Eleanor Ruzvelt – dünyanın birinci ledisi

“Doğru olduğuna ürəkdən inandığın işi gör, çünki istənilən halda tənqid olunacaqsan – o işi görsən də lənətləyəcəklər, görməsən də”.

Source: meydan.tv

(ikinci hissə)

“Doğru olduğuna ürəkdən inandığın işi gör, çünki istənilən halda tənqid olunacaqsan – o işi görsən də lənətləyəcəklər, görməsən də”.

Eleanor Ruzvelt

O, protokol tədbirlərinin əsiri olacağından, “birinci ledi” statusunda şəxsi kimliyini itirəcəyindən ehtiyat edirdi. Ancaq Eleanor Ruzveltin qorxuları doğrulmadı, birinci ledi statusu ona yeni və daha geniş fəaliyyət imkanları yaratdı. Franklin Ruzvelt prezident olduğu illər ərzində bu fədakar və cəsarətli qadın elə faydalı işlər görəcəkdi ki, bəzən ərindən daha çox seviləcək, amma heç vaxt siyasi karyera qurmağa can atmayacaqdı. Yeri gəlmişkən, qısqanclıqdanmı, ya həqiqətən belə olduğu üçünmü, Franklin hesab edirdi ki, xaraktercə səbirsiz olan Eleanordan yaxşı siyasətçi çıxmaz.

****

Tezliklə missis Ruzvelt həyat yoldaşının ən yaxın köməkçisinə çevrilir; tez-tez onunla səfərlərə çıxır, seçicilərlə görüşür; kasıbların yaşadığı məhəllələrdə, yetim evlərində, fabriklərdə olur. Amerika aristokratiyası, ənənəçilər, irqçilər və konservatorlar yoxsul təbəqəyə – “o cinayətkar ünsürlərə” diqqətinə görə Eleanoru tənqid edirlər, hətta “Nyu-Yorker” jurnalı bununla bağlı ironik bir karikatua da dərc edir: kömür mədənində əlindəki lampanı yuxarı qaldırmış fəhlə qaranlıq tunelə baxıb həyəcanla yanındakı yoldaşına “Aman allah, missis Ruzvelt yanımıza gəlir” deyir.

Amma bunların heç biri Eleanora təsir etmir. O, qayğıya möhtac insanlara yardım göstərməkdə davam edir, bəzi hallarda hətta şəxsi vəsaiti hesabına. Çətin uşaqların təhsil aldığı məktəbə isə birinci ledi maddi dəstək verməklə kifayətlənmir, məktəbi zibilli görəndə əlinə süpürgə götürüb təmizlik işlərinə başlayır.

Ruzveltin inauqurasiyasından cəmi 6 ay sonra o, Qərbi Virciniyanın Artutdeyl şəhərinə – acınacaqlı şəraitdə yaşayan evsiz mədən fəhlələriylə görüşə gedən Eleanor geri qayıdanda onlar üçün yeni şəhərcik salmaq təşəbbüsüylə çıxış edir. Bu fikri prezident də həvəslə dəstəkləyir və az sonra hökumətin maliyyə dəstəyilə ərazidə tikinti işləri başlayır. Evlərin bir qismi hazır olanda məlum olur ki, ağ irqdən olan fəhlələr qaradərililərin də bura yerləşməsini istəmirlər. Bu xəbər Eleanorda böyük təəssüf hissi yaradır və irqçiliyə qarşı aktiv mübarizəyə başlamasına səbəb olur. Afroamerikalı fəhlələr üçün də evlər tikilməsinə nail olan birinci ledi onlara münasibətdə fərqli vergi siyasətinə qarşı da çıxır, Linç Məhkəməsini qadağan edən qanunu dəstəkləyir, onları Ağ Evdə işə götürür. Ruzvelt administrasiyasının bəzi üzvləri buna mənfi yanaşırlar, cənub ştatlarındakı demokratların səsini itirməkdən ehtiyat edən Ruzvelt də bu məsələdə arvadının mövqeyini dəstəkləmir. Amma afroamerikalılar həmişə səs verdikləri respublikaçılardan məhz Eleanora görə uzaqlaşaraq Demokrat Partiyasını dəstəkləməyə başlayırlar.

Birinci lediyə yönəlik tənqidləri Ruzvelt, adətən, sakit qarşılayır, “O, hara istəsə gedir, kiminlə istəsə danışır və bu zaman həm də bir şeylər öyrənir” deyir.

Bu qədər aktiv ictimai fəaliyyətinə görə Eleanoru qınayanlar, onun daha çox öz ailəsinə və Ağ Evin nizam-intizamına diqqət etməli olduğunu deyənlər olur. Hərçənd Eleanor övladlarına da vaxt tapır, çətin günlərində– Ceyms əməliyyat olunanda, Franklin avtomobil qəzasına düşəndə, Elliot arvadından boşananmağa hazırlaşanda və ya Enn ilk övladına dünyaya gətirəndə onların yanında olur.

