Ələkbər Raufoğlu: Zindanların qapısını açmağın vaxtı yetişib


”Bakı daha insan haqları məsələsini ABŞ-la münasibətlərdə alver mövzusuna çevirə bilməyəcək”



Amerikanın yeni prezidenti Donald Trampın gözlənilməz açıqlamaları müzakirə predmetidir. Bu çıxışlar Amerikanın özünə, köhnə qitəyə, nəhayət, postsovet məkanına nələr vəd edir sualı aktuldır. Meydan

TV bu məqsədlə Vaşinqtonda çalışan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu ilə gündəmin suallarına cavab almağa çalışıb.


– Son 100 illik Amerika tarixi göstərir ki, fəaliyyətlərinin ilkin dövrlərində Tramp qədər etiraza məruz qalan prezident olmayıb.Bəs amerikalılar bunun fərqindədirlərmi, yoxsa tarix onlar üçün muzeydə tamaşa ediləcək eksponatlardan ibarətdir?


– Əslində tarix bu gün Amerikanın siyasi səhnəsinə işıq salmaq üçün o qədər də güclü “alət” deyil. Əlbəttə ki, amerikalılar tarixləri ilə fəxr edirlər – ələlxüsus da ötən əsr boyunca nail olduqları qlobal liderlikləri ilə. Amma tarixdən fərqli olaraq, siyasət bu gün bir çox amerikalının nəzərində dəyərlərdən daha çox ehtiyacların nümayişi olunduğu canlı muzeyə çevrilib…

Niyə milyonlarla amerikalı bu gün seçki qutusu ilə baş-başa qaldıqda, öz dəyərlərini, ideologiyalarını və hətta iqtisadi maraqlarını unudurlar? Bu, necə və nə vaxt baş verdi? Bax bu suallar artıq bir müddətdir ki, iqtisadçıları, siyasətçilərı və biz jurnalistləri düşündürür.

Nəyi nəzərdə tuturam? Məsələn, fikir verin, mühafizəkar, əlləri qırışlı fəhlə sinfi seçkilərdə səsini məntiqlə kimə verməli idi? Kasıbların müdafiəçisinə, elədir? Amma belə olmadı. Əvəzində varlılara vergi islahatları vəd edən milyoner Tramp fəhlə sinfinin dəstəyini qazandı.

Eləcə də baxın, liberallar, orta təbəqənin nümayəndələri hansı siyasi xətti dəstəklədilər – yüksək vergilər bahasına nisbətən sabit iqtisadiyyat vəd edən bir xətti. Baxmayaraq ki, bu “sabitlik” şəxsi müstəvidə orta təbəqəyə heç nə vəd etmir, əksinə onu əzir. Hər halda son 8 ilin reallığı buna əyani sübutdur – yalnız bir qrup elitdən başqa demək olar ki, az adam ondan bəhrələnə bilir…

Qəribdər ki, bu təzad hətta ailə dəyərlərinə münasibətdə də özünü göstərdi. Məsələn, ənənəvi ailə institutunun keşikçiləri qismində çıxış edən mühafizəkar qanadın seçkilərdə təmsilçisi qismində görün kim çıxış etdi: Özü bir neçə dəfə ailə qurmuş və hazırda bir model ilə evli olan Tramp…

Eyni zamanda, liberal demokratlar qadın haqlarının təmsilçisi qismində elə bir qadını irəli verdilər ki, illər əvvəl onun həyat yoldaşı Ağ Evdə təcrübə keçən bir kasıb qızla cinsi əlaqəsinə görə sorğulanarkən, o, günahsız qızı dəstəkləmək əvəzinə, yoldaşının müdafiəsinə qalxmışdı…

Sual odur ki, niyə bu gün amerikalılar öz inancları, maraqları və tarixi dəyərlərinin əleyhinə seçim etməli olublar? Deməli ki, yaşadığımız dünyada seçki tamaşaları daha tarix, ideologiya və iqtisadiyyatın yox, əsasən gündəlik ehtiyacların, emosiya və daxili səslərin səhnəsinə çerilib.

