”Elgiz Qəhrəmanın narkotik vasitə gəzdirməsi polislərin uydurmasıdır”

Gənc fəalın apelyasiya şikayətinə baxılır

Source:
Elgiz Qəhrəman foto sosial şəbəkə
Elgiz Qəhrəman foto sosial şəbəkə


Gənc fəalın apelyasiya şikayətinə baxılır

Mayın 11-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda E. Qəhrəmanın vəkili Fariz Namazlı çıxış edib. Vəkil deyib ki, E. Qəhrəmanın üzərində narkotik vasitə gəzdirməsi polislərin uydurmasıdır:

“Elgizə qarşı ittihamın sübutlarından biri kimi, ondan həbs olunduğu gün alınmış ifadə və baxış protokolu əsas götürülür. Lakin Elgiz Qəhrəman həmin ifadəni işgəncə altında verib. Onun üzərindən narkotik tapılması barədə olan baxış protokolu isə qanuna ziddir. Elgiz Qəhrəmanın üzərində narkotik olmayıb. Bu, onu həbs edən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən uydurulmuş nağıldır”.

İclasda E. Qəhrəmanın digər vəkili Nemət Kərimli də çıxış edib. Vəkil deyib ki, E. Qəhrəman qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb:

“O, həbs edildikdən sonra istintaq təcridxanasına köçürülmək əvəzinə 6 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həbsdən sonra vəkilinə onunla görüşə icazə verilməyib. Biz bu haqda Ombudsman Aparatına, Baş Prokurorluğa da müraciət etmişdik”.

Elgiz Qəhrəman isə vəkillərinin çıxışı ilə razı olduğunu deyib.

Proses mayın 18-də davam edəcək.

Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Elgiz Qəhrəman siyasi sifarişlə həbs edildiyini, ittihamın saxta olduğunu deyir. Onun barəsində olan hökmdən verilən apelyasiya şikayətində bəraət hökmünün çıxarılması istənilib.

Ana səhifəXəbərlər”Elgiz Qəhrəmanın narkotik vasitə gəzdirməsi polislərin uydurmasıdır”