Birinci ledinin ictimai-siyasi və iqtisadi məsələlərdə fəallığını görən seçicilər problemlərinin həlli üçün ona müraciət etməyə başlayırlar. Təkcə 1943-cü ildə missis Ruzveltə 300 000 məktub gəlir. Köməkçilərinin oxuyub mövzular üzrə çeşidlədiyi məktubların çoxuna birinci ledi şəxsən özü cavab yazır, digərlərini prezidentə verir.

Bir dəfə Eleanor ərindən soruşur ki, aktiv fəliyyəti, müxtəlif tədbirlərdəki çıxışları ona problem yaratmır ki? Ruzvelt arvadına belə cavab verir: “Ledi, biz azad ölkədə yaşayırıq. Həmvətənlərimlə ünsiyyət üçün mənim öz metodlarım var. Sənin fəlaiyyətinlə bağlı çətinliklərim olsa, özümü onlardan qorumağın yolunu taparam”.

1939-cu ildə miss Ruzvelt populyarlığına görə ərini “vurub keçir” – amerikalıların 67%-i onun fəaliyyətini “yaxşı” qiymətləndirir, Ruzveltin fəaliyyətinə bu qiyməti verənlərsə 58% idi. Maraqlıdır ki, ABŞ tarixində ən çox bəyənilən qadın olmuş Eleanor Ruzvelt həm də ən çox tənqid edilən birinci ledi olub.

****

Ardı-arası kəsilməyən səfərlərinin çoxuna təyyarəylə getdiyi üçün ona “uçan birinci ledi” deyirlər, o dövrdə çoxunun qorxub uzaq durduğu bu nəqliyyat növünün təhlükəsizliyinə amerikalılar daha çox onun sayəsində inanırlar. Ağ Evdə keçirdiyi 12 il ərzində (4 mart 1933 – 12 avqust 1945) Eleanor təxminən 5900 tədbirdə iştirak edib, 1400-ə yaxın müraciəti olub, yüzlərlə dəfə leksiya və hesabatlarla, “Nyu-York Tayms” ("New York Times") qəzetində məqalələrlə çıxış edib.

1934-cü ildə “Qadının ev ortağı” (“Woman's Home Companion”) jurnalıyla müqavilə bağlayaraq “Missis Ruzveltin səhifəsi” rubrikası altında ona gələn məktublara cavab verməyə başlayır. 1936-cı ildən ömrünün sonuna kimi “Mənim günüm” (“My day”) qəzetində özünün gündəlik fəaliyyəti və humanitar problemlər haqda məqalələr yazır. 1941-ci ildən yenə ömrünün sonuna kimi əvvəl “Qadınların evi jurnalı” («Ladies Home Journal»), sonra «Макколлun jurnalı» (“McCall's Journal”) nəşrlərində “Əgər siz məndən soruşsanız” rubrikasında məsləhət xarakterli məqalələr yazır (2018-ci ildə bu məqalələr kitab şəklində dərc edilib). Birinci ledi olduğu illər ərzində federal miqyaslı mətbu orqanlarda 60-dan çox məqaləsi dərc olunur. Tez-tez qadın problemlərindən də yazan Eleanor jurnalistikadan “qadınların sosial izolyasiyasını aradan qaldırmaq, onlarla qarşılıqlı ictimai ünsiyyət yaratmaq” üçün istifadə edir.

Arvadının bəzi məqalələri Franklin Ruzvelt üçün ictimai rəyi öyrənmək vasitəsinə çevrilir. Prezidentin planları barədə bilmək istəyən siyasətçilər də missis Ruzveltin yazılarını diqqətlə oxuyublar.

O, radioyla da sıx əməkdaşlıq edir. Bu məsələdə birincilik Eleanora aid olmasa da (ondan əvvəlki prezident xanımı Lu Henri Quver radioya müsahibələr vermişdi), KİV-in bu növündə öz proqramı olan ilk birinci ledi məhz missis Ruzveltdir. 1934-cü ilin yayından etibarən yayımlanan proqramında o, uşaqların təhsili, zorakılıq və cinayətləri təbliğ edən filmlərə senzuranın tətbiqi mövzularına toxunur. Qonaq qismində digər proqramlara da qatılan Eleanor elə birinci il 28 dəfə efirə çıxmaqla bu sahədə rekord qazanır. Radiodakı fəaliyyətinə görə qonorar almayacağını bəyan edən birinci ledi həmin il xeyriyyə məqsədilə 3000 dollar ianə verir. Sonrakı il “Bu, qadın dünyasıdır” adlı proqramıyla efirə çıxaraq qazancını yenə xeyriyyə fondlarına köçürür. Ərinin rəqibləri buna inanmadıqlarını deyərək onu spekulyasiyada ittiham edirlər, amma Eleanorun proqramları dinləyicilər arasında o qədər populyar olur ki, belə tənqidlər onların reytinqinə təsir etmir. 1930-cu illərdə bəzən CBS, bəzən də NBC birinci lediyə efir vaxtı ayırır. Zamanla qonororlarının illik həcmi 75 000 dollara çatan Eleanor qazancını ianə olaraq paylamaqda davam edir.

