Ələsgər Məmmədli: Kommersiya məhkəmələrinin yaradılması fundamental islahat deyil

Nəhayət, hazırkı məhkəmə sistemi çərçivəsində ayrıca kommersiya məhkəmələrinə ehtiyac görünmürdü.

Source: google.az


Fuad Ağayev: ''Səlahiyyətlərin bölgüsü aydın deyil''

Azərbaycanda yaradılacaq kommersiya məhkəməsi sədrinin səlahiyyətləri müəyyənləşib.

“Report” saytı xəbər verir ki, bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.

Qanuna əlavə edilən kommersiya məhkəməsi adlı yeni VIII-I fəsildə kommersiya məhkəməsi və onun səlahiyyətləri yer alıb.

Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq.

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənəcək və ümumiləşdirəcək, Azərbaycan qanunları ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirəcək.

Sədr məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edəcək, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edəcək, məhkəmə iclaslarına sədrlik edəcək, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edəcək. Həmçinin məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edəcək.

Kommersiya məhkəməsinin sədri Ali Məhkəmənin Plenumunda və müvafiq apelyasiya instansiyası məhkəməsinin Rəyasət heyətində Kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verəcək.

Qanuna təklif edilən yeni dəyişikliklər iyunun 13-də parlamentin növbədənkənar təşkil olunan ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-ə məsələni şərh edərək, kommersiya məhkəmələrinin yaradılmasını ciddi və fundamental islahat hesab etmir:

“Bu qərarla inzibati məhkəmələrlə iqtisad məhkəmələri ayrıldı, ikinci kommersiya məhkəmələri adlandı. Ad dəyişməklə funksionallıq və müstəqillik problemləri aradan qalxmır. Bu qərardan sonra kommersiya məhkəmələri ixtisaslaşmış məhkəmələr kimi fəaliyyət göstərəcəklər. Bu, müəyyən mənada hakimlərin zamanla ixtisaslaşıb bir-birinə zidd olmayan eyni istiqamətli qərarlar verməsinə yardım edəcək. Amma reallıq ondan ibarətdir ki, Azərbaycanda ixtisaslaşmış məhkəmələr və təcrübəli hakimlər zaman-zaman bir-birinin ziddinə qərarlar verirlər. Burada səbəb bilgisizlik yox, siyasi və digər sifarişlər olur. Ona görə ciddi və fövqəladə dəyişikliklər gözləmirəm, sadəcə, iş bölgüsü prinsipidir”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas bildirib ki, kommersiya məhkəmələrinin regional əsasda yaranması problemləri həll etmir. O hesab edir ki, əgər rayon məhkəmələri daxilində ixtisaslaşma olsaydı, o daha effektiv olardı.

“Hazırda Ağdamda, Bərdədə olan Gəncəyə, Lerikdə, yaxud İmişlidə də fəaliyyət göstərən Şirvana gələcəksə, bu baxımdan insanların məhkəməyə çıxış imkanları zaman və yerə görə məhdud olur. Ona görə rayon məhkəmələrində ixtisaslaşma getsə, daha yaxşı olardı. Görünür, hökumətin buna resursu və imkanı yoxdur”.

Vəkil Fuad Ağayev də belə bir təsisatın yaradılmasına ehtiyac görmür:

“KİV-də yayılan məlumatlardan başa düşmək olmur ki, kommersiya məhkəməsi birinci instansiya, apelyasiya, kassasiya məhkəmələri kimi fəaliyyət göstərəcək, yoxsa…?”

Onun fikrincə, səlahiyyətlərin bölgüsü də aydın deyil.

Fuad Ağayev foto Meydan TV
Fuad Ağayev

“Sahibkarlıq fəaliyyəti ilə bağlı işlərin mütləq əksəriyyətinə hazırda İnzibati-iqtisadi məhkəmələrdə baxılır. İqtisadi mübahisələrə də Mülki-Prosesual Məcəllə əsasında həmin məhkəmələrin hakimləri baxır. Eyni zamanda, Apelyasiya və Ali Məhkəmələrin müvafiq kollegiyaları mövcuddur. Yəni yayılan məlumatlardan bəlli olmur ki, hansı meyarla səlahiyyət bölgüsü aparılacaq. Ona görə qeyri-müəyyənlik təcrübədə çox böyük problemlər doğura bilər. Hesab edirəm ki, səlahiyyətlər bölgüsünün naməlum qalması təcrübədə ciddi fəsadlar yaradar. Nəhayət, hazırkı məhkəmə sistemi çərçivəsində ayrıca kommersiya məhkəmələrinə ehtiyac görünmürdü. Çünki İnzibati-İqtisadi Məhkəmələr pis-yaxşı bu tipli işlərə baxırlar, bundan sonra nə baş verəcək, bilinmir”.

Ana səhifəXəbərlərƏləsgər Məmmədli: Kommersiya məhkəmələrinin yaradılması fundamental islahat deyil