Eldar Sabiroğlu Ramiz Mehdiyev haqda vəd etdiyi hekayəti yazdı

Saray “cəngavəri” haqqında hekayət…

Source:


Saray “cəngavəri” haqqında hekayət…


MTN olayında Administrasiya hara baxıb?

Yadınızdadırsa, bir vəd vermişdim. Demişdim ki, parlament seçkiləri qurtarsın, 22 il Prezident Administrasiyasının rəhbəri vəzifəsində oturan Ağ Evin ən qocaman «istiqlalçı» sakini, “akademik” Ramiz Mehdiyevdən bəhs edən siyası hekayətimi ictimai müzakirəyə təqdim edəcəyəm. Sözümə xilaf çıxmadım. Yazımı seçkidən sonraya saxlamağımın isə yalnız bir səbəbi vardı: Ölkədəki ciddi siyasi mərhələni nəzərə alıb, səbr etməyi məsləhət bildim.

Öncə dəhşət saçan müdhiş olayın sadəcə üzərindən sükutla keçə bilmədim. Dövlətin dayaqlarından olan Milli Təhlükəsizlik Nazirliyi relsdən çıxıb. Başqa qurum olsaydı, dərd yarı idi. Azərbaycanın tarixində ciddi xüsusi xidmət orqanı sayılan bu qurumda belə biabırçı hadisəni xatırlamaq mümkün deyil. Nazir Eldar Mahmudov rəhbəri olduğu təşkilatı rüşvət və korrupsiya, işgəncə və zor yuvasına çevirməklə buraya sarsıdıcı zərbə vurub.

MTN-də cinayətkar bandanın formalaşması axı bir günün içində yaranmamışdı. Göründüyü kimi, uzun yol gələn bu cinayətdən məgər heç kimin xəbəri olmayıb?! Bəs Administrasiya hara baxıb? Onun bu əməldən xəbərsiz olduğunu yalnız sadəlövhlərə inandırmaq mümkündür. Ramiz Mehdiyevə məxsus kəşfiyyat şəbəkəsi məmləkətdə baş verən hər hansı bir hadisədən dərhal xəbər tutduğu halda, görəsən, bundan niyə məlumatsız olub və ya bilindiyi halda dövlət rəhbərliyinə lazımi informasiya niyə çatdırılmayıb? Sanki bir qəsd ortadadır. Hökuməti və ölkəni məqsədli şəkildə biabırçı məcraya yönəldən bir qəsd. Bunun başqa izahı yoxdur. Ulu Tanrı xalqımızı və Prezidentimizi bu cür xəyanətlərdən hifs etsin.



Yunanıstanın 7 müdriki

Dünyamızda Yunanıstanın 7 müdriki haqda maraqli məlumatlar dolaşmaqdadır. Fərqli həyat tərzi keçirən bu müdriklər Yunanıstanın rəmzi hesab olunurlar. Onlardan biri Korinfil Periandırdır. Eramızdan əvvəl 629-cu ildə dünyaya gələn Periandır həm də çox əzazil və qaniçən şəxs kimi tarixə düşüb. Təsəvvür edin, kənizin sözü ilə günahsız anasını öldürən bu cəllad, “sakitləşdikdən” sonra kənizinin özünü də diri-diri odun içinə atıb. O, həyatının sonunu, ölümün lap yaxında dayandığını hiss etdikcə, öz düşüncələrində boğulurdu. Pis əməlləri səbəbindən, hətta sağ ikən qəbir yerinin naməlum qalması haqda ağlına gələn fikirlər isə onu artıq rahat buraxmırdı. Amma Periandır ölümlə gizli məzar arasındakı yolun sirrini tapmışdı. İndinin özündə də məzarının yeri heç kimə məlum deyil.