1930-cu illərin ortalarında missis Ruzvaelt dostlarının məsləhətiylə gündəlik yazmağa başlayır. 1937-ci ildə “Bu, mənim tarixçəmdir” başlığıyla dərc edilən gündəliklər bestsellerə çevrilir.

****

O dövrdə Eleanor pasifist mövqe sərgiləyir, Avropa ölkələrindəki antimüharibə ideologiyalı qadın təşkilatlarıyla, tanınmış sufrajistlərlə yaxın əlaqələr qurur. 1933-cü ildən etibarən Franklin Ruzvelt məhz arvadı və onun şəbəkəsi vasitəsilə Almaniyada baş verənlər haqqında detallı şəkildə xəbər tutur. Almaniyada – yəhudi sufrajist Klara Landsberqin evində yaşayan amerikalı alim-sufrajist Alisa Hamiltonun və digərlərinin məlumatları missis Eleanoru tədricən sərt pasifizmdən uzaqlaşdırır. Nasizim təhlükəsinin durmadan artması birinci ledini əks mövqeyə keçməyə məcbur edir və o, “Bu narahat dünya” adlı məqalə yazaraq (1938) psasifizm və özü arasındakı körpüləri birdəfəlik yandırır. Eleanorun Ruzveltdən İspaniya diktatoru general Frankoya qarşı daha konkret mövqe tələb etməsi də o dövrə aid faktlardandır.

O illərdə Eleanor Ruzveltin bioqrafiyasındakı əlamətdar hadisələrdən biri “Amerika inqilabının qızları” təşkilatından çıxmasıdır – afroamerikalılara qarşı seqreqasiya siyasəti yürüdən bu qurum məşhur qaradərili müğənni Marion Andersonun təşkilata məxsus konsert zalında çıxışına etiraz etdiyi üçün (1936) Eleanor ona Linkoln memorialının qarşısında konsert vermək imkanı yaradır.

Həmin illərdə birinci ledi militarizmə qarşı mübarizə məqsədilə yaradılmış Amerika Tələbələri İttifaqının katibi Cozef Leşlə; o cümlədən, gənclərin ölkə siyasətində iştirakını artırmaq uğrunda mübarizə aparan Amerika Gənclər Konqresinin (AGK) üzvləriylə yaxından əməkdaşlıq edir. C.Leşin solçu mövqeyindən şübhələnən Federal Təhqiqat Bürosu (FTB, ing.: FBİ) onun hətta missis Ruzveltlə də görüşünü (Çikaqo otellərindən birində) dinləyir, bundan qəzəblənən prezident hadisəni arvadına qarşı inamsızlıq kimi qiymətləndir.

AGK üzvləri isə anti-Amerika fəaliyyətində günahlandırılaraq Konqresdəki dinləməyə dəvət edilirlər (1939). Bu xəbərdən sonra onları Ağ Evə dəvət edən birinci ledi həmin dinləmələrdə də iştirak edir. Onun bu təşkilatla əməkdaşlığı nəticəsində Gənclərlə İş üzrə Ümummilli Gənclər Administrasiyası yaradılır, 16-25 yaş arası gənclərin işə və təhsilə cəlb olunması hökumət üçün prioritet elan edilir.

Eleanor Ruzvelt:

“Fikirləşəndə ki, biz bu nəsli itirə bilərik, məni dəhşət bürüyür. Biz gəncləri cəmiyyətin aktiv həyatına cəlb etməliyik, onlara lazımlı olduqlarını hiss etdirməliyik”.

Birinci ledi FTB-nin AGK fəallarına, o cümlədən, solçulara və liberallara qarşı İkinci dünya müharibəsindən sonra da davam edən təzyiqini pisləyir, makkartizm siyasətinə son verməyi tələb edir. Eleanorun bitməyən “hücumlarından” bezən odioz FTB direktoru Edqar Quver onu “qarıldayan qoca qarğa” adlandırır.