Trampa gəldikdə, haqlısınız ki, o, bəlkə də, son əsrin Amerika tarixində Ağ Evə sahiblənmiş ən qeyri-populyar prezidentdir. Hərçənd ki, onu bir çox cəhədinə görə Ronald Reyqan ilə eyniləşdirirlər. Təkcə ona görə yox ki, ikisi də populist çıxışlarla siyasətə gəlmiş Hollivud ulduzu olub. Tramp kimi, Reyqan da “Amerika – birinci!” şüarı ilə mühafizəkarların qəlbini fəth etmişdi. Amma biri var siyasət, biri də var ton. Reyqandan fərqli olaraq, bu gün Tramp heç bir xüsusi siyasi platforması ilə fərqlənməyib, sadəcə populist çıxışlar ustasıdır və odur ki, arxasında o qədər də siyasiləşmiş kütləvi elektorat dayanmır.


– Yeni administrasiyanın XX əsrin əvvəlinə qədər davam edən izolyanist siyasətə qayıtmaq imkanı varmı?


– Bu suala cavab vermək üçün əvvəlcə aydınlaşdırmaq laızmdır ki ,Tramp və onun komandası “Amerika – birinci!” deyəndə nəyi nəzərdə tuturlar: 1920-30-cu illərin özünütəcridini, ondan əvvəlki Amerikanı, yoxsa, bayaq istinad etidiyim Reyqan siyasətinin oxşarını?

Əgər sonuncudursa, onu heç Tramp tərəfdarları belə dəstəkləmir – hər halda bunu açıq formada dilə gətirirlər – ikincidirsə, deməli, Tramp hazırkı dünya reallıqlarını tam başa düşmür.

Söhbət ondan gedir ki, səslərini indiki prezidentə vermiş amerikalılar heç də qloballaşmanın düşməni deyillər, sadəcə onlar daha bu prosesin donoru olmaq istəmirlər, vəssalam.

Amerika dəyərləri o zaman keçərli və cəlbedicidir ki, o, qloballaşma ilə əks müntənasib təşkil etməsin. Amerikalılar sual edirlər ki, nədən biz gecə-gündüz çalışmalı, vergi ödəyib dünyaboyu insan kapitalının inkişafına sərmayə qoyduğumuz halda dünya bizə qarşı çevrilib. Bir tərəfdən terrorçular bizə qənim kəsiliblər, digər yandan da korrapt kleptokratlar burnumuzun ucuna qədər gəlib demokratiyamızı zəhərləməklə məşğuldurlar.

Başqa tərəfdən də, qloballaşma və texnologiyanın inkişafı artıq özünüqurban mərhələsinə yetişib. Bu, o deməkdir ki, sadə amerikalılar həm qloballaşmanı dəstəkləmək üçün yüksək məbləğdə vergi ödəməlidirlər, həm də işlərini itirə-itirə gedirlər. Belə halda sual edirlər: nədən evin içini qoyub çölünə boylanmalıyıq? Ədalətli suallardır. Amma Tramp bu problemlərin açarı ola bilərmi? Bax bu suala heç yeni administrasiyanın özündə də cavab verə bilmirlər.

Hər halda, son 10 gündə Konqressdəki dinləmələrə nəzər salsanız görərsiniz ki, prezidentlə komandası ətrafında fikir ayrılıqları yerlə göy qədərdir. Prezident “vuraram-kəsərəm” deyir, pis danışır, ətrafı yaxşı… Yeri gəlmişkən, bu prosesi azərbaycanlı məntiqi ilə izləmək olduqca qəribədir – axı böyüdüyümüz Azərbaycanda rəsmi təbliğat həmişə belə görüntü yaratmağa çalışıb ki, guya prezidentlər yaxşıdır, ətrafları pis.

Bir sözlə, indi Amerikada elə bir vəziyyət yaranıb, hətta hakim partiya içində fikirlərini öyrəndiyim siyasətçilər etiraf edirlər ki, hələlik Ağ Evdən yalnız qarışıq siqnallar alırlar…


– Qadınların mitinq-yürüşündə Skarlet Yohansenin, Eşli Çadın və nəhayət, Madonnanın sərt çıxışları rezonans doğurdu. Bu mənada Trampı müdafiə edən tanınmışlar varmı?



– Şübhə yoxdur ki, Trampın bayağı və millətçi çıxışlarını nəinki Hollivudda, heç Vaşinqtonda da əksəriyyət dəstəkləmir. Və bu da bayaq dediyim faktorla – ton məsələsi ilə birbaşa əlaqəlidir.

