Vəkil: ”Təqsirləndirilən şəxsin şüşə qəfəsdə əyləşməsi qeyri-insani rəftardır”
Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəmanının məhkəməsi başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda E. Qəhrəmanının vəkili Fariz Namazlı vəsatətlə çıxış edib.
O bildirib ki, E. Qəhrəmanın məqsədi bəraət almaqdır və bəraət almaq istəyən şəxs istintaqdan qaşıb gizlənməz.
Namazlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, həmin vəsatət təmin edilməyəcəyi təqdirdə onun vəkillərin yanında əyləşməsi haqqında vəsatətlər verib.
Vəkil bildirib ki, təqsirləndirilən şəxsin şüşə qəfəsdə əyləşməsi qeyri-insani rəftardır.
O, daha sonra E. Qəhrəman saxlanılan zaman tərtib edilən protokolun əsassız olduğu üçün sübutlar siyahısından çıxarılması, iclasın audio və video yazılışlarının aparılması haqqında da vəsatət verib.
F. Namazlı bildirib ki, E.Qəhrəman istintaq zamanı fiziki təzyiqə məruz qaldığı üçün etirafedici ifadə verib.
Digər vəkil Nemət Kərimli isə deyib ki, E. Qəhrəman “Facebook”da Konstitusiyaya edilən dəyişikliklə bağlı status yazıb:
“Əli Əhmədov açıqlama vermişdi ki, Şah İsmayıl da 14 yaşında hökmdar olub. Elgiz də bununla bağlı yazıb ki, ömrü də Şah İsmayıl qədər olsun. Bu statusdan sonra onun cibindən narkotik çıxıb”. Vəsatətlərə münasibət bildirən Elgiz Qəhrəman deyib ki, həbsi sifarişli və qərəzlidir. O, vəsatətləri müdafiə edib.
Prokuror vəsatətlərin təmin edilməməsini istəyib.
Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.
E.Qəhrəman avqustun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. E. Qəhrəman ittihamə qəbul etmir və şərləndiyini bildirir.