Periandırın həyatını oxuyarkən təqdim etdiyim bu siyasi hekayəmlə birbaşa əlaqəsi olan maraqlı epizoda rast gəldim. O deyir: ” Əgər sən pis iş üçün söz vermisənsə, öz vədinə əməl etməyə bilərsən, bu, sənin şərəfinə əsla ləkə gətirməz…” Bu mənada zənn edirəm ki, boş yerə söz verməmişəm. Budur, saray “cəngavəri” Rаmiz Mehdiyevin portret cizgiləri ilə üzbəüz dayanmışıq. Rənglər o qədər qarmaqarışıq və göz qamaşdırıcıdır ki, nədən başlayıb, nədə qurtaracağımı müəyyənləşdirə bilmirəm. Əlimdəki qələm də bəzən “donur”. Ciddi yanaşma tələb edən bu obraz bütün kəm-kəsirləri ilə birlikdə gözlərim önündə “əfsanəyə” çevrilib: Bəli, o, özünü cəmiyyətə dövlətin dayağı kimi təqdim edə bilib. Yəqin elə buna görə də bəzilərinə elə gəlir ki, əgər geri çəkilərsə, divar həmən çökə bilər. Əlbəttə, bu, yalnız ilk baxışdan yaranan aldadıcı təəssüratdır və bununla ancaq sadəlövhləri aldatmaq olar. İdraklı adamlar isə çox gözəl bilirlər ki, bu fövqəlsirrin taleyi vur-tut iki-üç cümləlik sərəncama bağlıdır. Bundan sonra onun yolu həmişəlik Novxanıdakı şah sarayına – memuarlar üzərində işləməyə doğru uzana bilər.

Yəni doğrudanmı bu adam ikinci xilaskar qüdrətinə malik birisidir? Gizli dəhlizlərdəki prosesləri tam təfərrüatı ilə bilməsəm də, əminəm ki, xilaskar missiyasını Allah onun alnına yazmayıb, çünki təfəkkür tərzilə tərs mütənasibdir. Lakin vəzifənin verdiyi səlahiyyətlərdən yalnız öz şəxsi maraqları üçün geninə-boluna faydalanması üzdə olan bir dövlət məmuru kimi artıq çoxdan köhnəlmiş “mühərrikinin” paslanmasına imkan verməyib.



Ramiz Mehdiyevi güclü edən səbəb nədir?

Bəs “akademik” Mehdiyevi gücləndirən, gündəmdən düşməyə qoymayan daha hansı səbəbləri var? Bu suala cavab tapmaq üçün, fikrimcə, uzun-uzadı araşdırma aparmağa ehtiyac yoxdur. Onun “qüdrətinin” hər zaman sistemin təbliğat mərkəzində dayanması, üstəgəl ideoloji rıçaqlara yiyələnməsi, bununla da, obrazının daimi olaraq mərkəz xətdə dayanmasına nail olmasıdır.

Baxın, o, ölkə mətbuatı üçün toxunulmaz sayılan yeganə dövlət adamıdır. Yuxarıdan-aşağıya hər kəs haqqında mətbuatda əsaslı-əsassız tənqidi fikirlər səsləndirilir, hətta təhqirlər, sərt yanaşmalar yer alır, ancaq təkcə Ramiz Mehdiyev bu ideoloji “basqı”dan kənarda dayanır. Ona toxunan, dəyən yoxdur. Bəzi müxalifət mətbuatının da onunla sülh sazişi “bağladığı” gerçək faktlardandır. Amma suallar nə qədər çoxdursa, cavablar ondan ikiqat artıqdır!

O üzdən çiynimi ağır yükün altına verdiyimin fərqindəyəm. Üzləşə biləcəyim təqibləri, əzab və əziyyətləri göz altına alaraq gedirəm. Çünki siyasi hekayətimin baş qəhrəmanı sıradan birisi deyil. Müxtəlif siyasi nərdivanlar üzərində “inamla” addımlayan, yaşı 80-i haqlamış bu ahılın özü ilə düşmənçilik ehtirasları arasında iynə sədəfi boyda bir yumşaqlıq görə bilsəydik, nə dərdimiz vardı. Bağışlamaq onun mürəkkəb və təzadlı həyat fəlsəfəsinə tamamilə yaddır. Ancaq bu “filosof” məqamın yetişdirmədiyi intiqama nəinki heç vaxt tələsmir, həm də rəqibini yaralayıb buraxmağı qətiyyən sevmir. Onun xarakterik cizgiləri ali siyasi dəhlizlərdəki “pantomim söhbətlər”in əksər iştirakçılarının yaddaşına belə həkk olub. Yəqin elə bu səbəbdəndir ki, qarşısında ikiqat əyilirlər. Bizi içəridən didən və parçalayan bu yaltaqlığımız, riyakarlığımız və ikiüzlülüyümüz deyilmi?..

