Media eksperti yeni qanun layihəsi ilə bağlı müzakirələrə qatılır
Dekabrın 23-də media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli “Media haqqında” yeni qanun layihəsinin müzakirəsi üçün Milli Məclisə dəvət olunub.
Bu barədə öz “Facebook” hesabında məlumat paylaşan Ələsgər Məmmədli bildirib ki, tənqidi məqamların çox olmasına baxmayaraq, yeni qanun layihəsi Milli Məclisdə 7 gün ərzində 1-ci və 2-ci oxunuşdan keçib. Bu da media azadlığını, jurnalist azadlığını önəmsəyən çevrələrdə və şəxslərdə xeyli narahatlıq və etiraz yaradıb:
“Dekabrın 21-də mənə Milli Məclisdən zəng edib, müzakirəyə dəvət etdilər. İkinci oxunuşdan keçirilmiş qanun layihəsinin müzakirəsinə media hüququ eksperti kimi çox gec dəvət olunmağıma müəyyən iradlarımı bildirdim. Amma müzakirəyə qatılacağımı da dedim”.
Hüquqşünas bildirir ki, dekabrın 22-də qismən geniş tərkibdə keçirilən və 3,5 saat davam edən müzakirədə o, əsasən, medianın fəaliyyətinə dövlət tənzimləməsinin müdaxilə imkanları aspektinə, media azadlığının və jurnalist fəaliyyətinin beynəlxalq hüquqla müəyyən olunan standartlarına, habelə Azərbaycan Respublikası Konstitusiyasının 47-ci (ifadə azadlığı) və 50-ci (Məlumat azadlığı) habelə 151-ci (beynəlxalq aktların hüquqi qüvvəsinin qanunlardan üstünlüyünün tanınması) maddələrinin mahiyyətinə uyğun olmayan, hətta bəzi hallarda ziddiyət təşkil edən məqamlara diqqət çəkib. Deməsinə görə, qanun layihəsinin bu formada sürətlə qəbul edilməsinin ölkə mediasının, jurnalistikanın fəaliyyətinə problem yaradacağı və ölkənin media azadlığı imicinə mənfi təsir edəcəyini də söyləyib:
“Dünənki müzakirələrdə çıxış edən Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı və digərləri də ayrı-ayrı məqamlara diqqət çəkərək müəyyən narahatlıqları ifadə etdi. Dünən tədbirdə Milli Məclisin Komitə sədri Əli Hüseyinli təklif etdi ki, bu gün üçlü (Əli Hüseynli, Əhməd İsmayılov və mən) müzakirə aparıb, daha konkret məqamları müzakirə edək və ortaq müəyyən konsensus axtaraq”.
Ələsgər Məmmədli bildirir ki, bu gün 2,5 saatlıq müzakirədə iştirak edib:
“Müzakirədə sistemli olaraq mən layihədə olan müxtəlif narahatedici məqamları səsləndirdim və qarşı tərəf həmin məsələdə fikirlərini ifadə etdi. Zaman-zaman etiraz etdi, zaman-zaman mövzunun bu formatda həllinin mümkün olmadığını dedi və bəzi məqamlarda da mövcud qanunvericiliyin başqa problemlərinə yönəldi”.
Hüquqşünas deyir ki, bəzi məsələlərdə mövqelər bir-birinə yaxınlaşıb. Qismən konsensus olub, ancaq yenə də bəzi məsələlər açıq qalıb:
“Ümumi konsensusa gəldiyimiz məsələlərdən biri bütün platforma yayımçısının lisenziyalı fəaliyyət göstərməsini nəzərdə tutan (30.2 maddə) müddəaya daha aydın qeydin razılaşdırılması oldu. Yeni razılığa görə, yalnız o platforma yayımçısı lisenziyaya müraciət edəcək ki, onun arzusu peyk yayımlanan operatorunun xidmətindən istifadə etmək olacaq. Yəni sadə internet üzərindən yayımlanan platforma yayımçıları lisenziyasız fəaliyyət göstərəcək”.
Nəticədə, müzakirə iştirakçıları 30-cu maddəyə daha bir bənd əlavə olunması qərarına gəliblər:
“30.8. Birbaşa internet üzərindən audiovizual proqramlar yayılmalyan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziya ala bilər. Bu halda qeyd olunan şəxslər bu Qanunun 30.2-30.7-ci maddələrinin tələblərinə cavab verməlidir. Jurnalistlərin fəaliyyəti başlıqlı 7-ci fəslin ümumiyyətlə, layihədə olduğu formatın tərəfimdən qəbuledilmədiyi, onun yalnız akreditasiya ilə bağlı tənzimlənməsi və veriləcək kartın jurnalist vəsiqəsi yox, akreditasiya kartı olması gərəkliliyini vurğuladım. Bu kart imtiyaz yaratmamalı, jurnalistə imtiyaz nəzərdə tutulmamalı, ictimai açıq informasiyalar üçün heç bir məhdudiyyət olmadan bütün jurnalistlər üçün açıq olmalıdır”.
Hüquqşünas bildirir ki, ayrıca, jurnalistlər üçün tələb olunan şərtlər, staj, məhkum olunmamaq və s. qanunun predmeti olmamasına da toxunub. Bu istiqamətdə fikirləri xüsusilə Əhməd İsmayılovla uzlaşmayıb:
“Əli Hüseyinli isə daha çəkimsər qaldı. Qaldırdığım bəzi texniki qanunvericilik problemləri pozitiv qarşılandı və zəruri düzəlişlərin ediləcəyinə dair fikir bəyan edildi. Müzakirə tam yekunlaşmadı və digər təkliflərimin yazılı təqdim olunması xahiş olundu”.
Ələsgər Məmmədli deyir ki, media qanunu layihəsi cəmiyyətin hər fərdinin önməsədiyi məsələdir. Hökumətin bu sahədəki tənzimləməsi oldu-bittiyə gəlməməli, medianın fəaliyyətinə problem yaradan bütün məqamlar vahid təklif formatında parlamentdə müzakirə edilməli, lakin öncə media ictimaiyyətinin peşəkarları ilə daha işçi səviyyədə konsensusa çalışılmalıdır:
“Ölkə mediasının inkişafı çoxsaylı məhdudiyyətlərlə yox, media azadlığının gerçək formada təminindən keçir”.
Milli Məclisin dekabrın 20-də keçirilən iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə qədər xeyli məsələlər daxildir.
Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər. Buna baxmayaraq, layihə ikinci oxunuşda da qəbul olunub.