“İcazəsiz hər hansı hərəkətə yol vermək olmaz”
“Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtı ilə həmin stadionda mitinqlər keçirmişik”.
Bu sözləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov AXCP və Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.
“Report”un xəbərinə görə, Əli Əhmədov icazəsiz aksiya keçirənlərə xəbərdarlıq da edib:
“İcazəsiz hər hansı hərəkətə yol vermək olmaz”.
YAP-ın icra katibi müxalifətin Lökbatanda mitinq keçirmək istəməməsini doğru hesab etməyib:
“Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə, onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər. Mitinq keçirmək üçün ən yaxşı yer stadion olar… Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər”.
Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) önündə aksiya keçirməyi planlaşdırır. Aksiyaçılar sərbəst toplaşmaq hüququnun bərpasını tələb edəcəklər. https://www.meydan.tv/az/article/milli-sura-ve-axcp-baki-seher-icra-hakimiyyetinin-qarsisinda-aksiya-kecirecek/?ref=homepage-headline
Milli Şura sentyabrın 28-də mitinq keçirmək istəyirdi. Bunun üçün onlar BŞİH-ə məktub göndəriblər. Lakin qanedici cavab ala bilməyiblər.
Milli Şura BŞİH-ə mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində 3 yer təklif edib. BŞİH bunlardan heç biri ilə razılaşmayıb. Aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.
Milli Şura isə bu təklifi qəbul etməyib.