Bu mənada Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin mühüm dövləti məsələləri olduqca aydın və sərt şəkildə gündəmə gətirməsi vəzifəli şəxsləri düşündürməlidir. Bəzi dövlət məmurları kabinetlərə çəkilib başları üzərindəki Ulu Öndərin və İlham Əliyevin portretləri altında gizlənərək, səhərdən axşamacan ya birinə tələ qurub evini yıxmaq, ya da rüşvət mənbələrini müəyyənləşdirmək kimi siyasi riyakarlıqdan, nəhayət, əl çəkməlidir. Onsuz da bəziləri boğazacan çirkabın içindədir. Xalq Prezidentin ətrafında indi əvvəlkindən daha çox birləşib. Səmimiyyətimə inanın: İnsanlarla açıq dialoqlarla daha etibarlı ünsiyyət quran dövlət başçımızın neqativ hallara qarşı qətiyyətli siyasəti ictimai rəydə ona böyük dəstək qazandırıb.

Lakin Mehdiyev kimi məmurların siyasi realizmində hədd, çərçivə əsas şərt kimi qəbul edilmir. Yeganə məqsədi xoşlamadığı adamı mübarizənin üsul və formasından, dəyər və ölçüsündən asılı olmayaraq, təslim etməkdir. Hədəfdə kimin, hansı peşənin və hətta hansı cinsin nümayəndəsinin olması isə əhəmiyyət daşımır.



Aramızdakı unudulmaz bir söhbət…

Onunla aramızdakı bir söhbəti unuda bilmirəm. Parlamentin səhər iclasından fasiləyə çıxmışdıq. Barmağanın işarəsi ilə məni yanına çağırıb Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova ilə münasibətimin nə yerdə olduğunu soruşdu. Dərhal anladım ki, ortada nəsə bir konflikt var. Sonra gülə-gülə xalq artistinin əleyhinə mətbuatda kəskin yazıların dərc olunmasının vacibliyini vurğuladı. Yerimdəcə donub qaldım. Səbəbini soruşdum və cavab gözləmədən əlavə etdim: “Axı o, bizim adamdır.” Həqiqətən, Şəfiqə xanımı ulu öndərimiz Heydər Əliyevin sədaqətli müdafiəçisi kimi tanıyırdım. Bu günün özündə də fikrimi dəyişməmişəm. Şəfiqə xanımla parlamentin ilk iclaslarından səmimi ünsiyyətimiz yaranmışdı. Ona görə də heç cür bu fitvaya gedə bilməzdim. Mövqeyimi anlayan kimi Heydər Əliyev dövrünün fəlsəfə dosentinin incidiyini hiss etdim. Sözü uzatmadan xüdahafizləşdi. Gözlərim onun arxasınca dikilib qaldı. Bununla belə, Ramiz Mehdiyevin Şəfiqə xanımı “vurmaq” niyyəti bu gün də mənim üçün sirr olaraq qalır. Çox qəribədir: ona nə vermişdi, nəyi ala bilmirdi?…



Qorxulu və kinli adam

Elə həmin andaca bu qorxulu və kinli adamın, yumşaq desəm, gələcəkdə qura biləcəyi tələlərdən özümü qorumaq qərarına gəldim. Yanılmamışdım. Münasibət artıq o deyildi. Bir də eşitdim кi, nəzarətimdə olan və iqtidarın siyasətini dəstəkləyən “Dövran” qəzeti məhkəməyə verilib…

