Elgiz Qəhrəman: 131 gün, 3144 saatdı həbsimin səbəbini anlamış deyiləm

“Yaz ki, Fətullah Gülənlə birbaşa telefon əlaqən olub”

Source:


“Yaz ki, Fətullah Gülənlə birbaşa telefon əlaqən olub”

“Fətullah Gülən tərəfdarı olduğumu, Türkiyədəki cevriliş cəhdini dəstəklədiyimi, bu cəhdin Azərbaycanda təkrarlanmasını istədiyimi – yazmağı tələb edirdilər. Etiraz edəndə 49 dəfə “dubinka” ilə başıma, cinsiyyət orqanıma, ayaqlarıma vurdular. 131 gün, 3144 saatdı azadlıqdan məhrum edilməyimin səbəbi mənə aydın deyil”, – gənc fəal Elgiz Qəhrəmanın sözləridir.

Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə NİDA üzvü Elgiz Qəhrəmanın növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasda E. Qəhrəman ifadə verərək istintaq zamanı ona təzyiq edildiyini söyləyib.

Türkiyədə təhsil aldığını deyən E. Qəhrəman bildirib ki, avqustun 12-də günorta işdən çıxıb, 10 metr gedəndən sonra üç nəfər onu maşına basıb:

“Faktiki məni oğurladılar. Onların kimliyi mənə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çatanda məlum oldu. Əllərim arxadan qandallanmışdı. Məni şöbə müdiri Kərim Əlimərdanovun otağına apardılar. Ora niyə apardıqlarını soruşdum. Dedilər, “bir azdan biləcəksən”. Sonra əməliyyat müvəkkili Şahlar Cəfərov cibimə narkotik atdı. Məni döyərək narkotik ittihamın boynuma almamı tələb etdilər”.

Elgiz Qəhrəman deyir ki, əks halda evimizə yarım kilo heroin qoyacaqlarını söyləyirdilər:

“Sonra cibimdən ofisin açarını götürüb, oradan kompüterimi gətirdilər. “Facebook”dakı səhifəmi araşdırdılar. Səhifəmdə əsasən Türkiyə ilə bağlı yazıların linkləri idi. Paylaşdığım bir yazı Azərbaycana aid idi. Əli Əhmədov Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma münasibət bildirərkən demişdi ki, “Şah İsmayıl da 14 yaşında hakimiyyətə gəlib”. Mən də “özü yox, ömrü oxşasın” – başlığıyla həmin yazının linkini paylaşmışdım”.

E. Qəhrəman bildirib ki, həbsindən sonra “bandotdel” əməkdaşları evlərinə Səid Nurinin kitablarını qoyublar: “Absurd bir təklif irəli sürdülər. Dedilər, “yaz ki, Fətullah Gülənlə birbaşa telefon əlaqən olub”. Dedim, istəyirsiz, lap mesajlaşdığımı da yazım. Mənə bu barədə ərizə yazdırdılar. Kamera önündə danışdırdılar. Amma sonra nə fikirləşdilərsə, bu barədə ittiham vermədilər. Orada mənə qarşı şərəf və ləyaqəti alçaldan çox davranışlar olub, sadəcə, bu barədə danışmaq istəmirəm. Həbsimin əsl səbəbini bilmirəm, lakin ehtimallarım var:

“Mənim paylaşdığım statusda heç bir təhqir yox idi. Ona görə başqa bir ehtimalım da var. Dostlarım mənə zarafatyana “Elgiz başqan” deyirdilər. Bəlkə bunlar elə biliblər ki, mən böyük bir təşkilatın rəhbəriyəm”.

Daha sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı – Kamil Məmmədov və Mehman Teymurov, hal şahidləri Rəşad Musayev və Tural Rəsulov dindiriliblər. Kamil Məmmədov ifadəsində Elgiz Qəhrəmanın narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat aldığını, onu rəhbərliyə məruzə edəndən sonra əməliyyat keçirib onu saxladıqlarını deyib.

Elgiz Qəhrəman isə onun yalan danışdığını söyləyib. Bildirib ki, həmin polis onu tutanlar arasında olmayıb, onu idarədə görüb, onu döyənlərdən biri olub.

E. Qəhrəman hal şahidlərini isə saxlanılan zaman yox, idarədə gördüyünü bildirib. Yalnız Mehman Teymurovun onu tutanlardan biri olduğunu təsdiqləyib.

Daha sonra vəkil Fariz Namazlı BMCMİ-nin şöbə rəisi Kərim Əlimərdanovun və baş əməliyyat müvəkkili Şahlar Cəfərovun məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib.

Proses dekabrın 26-da davam edəcək.

Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərElgiz Qəhrəman: 131 gün, 3144 saatdı həbsimin səbəbini anlamış deyiləm