Eldəniz Səlimov həbsdə qaldı, deputat səlahiyyətini itirdi

Foto: Report.az

Apelyasiya məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

2010-2021-ci illərdə Milli Məclisin deputatı olmuş Eldəniz Səlimov fevralın 28-dən bu səlahiyyətlərini itirib. Çünki onun haqqında ittiham hökmü qüvvəyə minib. Konstitusiya əsasən, deputat səlahiyyətlərinin itirilməsinə əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmasıdır.

55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Eldəniz Səlimov 2021-ci ilin avqustundan həbsdə olsa da, onun haqqında məhkəmə hökmü fevralın 28-də qüvvəyə minib. Sumqayıt Apelyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Apelyasiya şikayəti təmin edilməyib – Eldəniz Səlimovun təqsirli bilinib, 3 il 6 ay azadlıqdan məhrum edilməsi haqda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Eldəniz Səlimovun məhkəmələri ictimaiyyətdən gizli şəkildə həyata keçirilib. Deputatın məhkəməsinə jurnalistlərin girişinə qadağa qoyulduğuna görə, bu məhkəmə prosesində yaşananlardan, o cümlədən Eldəniz Səlimovun ifadəsi, ona qarşı hansı sübutların olmasından ictimaiyyət xəbər tuta bilmədi.

Eldəniz Səlimov avqustun 3-də həbs olunub. Deputat iyulun 29-da qohumuna məxsus restoranda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur.

O, həbsindən öncə yaydığı açıqlamada əməlinin yanlış olduğunu etiraf edərək üzr istəsə də, bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da vurğulamışdı: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub”.

1976-cı il təvəllüdlü Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatı olub. O, 2020-ci ilin fevralında keçirilən son parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunub. Amma 2021-ci ilin yayında məlum qalmaqaldan sonra o, YAP-dan çıxarılıb.

Ana səhifəSiyasətEldəniz Səlimov həbsdə qaldı, deputat səlahiyyətini itirdi