Tale elə gətirdi ki, bu hadisədən iki gün sonra ulu öndərin yanında müşavirə keçirildi. O müşavirəyə mən də dəvətli idim. Vəziyyət barədə umummilli liderimizə məruzə etdim və “Dövran” qəzetinin məhkəməyə verildiyini bildirdim. O, dərhal Ramiz Mehdiyevdən məsələnin mahiyyətini soruşdu. Administrasiya rəhbərinin cavabı qısa oldu: “Bəzi müxalifət qəzetlərini məhkəməyə vermişik, “Dövran” qəzetini də “kompensasiya” üçün onların gözunə qatmışıq ki, cəmiyyətdə etiraz doğurmasın”. Ulu öndər Mehdiyevə çox bərk əsəbiləşdi: “Bu, nə siyasətdir, siz nə işlə məşğulsunuz? Yığışdırın qəzetləri məhkəməyə vermək tendensiyasını!” Sonra üzünü Milli Məclisin sədri Murtuz Ələsgərova tutub soruşdu: “Siz hüquqşünassınız, buna necə baxırsınız?” Murtuz müəllim Ali Məhkəməyə müraciət etməyin zəruriliyini təklif edəndə Heydər Əliyevin məşhur gülüşü müşavirəyə bir sərinlik qatdı: “Ali Məhkəmədən qabaq Bakı Şəhər Məhkəməsi vаr. Ali Məhkəmə isə son mərhələdir…” Bununla da, həm “Dövran”ın, həm də digər müxalifət qəzetlərinin məhkəmə məsələləri biryolluq qapandı. Qəzetlər Ramiz Mehdiyevin “ideoloji həbsxanası”ndan qurtuldu.



Оnlarla səmimi və sadiq Heydər Əliyevçi Onun qəzəbinə tuş gəldi

Ümumiyyətlə, Ramiz Mehdiyevin ictimai-siyasi proseslərə fərqli yanaşma kriteriyası var. Ancaq bir çox halda qorxu hissi onu əsasən ehtiyatlı davranışa, pərdələnməyə vadar edir. Оnlarla səmimi və sadiq Heydər Əliyevçi məhz Ramiz Mehdiyevin qəzəbinə tuş gələrək müxtəlif bəhanələrlə sıradan çıxarılıb. Amma bilavasitə özünə bağlı olan hansısa şəxsin təqib və təzyiqə məruz qalması barədə nümunə üçün bircə fakt belə tapmaq mümkün deyil. Çünki qarşısında qul kimi əyilib xidmət göstərən adamları qoruyur. O üzdən əleyhinə yönəlmiş adi tənqid belə top-tüfənglə qarşılanır: Ona toxunmaq yasaqdır!

Təsadüfi deyil ki, tənqidi qeydlərimdən sonra xısın-xısın yaxınlaşıb mənə “sən odla oynayırsan” deyənlər çoxdur. Onları başa düşürəm. Amma bir məsələ ilə razılaşa bilmirəm. Yəni doğrudanmı prezident aparatında Ramiz Mehdiyev üçün toxunulmaz sərhəd zolağı elan edilib, bizim xəbərimiz yoxdur?!

Ancaq bu günlərdə artıq belə bir total təpkini öz üzərimdə hiss etdim. Mehdiyev barədə iki kəlməlik sözüm ağır bir daşa çevrildi. Ramiz Mehdiyevin “tənqidçiləri” nəinki əleyhimə yazmağa başladılar, hətta məni cəmiyyətə vətən xaini kimi təqdim etməkdən belə çəkinmədilər. Bir əsassız, məntiqsiz cızma-qara isə bütün ölkə mətbuatını başına götürdü, sanki fövqəladə hadisə baş vermişdi. Hələ bu azmış kimi, ürəyi soyumayan qisasçı dəstə məni vaxtilə Heydər Əliyevə qarşı məqalələr yazmaqda, bunun bir qismini isə guya “Azadlıq” qəzetində çap etdirməkdə suçladı, ünvanıma saxta və yalan ittihamlar səsləndirdi. Bu qaragüruhçulara müraciət edirəm: “Əlinizi ürəyinizin üstünə qoyub mənim Heydər Əliyev haqqında dediyim artıq-əskik nəinki hər hansı bir cümləni, hətta hər hansı bir kəlməni ortaya qoyun! İddianızı sübut edin. Əks təqdirdə namərdliyinizi boynunuza alın”.

Mehdiyevin kölgəsinə sığınanlar məni həm də ulu öndərin adını çəkməklə siyasi divident qazanmaqda suçlayırlar. Qoy olsun! Bəs bu əvəzsiz şəxsiyyətin adını çəkməkdə sizlərin məqsədi, məramı, qazancı nədir?! Bəlkə mənim üçün yaddır, sizin üçün doğmadır?! Siz bir bu harın həriflərin qənaətinə baxın!



