Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev aprelin 13-də mətni açıqlanmayan 2813 saylı sərəncam imzalayıb.
Sərəncamın 3.2-ci bəndində Ələtdə tikilməkdə olan beynəlxalq dəniz ticarət limanının ləğv edilmiş Nəqliyyat Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulur.
“Azadlıq Radiosu” yazır ki, Nazirlər Kabineti aprelin 28-də prezidentin bu sərəncamının icrası üçün uyğun qərara dəyişiklik edib. Liman Kompleksinin Müdiriyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki qurumların siyahısına daxil edilib. Ələtdəki liman Şərq-Qərb istiqamətində yüklərin daşınmasının təşkili məqsədilə tikilir. 2010-cu ildə icrasına başlanan layihənin birinci mərhələsinin birinci hissəsi 4 il sonra tamamlanıb. Limanda yükdaşıma işlərinin 2016-cı ildə başlaması nəzərdə tutulsa da, hələlik tranzit və idxal-ixrac yükləri Bakı buxtasındakı limanda yüklənib-boşaldılır.
Limanın tikintisinə 400 hektar torpaq sahəsi ayrılıb. Layihənin birinci mərhələsi bərə terminalı, konteyner meydançası, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin və anbarların tikintisini nəzərdə tutur. Burada dəmiryol xətləri, ümumi yük, Ro-Ro və xidmət körpüləri və inşa olunur. İşlərin 60 faizinin yerinə yetirildiyi bildirilir.
Birinci faza üzrə layihə tamamlama tarixi üç mərhələyə bölünüb. Birinci mərhələ – bərə (dəmiryol) terminalının tikintisi 2014-cü ilin sentyabrında tamamlanıb; ikinci mərhələ – Ro-Ro körpüsünin tikintisi 2016-cı ildə, qalan işlərin tamamlanması isə 2017-ci ilə planlaşdırılır. Birinci faza üzrə ümumi işlərin 60%-i tamamlanıb.
Qrafik üzrə bu il başa çatdırılmalı olan birinci mərhələdə Yeni Ələt Limanının ümumi yükaşırma gücü 11.5 milyon tona qədər yük və 50 minə qədər konteynerdir. İkinci və üçüncü fazaların tikintisi limanın illik yükaşırma imkanının 21–25 milyon ton yükə və 1 milyon konteynerə çatdırılmasını nəzərdə tutur.
Burada Azad Ticarət Zonasının (ATZ) qurulmasından ötrü xarici tərəfdaşlarla iş aparılmaqdadır. ATZ-yə 10 hektar torpaq sahəsi ayrılıb. Burada yük avtomobilləri üçün parkinq, beynəlxalq və daxili logistika mərkəzləri yerləşəcək.