Elektron Təhlükəsizlik Xidməti “AbzasMedia”nın məhkəmə qərarı ilə bloklandığını bildirir

Foto: “AbzasMedia”

Qurum qərarların ölkədə məcbur icra edilməli olduğunu qeyd edib

Altı nəfər əməkdaşı həbsdə olan “AbzasMedia” nəşri açıqlama yayaraq saytlarına və bütün sosial media səhifələrinə girişin məhkəmə qərarı ilə bloklandığını bildirib. Sayt rəhbərliyi bildirib ki, bu, onlara hər hansı xəbərdarlıq edilmədən olub.

Məlumatda qeyd edilib ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətin rəisi Samir Rəsulov “AbzasMedia işi” üzrə cəlb olunmuş müdafiəçilərin sorğusuna cavab olaraq bildirib. Samir Rəsulov qeyd edib ki, Cinayət-Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Xidmət rəisi bildirib ki, “AbzasMedia” onlayn media portalının internet informasiya ehtiyatları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il qərarına əsasən məhdudlaşdırılıb.

Daha çox korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia”nın direktoru Ülvi Həsənlivə onun müavini Məhəmməd Kekalov ötən il noyabrın 20-də, baş redaktor Sevinc Vaqifqızı noyabrın 21-də, reportyor Nərgiz Absalamova noyabrın 30-da, araşdırmaçı jurnalist Hafiz Babalı dekabrın 13-də, jurnalist Elnarə Qasımova isə yanvarın 13-də saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “AbzasMedia”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.

Hakimiyyət nümayəndələri isə daim açıqlamalarında ölkədə kimsənin işi, söylədiyi söz və siyasi baxışlarına görə həbs edilmədiyini bildirib.

Ana səhifəXəbərlərElektron Təhlükəsizlik Xidməti “AbzasMedia”nın məhkəmə qərarı ilə bloklandığını bildirir