Vəkil : Ona işgəncə verərək tələb ediblər ki, narkotik ittihamın qəbul etsin, bir də Fətullah Gülənlə dostluğunun olduğunu desin
“Elgiz dedi ki, ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verilib. Amma işgəncələrin izi qalmayıb. Ona işgəncə verərək tələb ediblər ki, narkotik ittihamın qəbul etsin, bir də Fətullah Gülənlə dostluğunun olduğunu desin. O, bundan imtina etdikdə ona qarşı fiziki güc tətbiq olunub”- vəkil Nemət Kərimli Meydan TV-yə NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanla 19 avqustda Bakı İstintaq Təcridxanasında baş tutan görüşündən danışıb.
Vəkil işgəncələrdən sonra E.Qəhrəmanın ittihamla razılaşaraq sənədə imza atdığını bildirib. O əlavə edib ki, gənc Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi ifadədən bu gün imtina edib. E. Qəhrəman ona qarşı edilən işgəncələrlə bağlı Baş Prokurorluğa müraciət göndərib.
Vəkil Nemət Kərimli bildirib ki, E. Qəhrəman onu gənclər təşkilatları barədə sorğu-suala tutduqlarını çatdırıb.
“Elgiz Qəhrəman dedi ki, “Bandotdel”-in Şahlar adlı polis əməkdaşı açıq şəkildə narkotiki onun cibinə qoyub və cibindən çıxararaq ittiham irəli sürüb”.
Vəkil əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri bu gün gənclə görüşüblər. Onlar işgəncə faktları ilə maraqlanıblar.
Vəkil Nemət Kərimli Bakı İstintaq Təcridxanasında müdafiə etdiyi şəxslə görüş zamanı qanunsuz olaraq üzərində axtarış aparıldığını deyib. O bildirib ki, mayor Əhməd adlı şəxs onun vəsatətlərini əlindən zorla alaraq cırmağa çalışıb və buna görə mübahisə düşüb.
Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur.
Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yayıb.