Həftəsonu keçirilən nümayişlərdə səslənən şüarlar da bir daha təsdiq etdi ki, amerikalılar yeni prezidentə bölümçülük və qeyri-demokratiya tonunu bağışlamayacaqlar.

Onu da deyim ki, əslində nümayişlərin məqsədi də qadın-kişi və yaxud respublikaçı-demokrat ayrıseçkiliyi salmaq deyildi. Tam əksinə, ora qatılanlar ölkədə demokratiyanın qorunması üçün vətəndaş həmrəyliyini nümayiş etdirmək və ABŞ dəyərlərini yeni administrasiyaya xatırlatmaq üçün toplaşmışdılar. Fikir verdinizsə, nə prezident özü, nə də komandası ictimaiyyət qarşısında nümayişlərin əleyhinə heç bir cümlə işlətmədi. Əskinə, yerli polislərdən tutmuş, şəhər quberniyalarına qədər bütün dövlət aparatı insanların fikirlərini azad şəkildə ifadə etməsi üçün bərqərar olunmuşdu.


– Yeni prezidentin inaqurasiya mərasimindəki 16 dəqiqəlik çıxışında insan haqları barədə 1 cümlə işlətməməsi beynəlxalq insan haqlarını müdafiə edən təşkilatlar tərəfindən hansı reaksiyanı gözlədir?

– Prezident Trampın vəd etdiyi “Amerika – birinci!” strategiyasında qlobal insan haqlarının müdafiəsinə yer yoxdur. Bu, əlbəttə ki, dünyaboyu insan haqları müdafiəçilərini məyus edib və artıq indidən bir çoxunun açıq tənqidinə səbəb olub.

Amma orası da var ki, Trampı birmənalı olaraq diktatorların dostu sırasına aid edənlər də yanılırlar. Niyə? Fikir verin, o, heç də deyildiyi kimi, bütün diktator  rejimləri dəstəkləmir: bəzilərinə rəğbət bəsləyir, məsələn, Putinin Rusiyasına. Amma bir sıra başqa diktaturaları, məsələn, Çini, İranı, Venesuellanı, Kubanı tənqid edir.

Azərbaycan hansı siyahıda yer alacaq və ABŞ-ın qlobal insan haqlarına marağını azaltması bizim üçün yaxşı xəbərdir, ya pis – bu suala birmənalı cavab vermək çətindir.

Amma bir şey bəribaşdan aydındır ki, Bakıdakı siyasətçilər daha insan haqları məsələsini ABŞ-la münasibətlərdə alver mövzusuna çevirə bilməyəcəklər. Yəni “günahsız insanları siyasi məqsədlərlə həbs edək, aylarla, bəzən illərlə zindanda çürüdək, sonra 3-4-nü azad edib Vaşinqtona dəvət alaq” siyasəti daha işləməyəcək. Odur ki, zindanların qapısını açmağın vaxtı yetişib.

Əgər Bakıda rəsmilər Vaşinqtonun diqqətini çəkmək istəyirlərsə, ilk növbədə, ölkənin imici haqqında düşünməlidirlər. Belə ki, ABŞ-dakı yeni administrasiya üçün Azərbaycan o qədər də vacib ölkə deyil. Hər hala, belə olmasaydı, Tramp və ailəsi Ağ Evin kandarına qədəm qoymamış Bakıdakı oteldən nümayişkəranə şəkildə imtina etməzdi. Baxmayaraq ki, o otel Tramp ailəsi üçün bir qəpik də olsun sərmayə mənbəyi deyildi, əksinə Bakıdan hansısa bir hərif Tramp loqosunu binadan asmaq üçün ona ildə yüzminlərlə dollar vəsait ödəyirdi.

Rəsmi mənbələrə əsaslansaq, ABŞ-ın yeni administrasiyasının həm daxili, həm də xarici siyasətdə anlaya biləcəyi bir dil olacaq – “sövdələşmə” prinsipi. Azərbaycanın isə Vaşinqtona təklif edəcəyi heç nəyi yoxdur. Bir nöyütü var, o da Avropanın enerji təhlükəsizliyi üçün vacibdir, ondan Amerikaya bir litr də olsun neft çatmır. Vaşinqtonda indiki siyasi ton isə belədir ki, Tramp administrasiyası Avropanın heç hərbi təhlükəsizliyinə sərmayə və güc sərf etmək istəmir, o ki qala enerji təhlükəsizliyinə.



