Seymur Kazımov: ''Mən o sualı verməzdim''
Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan “heykəl məhbusu”
Bayram Məmmədov
un martın 30-da tutularaq, 30 sutka azadlıqdan məhrum edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
İnzibati həbsindən əvvəl
Bayram Məmmədo
v “Turan” İnformasiya Agentliyinə müsahibə verib.
Müsahibədə belə bir məqam yer alıb:
“
– Başına nələrin gələcəyini bilsəydin yenə edərdinmi həmin hərəkəti?
– Əgər bilsəydim ki, yaşadıqlarımın bir neçə qatını yaşayacağam, hec çəkinmədən, qorxmadan yenə gözübağlı gedərdim ora, abidənin yanına. Sadəcə, bu dəfə daha artığını etməyə çalışardım. Umid edirəm ki, söylədiyim hər bir söz oldugu kimi qalacaq, dəyişiklik edilməyəcək
”.
Müsahibə yazılı alınıb.
Sosial şəbəkələrdə Bayram Məmmədovun inzibati həbsininin səbəbi kimi məhz bu müsahibəni göstərirlər.
ReAL Partiyasının sədri İlqar Məmmədov da “Facebook” sosial şəbəkəsindki profilində yazıb ki, Bayram Məmmədovun “Turan” agentliyinə müsahibəsi onun bir aylıq yeni həbsi ilə nəticələndi.
“Bir ay əvvəl Avropa Şurasının dəvəti ilə Strasburqdakı tədbirə göndərdiyim video müraciətdə demişdim ki, Azərbaycanda indinin bir çox jurnalisti özünü qabaqcıl demokratik ölkədə, ya da heç olmasa nisbətən azad ölkədə yaşadıqları kimi aparırlar. Onlara elə gəlir ki, rejimə qarşı çətin mübarizə aparan şəxslərə hər növdə sual verməyə mənəvi və peşəkar haqları çatır. Onların yersiz sual əvəzində qazandığı, indiki şəraitdə hər hansı bir mübariz şəxsin azadlığı hesabına ödənilmiş ola bilər”.
Media Hüquq İnstitutunun eksperti Xalid Ağaliyev Meydan TV-yə danışarkən təəssüfləndiyini bildirib ki, Azərbaycanda azad mediadan danışmaq çox çətindir.
“Peşəkarlıq problemlərinin olduğunu da qəbul etmək lazımdır. Media işinin təməl prinsipləri var və media öz prinsiplərindən sapmamalıdır. Media, jurnalistlər sual verəndə də, xəbər tapıb tirajlayanda da başqa heç nəyi yox, məhz öz mənafeyini, yəni, ictimai tələbatı düşünməlidir. İctimai çəkisi olan suallar mütləq dilə gətirilməli, ictimai çəkisi olan xəbərlər mütləq tirajlanmalıdır”.
Bundan başqa X.Ağaliyev bildirib ki, jurnalistlər nəzərə almalıdılar ki, siyasilər, iri bizneslər hər yerdə jurnalistlərə “ağıl vermək” həvəsində olurlar və media belə yanaşmalara taxılıb qalmamalıdır.
Media eksperti Seymur Kazımov İlqar Məmmədovun fikirlərini tövsiyə kimi qəbul etdiyini qeyd edib:
“Həmkarlarımın da narazılığını qəbul edirəm. Çünki bugünki şəraitdə peşə ləyaqətini və vicdanını öz şəxsi təhlükəsizliklərindən yüksəkdə tutub, Azərbaycan xalqını doğru-dürüst məlumatla təmin etməyin bədəlini çox ağır ödəyirlər”.
Bayram Məmmədova verilən suala toxunan S.Kazımov deyib ki, o sualı verməzdi.
“Sualda yenilik yoxdur. Yəni müsahibin cavabı öncədən məlumdur. Müsahibə informativ janrlar kateqoriyaslna daxildir və mütləq “yenilik” tələb edir. Jurnalistikada başqa bir qayda var “do not harm”, yəni zədələmə! Həm də, bu, “yenidən dünyaya gəlsəydiniz…..” sualının bir az modern variantını xatırladır…. daha maraqlı və cavabı məlum olmayan sual vermək olardı”.
Ancaq hüquqşünas Xalid Bağırov İsmayıl Cəlilova müsahibəsində deyib ki, Bayram Məmmədovun həbsi hakimiyyətin öz köhnə ənənəsinə sadiq qaldığını göstərir:
“Hətta 13 gün əvvəl azadlığa buraxılmış şəxsi qondarma polisə müqavimət ittihamı ilə həbs edir. Hər həftə belə xəbərlər eşidirik, hakimiyyət bu cür addımları ilə bizim Azərbaycanda yaşadığımızı xatırladır.
