“O, “Facebook”-da yazdığı statusa görə cəzalandırılıb”
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəman Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə onun vəkili Fariz Namazlı AzadlıqRadiosuna danışıb.
Bildirib ki, kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin E.Qəhrəman haqqında qərarının ləğvi, gənc fəalın cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi istənilir.
“Şikayətdə yazmışıq ki, E.Qəhrəmana külli miqdarda narkotik satışı suçlaması ilə 5 il 6 ay həbs cəzası verilməsinə dair hökm qanunsuzdur. O, əslində, “Facebook” səhifəsində paylaşdığı bir statusa görə cəzalandırılıb. Elgiz Qəhrəman 2016-cı il sentyabrın 26-da YAP sədrinin müavini Əli Əhmədovun Şah İsmayıl Xətainin 14 yaşında dövlət başçısı olması haqda Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendumöncəsi dediklərini özünün “Facebook” səhifəsində paylaşmışdı. Sadəcə, belə bir əlavəsi olmuşdu: “özü yox, ömrü oxşasın””.
Vəkil bildirir ki, Elgiz Qəhrəman bu tənqidi statusundan sonra həbs olunub. Onun beş nəfər mülkigeyimli şəxs tərəfindən saxlanarkən səbəbi izah olunmayıb:
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, yaxınlarına onun yeri haqda heç bir məlumat verilməyib”.
E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəalı bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.
NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Mayın 18-də isə Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.
E.Qəhrəmanın həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.