– Trampın çıxışının əvvəli neobolşevizm təəssüratı doğurdu, siz necə düşünürsünüz?


– Bu təəssüratı bölüşməmək mümkün deyil. Hərçənd, söhbət təkcə bir çıxışdan getmir. Ümumilikdə Trampın son aylar ərzində ABŞ siyasi səhnəsinə gətirdiyi dil – radikal millətçi tonu – əslində ABŞ-da uzun illər mövcud olan və indiki siyasi reallığı özlərinə münasib şərait kimi qəbul edən qaranlıq millətçi qüvvələrin kəmsiyini qəfildən açıb…

O qüvvələr xeyli vaxt idi ki, siyasi səhnədən uzaq düşmüşdülər, heç seçkilərə də qatılmırdılar. Trampa isə Ağ Evin yolunu tapmaq üçün onların bələdçiliyi lazım idi. Bunun acısını amerikalılar görünür, hələ bir müddət hiss edəcəklər.

Amma uzunmüddətli prespektivdən yanaşdıqda, çətin ki, o qaranlıq millətçi qüvvələr cəmiyyətdə özlərinə yer tapsın. Amerikalıların müdrikliyi bu məsələdə hər zaman sözünü deyib və bu dəfə də mütləq qələbə qazanacaq. Sadəcə fikrini öyrəndiyim mütəxəssislər də etiraf edirlər ki, bu sahədə vəziyyət yaxşılaşmazdan əvvəl bir müddət pisləşəcək.


– Onun postsovet regionuna, xüsusilə Rusiyaya münasibəti ən çox müzakirə olunan məsələdir. Vaşinqtonda bu barədə nə düşünürlər?

– Vaşinqtonda əksəriyyət biznesmen Trampla Rusiyanın siyasi rəhbərliyi arasındakı isti münasibətlərdən narahatdır. Hərçənd ki, bu münasibətlərin prezident Trampa nə dərəcədə kömək edəcəyini ehtimal etmək hələ tezdir.

Məsələ ondadır ki, uzun illər ABŞ diplomatiyası və administrasiyalar xarici siyasətdə proqnozlaşdırıla bilən, şəffaf strategiya yürüdüblər. Yalnız Kreml onlardan fərqli olaraq, təzadlı və qeyri-ənənəvi siyasi xətti ilə fərqlənirdi. İndi isə elə bir vəziyyət yaranıb ki, səhnədəki hər iki oyunçu yazılmamış qaydalarla “oyuna” hazırlaşır.

Bu yaxşıdır, yoxsa pis? Ola bilsin ki, ilk baxışdan Tramp və Putin “bal ayından” razı qayıdacaqlar və bu, həm ikitərəfli, həm də beynəlxalq münasibətlərə müvəqqəti pozitivlik qatacaq. Amma vay o günə ki, prezident Tramp Putinin “iç üzünü” görəcək və məhz o zaman beynəlxalq siyasət özünün əsl qiyamətini yaşayacaq…  Bax bu, Vaşinqtondakı post-sovet müşahidəçilərini hazırda çox narahat edən ssenaridir…

Azərbaycana gəldikdə, əlbəttə ki, indi bizim üçün ən arzuolunmaz vəziyyət Vaşinqtonun Bakı ilə münasibətlərinə “Rusiya pəncərəsindən” baxması ehtimalıdır.  Belə ki, sabah Rusiya siyasətçiləri Azərbaycanı Qarabağda mümkün əməliyyata görə cəzalandırdıqda, Putinin dostu Tramp çətin ki,  Bakının dəstəyinə qalxsın.

Və yaxud əksinə, sabah Tramp ilə Putin yola getmədikdə, bu, birbaşa olaraq Azərbaycana da təsirini göstərəcək. Dediyim kimi, əvvəlki administrasiyalardan fərqli olaraq, Trampın “Amerika – birinci!” siyasətində nə Azərbaycana, nə də onun nöyütünə yer yoxdur.

Ana səhifəVideoƏləkbər Raufoğlu: Zindanların qapısını açmağın vaxtı yetişib