Ona görə 16 mart əfv sərəncamının islahatların başlanğıcı olması barədə deyilənləri bölüşmürəm. Müsbət addım saymaq olar, amma islahat sözü ilə heç cür razılaşa bilmirəm. Çünki islahat sözünün konkret mənası var, bu, sistemin dəyişməsi deməkdir, formasını deyil, mahiyyətini dəyişir. Bunun ilk addımı siyasi iradədir, amma biz siyasi iradəni görmürük. Bayram Məmmədovun həbsi də islahatın olmadığını göstərdi”.
“Turan” İA-nin direktoru Mehman Əliyev Meydan TV-yə deyib ki, agentliyə və jurnalistlərə iradları qəbuledilməz və yersiz sayır:
“Axı kim jurnalist üçün sualları müəyyənləşdirir və ümumiyyətlə, müəyyənləşdirməlidir? Bayram Məmmədov həmin hərəkəti edib və jurnalist sual verir ki, yenidən bu yolu gedəcəksənmi, o da “bəli” cavab verir. İlqar Məmmədov getmək istəmirsə, özü bilər, kim nə deyir ki?! İlqar Məmmədovun həbsdən çıxandan sonrakı müsahibələrinə baxın. Nə deyir? Yenə mübarizə aparacaqlarını bildirir. Mən də həbsdən çıxanda dedim ki, davam edəcəyik, vəssalam”.
Mehman Əliyev bildirib ki, Bayram Məmmədova suallar korrektdir və ən əsas məsələ onun sonda “Ümid edirəm ki, söylədiyim hər bir söz olduğu kimi qalacaq, dəyişiklik edilməyəcək” cümləsidir. Yəni Məmmədov müsahibəsini düşünülmüş şəkildə verib və sözünün üstündə dayandığını deyir:
“Əgər həmin sual verilməsəydi, nə olacaqdı? Bəlkə cavab verəcəkdi ki, səhv etmişəm, ya da başqa cür edəcəkdim? Yaxud bəlkə mən düzəliş edəcəkdim, ancaq o sonda “Ümid edirəm ki, söylədiyim hər bir söz oldugu kimi qalacaq, dəyişiklik edilməyəcək,”- deyə bəyan edir. Bayram Məmmədov belə cavab verib. Ona görə bu mübahisələri məntiqsiz sayıram”.
Media üzrə hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyib ki, siyasətçi siyasət, jurnalist də jurnalist fəaliyyəti ilə məşğuldur.
“Siyasətçiyə jurnalistin nəyin necə edəcəyini deməsi siyasətçiyə siyasi nöqteyi-nəzərindən uyğun olmadığı kimi jurnalistə də siyasətçinin nəyin necə etməsini söyləməsi doğru deyil. Hər iki halda hər birisi öz fəaliyyət meydanında doğru bildiyi ilə məşğul olsun. Yeganə ölçüsü qarşı tərəf xalqdır”.
O hesab edir ki, siyasətçi jurnalistə nəyin necə edəcəyini öyrətmək yox, sadəcə, arzularını, diləklərini deyə bilər.
“Eyni zamanda, jurnalist də bunun yollarını, ehtimallarını səsləndirə bilər. Amma nəyin necə edəcəyini siyasətçi də, jurnalist də özü bilər. Bu məsələyə gəldikdə, böyük ehtimalla İlqar Məmmədov Bayram Məmmədovun azadlığa çıxdıqdan sonra küçədə atasının yanında zorla qondarma ittihamla həbsinin üzərində daha çox dayanmalıydı. Məncə, bu məsələdə böyük qınaq obyekti gəncin qanunsuz ittihamla inzibati həbs olunması gündəmə gəlməlidir. Nə qədər ki, qanunsuz olaraq ictimai-siyasi fəalların susdurulma cəhdləri var orda nə siyasət aparmaq olar, nə də jurnalistika ilə məşğul olmaq olar”.
16 mart əfv sərəncamı ilə azadlığa buraxılan Bayram Məmmədov martın 30-da polisə müqavimət ittihamı ilə 30 sutka inzibati cəza alıb.
Aprelin 1-də vəkil Elçin Sadıqovun Bayram Məmmədovla görüşmək cəhdi baş tutmayıb. Bu barədə vəkil bildirib ki, otaqları dezinfeksiya etdikləri üçün aprelin 3-ə qədər görüş verməyəcəklər.
“Nəyə görə? Bayram Məmmədova vəkili ilə görüşməyə ən qısa zamanda imkan yaradılmalı, ona qarşı repressiya dayandırmalı, dərhal azadlığa buraxılmalıdır”, deyə vəkil bildirib.