”Nazirliyinin bu addımı hakimiyyətin siyasətinin iflasa uğradığını göstərir”
Aprelin 27-də Bakıda Səbail rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
iddiası
əsasında bir neçə saytın bloklanması tələbinə baxılacaq.
Nazirlik azadliq.org, azadliq.info, xn--azrbaycansaati-11f.com, meydan.tv saytlarına, “Turan” telekanalı (TuranTV) və “Azərbaycan saatı” teleproqramlarına girişə blok qoyulmasını istəyir.
Bunu Meydan TV-yə şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu addımı növbəti senzura adlandırıb.
“Hökumətin yaratdığı media orqanları 3-5 müstəqil media vasitələrilə bacara bilmir”
O, hakimiyyətin uzun illər medianı müxtəlif vasitələrlə ələ almaq siyasəti apardığını deyib:
“Bu sıraya jurnalistlərin təqibi, onların şirnikləndirilməsi, kütləvi şəkildə yeni saytların, portalların təsis olunması və qeyri-leqal pullarla maliyyələşdirməsi daxildir. Ancaq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu addımı hakimiyyətin siyasətinin iflasa uğradığını göstərir. Deməli, hökumətin yaratdığı media orqanları 3-5 müstəqil və müxalif media vasitələrilə bacara bilmir. Ona görə radikal addımlar atır, texniki cəhətdən bağlamaq istəyirlər. Azərbaycan hakimiyyəti polemika apara bilmir, tanıdığı bir yol var. O da güc yoludur. Hakimiyyətin siyasi texnoloqları başqa variantlar tapa bilmirlər, heç bu barədə düşünmək gücündə də deyillər”.
“Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycanı 162-cı yerə saldı, bu, artıq münasibətdir”
M.Əliyev deyir ki, hökumətin bu addımı müstəqil mediaya marağı artıracaq. Yeni texnoloji imkanlar hökumətin yaratdığı baryerləri keçmək imkanı verəcək:
“Sovet dövründə xarici radioları susdurmaq üçün müxtəlif texnoloji qurğular qurmuşdular, amma bacarmadılar, insanlar yenə də radionu dinləyirdi. Nəticədə SSRİ dağıldı. Azərbaycan isə sovetlər birliyi deyil”.
Onun sözlərinə görə, hakimiyyətin bu addımına beynəlxalq reaksiya sərt olacaq:
“Ancaq onlar danışmaqdan çox iş görəcəklər. Baxın, Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycanı 162-cı yerə saldı, bu, artıq münasibətdir”.
“Məqsəd tənqidi onlayn medianın Azərbaycanda yayılmasını əngəlləməkdir”
Media üzrə hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna deyib ki, qanuna görə, qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı öncə internet resurslara məlumat verilməli və çıxarılması tələb olunmalıdır. Yasaqlanan informasiya çıxarılmadığı halda məhkəmə proseduruna baş vurulmalı idi:
“Amma bildiyim qədər, həmin saytlara belə bir xəbərdarlıq gəlməyib. Məqsəd tənqidi onlayn medianın Azərbaycanda yayılmasını əngəlləməkdir. Ən azından, ora sərbəst giriş imkanlarını məhdudlaşdırmaqdır. Bütünlükdə bunu məhdudlaşdırmaq onsuz da mümkün deyil, “proxy” proqramlar və s. həmin saytlara girişə imkan yaradacaq. Amma burda ikinci bir məqsəd ola bilər. Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin özlərinin təqibinə başlanıla bilər”.
“Qadağan edilmiş qurumla əməkdaşlıq qanunsuz fəaliyyət kimi göstərilə bilər”
Ələsgər Məmmədli deyir ki, ölkədə həmin saytların bloklanması ilə bağlı məhkəmə qərarı varsa, həmin əməkdaşların qanunsuz əməkdaşlıq etdiyi deyilə bilər. Əməkdaşların təqib olunması, onları qorxutmaq ehtimalı mümkündür:
“Məhkəmə qərar verəcəyi halda, böyük ehtimalla, bu yöndə addım atıla bilər. Qadağan edilmiş qurumla əməkdaşlıq qanunsuz fəaliyyət kimi göstərilə bilər. Məncə, əslində, burdakı məqsəd də budur, nəinki resursları bloklamaq. Onsuz da, bu resurslara blok qoyulub, ancaq heç bir effekti olmayıb. Bugünkü məhkəmə qərarı atılacaq addımların legitimləşməsi məqsədi daşıya bilər”.
“Hədəfdə əməkdaşlar olacaq”
Hüquqşünas deyir ki, bu halda rəsmi qurumlar da həmin saytlara informasiya verməkdən imtina edəcəklər:
“Deyə bilərlər ki, bu, qadağan edilmiş informasiya resursudur və informasiya əldə etmək hüququnu bu şəkildə məhdudlaşdıra bilərlər. Bir ehtimal da var, məhkəmədən sonra saytlara VPN istifadə edərək girməyi də yasaqlamağın yollarını axtaracaqlar. Ancaq məncə, hədəfdə əməkdaşlar olacaq”.