhali üçün əlçatan olmalıdır, burda söhbəti qiymətin baha olmamasından gedir”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Vahid Məhərrəmlinin sözlərinə görə, hökumət ərzaq təhlükəsizliyi ilə bağlı çoxlu sərəncam, fərman, dövlət proqramı qəbul edib ki, Əli Əhmədovun bunlardan xəbəri yoxdur:

“Amma Əli Əhmədov əhaliyə təklif olunan ərzağın keyfiyyətinin aşağı olduğunu dəqiq bilir. Digər ölkələrdən gətirilən məhsul və malların keyfiyyətinə nəzarət edilmir, daxildə istehsal olunan ərzaq və kənd təsərrüfatı mallarının keyfiyyəti isə ümumiyyətlə nəzarətdən uzaqdır. Ona görə düşünür ki, konsepsiya hazır olan kimi keyfiyyət yaxşılaşacaq. Halbuki, bu barədə kifayət qədər sənəd qəbul edilib və onlar dilimizə tərcümə olunub. Problem də ondadır ki, yetərincə sənəd olsa da, ortada real iş yoxdur. Bugünlərdə dükanda pişik üçün aldığım “Viskas”ın vaxtı keçmişdi, fakt nəzarət sisteminin qurulmadığını təsdiqləyir. Nəzarət olsa, idxal olunan və istehsal olunan məhsulun yarısının yararsız olduğu aşkarlanar”.

İndiyədək ölkədə ərzaq təminatı ilə əlaqədar sabiq prezident Heydər Əliyevin imzaladığı 2001-ci il 2 mart tarixli 640 nömrəli Sərəncamı ilə 2001–2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, İlham Əliyvin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib.

İqtisadçı ekspertlər bu proqramların həyata keçirilməsi üsullarından narazıdırlar.

Rəsmi məlumatlara görə, ölkənin ərzaq təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sayəsində (ilkin məlumatlara əsasən) 2018-ci ildə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,7 faiz, yumurta üzrə 101,5 faiz, süd və süd məhsulları üzrə 86,7 faiz, balıq və balıq məhsulları üzrə 87,8 faiz, kartof üzrə 92,5 faiz, tərəvəz üzrə 113,8 faiz, bostan məhsulları üzrə 99,7 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, şəkər üzrə 81,2 faiz, un üzrə 95,9 faiz, meyvə və tərəvəz konservləri üzrə 91,7 faiz, kərə yağı üzrə 71,1 faiz, marqarin üzrə 98,8 faiz, duz üzrə 103,1 faiz təşkil edib.

Hazırda “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün

Dövlət Proqramı

”nın həyata keçirildiyi bildirilir.

Ana səhifəXəbərlər”Əli Əhmədov əhaliyə təklif olunan ərzağın keyfiyyətinin aşağı olduğunu dəqiq bilir”