****

Bütün israrlara rəğmən, Eleanor Ruzvelt mühafizəçilərlə hərəkət etmək təkliflərini qəbul etmir. Ona, heç olmasa, silah gəzdirməyi təklif edirlər. Əvvəl buna da qəti etiraz edən birinci ledi, nəhayət, razılaşır və FTB-nin poliqonuna gedib atəş açmağı öyrənir, daha doğrusu, buna cəhd edir. Bir neçə belə cəhddən sonra E.Quver prezident Ruzveltə deyir: “Amerikada silahdan uzaq durmalı bir nəfər varsa, o da sizin xanımınızdır. O, heç anbarın qapısını da nişan ala bilmir”.

Silahla davranmağı sonradan birinci lediyə prezidentin mühafizəçisi Erl Miller öyrədir, amma Eleanorun maşınındakı tapança yenə çox vaxt doldurulmamış olur (Missis Ruzveltin Millerə isti münasibəti şayiələr doğurur, buna cavab olaraq Miller tanışlarından birinə belə deyir: ““Missis Ruzvelt” deyə müraciət etdiyin biriylə intim münasibətdə olmursan”).

Birinci ledi geyim-kecim sarıdan da “axsayır”, amma tənqidçiləri bunu onun az qala müsbət cəhəti kimi qiymətləndirirlər. Çünki Franklin Ruzvelt hakimiyyətə gələndə Amerikada iqtisadi böhran (“böyük depressiya”) yaşanırdı və prezident arvadının gözəl və bahalı paltarlar geyməsi cəmiyyətdə qıcıq yarada bilərdi.

Ola bilsin, bəzənib-düzənməyə birinci ledinin heç vaxtı da olmayıb – durmadan çalışıb; necə deyərlər, ərinin gözü, qulağı, ayağı olub; onun gedə bilmədiyi yerlərə gedib; ölkədəki problemləri, hökumətin fəaliyyətinə cəmiyyətin münasibətini öyrənib; müəyyən məsələlər məhz onun sayəsində gündəmə gəlib, həlli üçün iş başladılıb. Bəzən prezidentin qonaqlarını da birinci ledi tək qarşılamalı olub.

Yeri gəlmişkən, bu məsələdə də Eleanor Ruzvelt orijinal davranış sərgiləyib, təmtəraqdan uzaq durub – Britaniya kralı VI Georqu və onun xanımı Yelizavetanı Hayd-Parkda adi “hot-doq”a qonaq edib (1939).

****

O, mətbuat konfransı keçirən ilk birinci ledi kimi də tarixə düşüb. Franklin Ruzvelt əvvəl bu praktikanı bəyənməsə də, sonradan razılaşıb, çünki Eleanorun jurnalistlərlə ünsiyyəti onun da işinə yarıyıb. İlk dəfə prezidentin inauqurasiyasından iki gün sonra qələm əhlinin qarşısına çıxan, sonra həftədə bir dəfə onları Ağ Evə dəvət edən missis Ruzvelt toplam 348 mətbuat konfransı keçirib. İlk vaxtlarda birinci ledi ancaq qadın problemlərinə toxunub və yalnız qadın jurnalistləri dəvət edib, amma zərif cinsin təkcə ailə və ev təsərrüfatında yox, başqa məsələlər haqqında da şəxsi mövqeyə sahib olduğunu sübut etmək üçün sonralar mövzuların və dəvətlilərin dairəsini genişləndirib.

Hakimiyyətdə olduğu dönəmdə rəqibləri Ruzveltin sağlamlığını – xəstəliyinin ağlına təsir edib-etmədiyini müzakirə ediblər. Akron şəhərindəki (Ohayo ştatı) bir tədbirdə iştirakçılardan biri bu haqda Eleanora bu haqda sual verib. Birinci ledinin cavabı belə olub: “Çox şadam ki, bu sualı səsləndirdiniz. Cavabım budur – bəli, təsir edib. Bu qorxulu xəstəliyi keçirən hər kəsdə şəfqət hissi və insanlığın problemlərini anlamaq bacarığı inkişaf edir”. Auditoriya bu sözlərə gurultulu alqışlarla qarşılayıb.

Əvvəllər Missis Ruzvelt ərinin iki dəfədən artıq prezident olmasını doğru saymayıb, amma müharibə onun fikrini dəyişir. ABŞ tarixində presedenti olmayan hal yaşanır – 1940-cı ildə Franklin Ruzvelt üçüncü dəfə seçkiyə qatılmaq istədiyini açıqlayır. Partiyanın Çikaqoda keçirilən qurultayında Eleanor ərinin namizədliyini irəli sürür və bu da bir ilk olur: ona qədərki birinci ledilərin heç biri qurultayda çıxış etməmişdi.

Bəzi etirazlar olsa da, namizədlər siyahısına Ruzveltin də adı daxil edilir.

Ana səhifəXəbərlərEleanor Ruzvelt – dünyanın birinci ledisi