Ələsgər Məmmədli: “Hökumət sosial mediada gedən problemlərə məğlub olduğunu hiss edir”

“2013 və 2014-cü illərdə vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə çox mürtəce dəyişikliklər edilib”.

Source: Meydan.TV


Prezidentinin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə görüşüb

Sentyabrın 3-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb.

70-ə yaxın QHT nümayəndəsinin qatıldığı görüşdə çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, insan hüquqlarının müdafiəsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindən biridir.

O, Hikmət Hacıyevlə görüşün QHT-lərin fəaliyyəti üçün əlavə stimul olacağını və dialoqun müxtəlif formatlarda bundan sonra da davam edəcəyinə inandığını bildirib.

1592306121485814663_1000x669.jpg
Hikmət Hacıyev

Prezidentin köməkçisi Hikmət Hacıyev indiyədək QHT-lərlə keçirdiyi görüşlərdə 200-dən artıq təşkilatın iştirak etdiyini deyib.

O, görüşü Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü hesab edib.

Hikmət Hacıyev bildirib ki, beyin mərkəzləri dövlətlərin və dünyanın müxtəlif problemlərini təhlil edərək müvafiq təşkilatlara tövsiyələr verən əhəmiyyətli intellektual institutlardır.

Görüşdə iştirak edən hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyib ki, 3 saat davam edən online müzakirələrdə vətəndaş cəmiyyətinin bütün problemlərinə, o cümlədən siyasi məhbus, siyasi həbslər mövzusuna da toxunulub: "İnsan hüquqlarının durumu, bu istiqamətdə qanunvericiliyin vəziyyəti əhatəli müzükirə olundu, təklif dinlənildi. İştirak edənlərin əksəriyyəti sadalanan problemləri fərqli rakuslardan qaldırdı".

Ələsgər Məmmədli hesab edir ki, hökumətin bəlli bir trendi var və məqsəd cəmiyyətlə təmasa girib vəziyyəti öyrənməkdir: "Çünki hökumət sosial mediada gedən problemləri görür və bu yöndə məğlub olduğunu da hiss edir. Bu baxımdan problemləri qarşılıqlı müzakirə və dinləmə müstəvisinə daşıyır".

Ələsgər Məmmədli müzakirələrin dərhal nəticə verəcəyinə inanmır: "Nəticə üçün məqsəd varmı, – onu da deyə bilmərəm. Amma önəmli olan hər kəsin problemi bilməsidir”.

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünasın sözlərinə görə, 2017-ci ildən sonra hökumət platformasında belə görüş olmayıb. Bu, son 3 ildə ilk cəhddir: “Əlbəttə, 2-3 il yatıb, sonra müzakirələr açmaq narahatedicidir. Məsələ ondadır ki, problemlər başqa istiqamətə yönəlir, insanlar məsələləri başqa formatda axtarır. Ona görə hökumət əlində olan rıçaqlardan maksimum istifadə edib cəmiyyətdə itirdiyi güvəni yenidən bərpa etmək haqda düşünməlidir”.

Məmmədli bildirib ki, sentyabrın 4-də Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc 30 QHT nümayəndəsinin iştirakı ilə online görüş keçirilib.

O, Zahid Orucla da insan hüquqlarının durumu və qanunvericiliyin durumu ətrafında müzakirələrin aparıldığını vurğulayıb.


Rəsul Cəfərov: "Qanunvericiliyə edilən mürtəce dəyişikliklərə toxunduq"

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Prezidentin köməkçisi ilə görüşdə vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericilik aktlarına toxunduğunu deyib.

Rəsul Cəfərov
Rəsul Cəfərov

“2013 və 2014-cü illərdə vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə çox mürtəce dəyişikliklər edilib. Nəticədə QHT-lərin və qrantların qeydiyyatı, ümumilikdə, vətəndaş cəmiyyətinin fəaliyyəti ciddi məhdudlaşdırılıb. Konkret təklif etdim ki, qanunların dəyişilməsi üçün təşəbbüs göstərilsin. Belə olarsa, Azərbaycan vətəndaş cəmiyyətinin ölmüş potensialının yenidən dirçəlməsinə və ölkədə insan haqlarının daha yaxşı qorunmasıyla nəticələnər”, – Cəfərov Meydan.TV-yə bildirib.

Ana səhifəSiyasətƏləsgər Məmmədli: “Hökumət sosial mediada gedən problemlərə məğlub olduğunu hiss edir”