7  arxa dönəninizə də bəs edəcək qədər çapıb-taladığınız milyonlar…

Əslində, bütün bu dərd-bəlaların kökü cəmiyyətin özündən gəlir. Birisini tərifləyirsən, həmən “nəsə istəyir” deyirlər; tənqid edirsən, dərhal yarlığı kürəyinə yapışdırıb, “umacağını ala bilmədiyinə görə qələmə haram qatmağa başlayıb” iddiasını ortaya atırlar. Axı gördüklərinin qarşısında necə lal-kor ola bilərsən? Əks qütbün iddiası isə tamam fərqlidir: guya “akademik” Ramiz Mehdiyevə atılan daşları cibimə yığan ölkədəкi böyük söz sahibi kimi tanınmış qüvvələrdir. Şübhələrin ünvanı təxminən bəllidir. Mehdiyevin siyasi “cocuqlarının” təhqir və böhtan dolu o biabırçı və komedik cızma-qarasında da o ünvana ciddi eyham vurulur. Keşkə, uydurma gerçək olaydı. Özümü xöşbəxt sanardım. Yazıq sizin kimi xudbinlərin gününə. Əlinizdəki səlahiyyət, yeddi arxa dönəninizə də bəs edəcək qədər çapıb-taladığınız milyonlar elə bilirsiniz ki, ağlınızı da qıcqırdıb?

Belələrinə xatırlatmaq istəyirəm ki, sovet komminist məktəbinin mətin əsgəri Mehdiyevin tezisləri artıq öz aktuallığını itirib. Prezidentin yenilikçi mövqeyi onun boyat düçüncə tərzinə ciddi zərbələr vurur. Aparat yeni ab-havaya köklənib. Hökumətin iclasında hörmətli dövlət başçısının “daha hövsələ qalmayıb” deməsi isə çoxlarının kürkünə birə salıb. Administrasiyanın fəaliyyətinə daha mükəmməl çalar vermək, bundan ötrü ağlı və sədaqəti, dövlət işində dürüst mövqeyi ilə seçılən, çevik idarəetmə metodlarını mənimsəyib, nəhayət, həm də humanizmi ilə diqqəti cəlb edən təcrübəli kadrlarla təminat həyati zərurətə çevrilib.

Mənə görə, zamanın sərt hökmü önündə hər birimiz imtahan veririk. Amma bu dünyanın sorğu-sualları müəyyən mənada ötərgidir. Daha ciddi səciyyə kəsb edən axirət sual-cavablarını, hesablaşmalarını unutmayın. Pislik edənləri, insanları əzənləri, itaətinə tabe olmayanları çıxdaş edənləri Böyuk Allah yekundа ağır və məşəqqətli sorğu-suala çəkəcək. Buna əmin olun…



Lavrenti Beriyanın obrazı…

Lavrenti Beriyanın sonu nə ilə qurtardı? Mən hekayətimin qəhrəmanına o günü arzulamıram, bir də 30-ci illərdə yaşamırıq ki. Sadəcə xarakterlərin müqayisəsi yadımızda müəyyən oxşarlıqlarla qalır. Dərinliyə getmək niyyətim yoxdur, çünki tənqiddə əzazilliyi qəbul etmirəm. Sadəcə alman fəlsəfəsinin banilərindən olan İ.Kantın maraqlı bir fikrini xatırladıram: “Güclü insan özündən zəifi məğlub edə bilər, amma unutmamalıdır ki, ondan da güclüsü vardır”.

Məsələ burasındadır ki, Mehdiyevin siyasi obrazını yaratmaq Lavrenti Beriyanın həqiqi obrazını yaratmaqdan da çətindir. Bu ziqzaqlı siyası xadimin vicdanına təqibə tab gətirməyib ürəyi partlayan, yaxud baş götürüb ölkəni tərk edən neçə-neçə günahsız insanın taleyi yazılıb. Tam əminəm, o qurbanların qaranlıq taleyinə düşəcək işıq da indi tarixin hansı qatındasa yol gəlir…

O üzdən vaxtilə Əbdürrəhman Vəzirovun keçirdiyi ilk plenumda Azərbaycan KP MK-nin katibi Ramiz Mehdiyevlə dialoqunu təqdim etməyə hələlik tələsmirəm. Plenumda Kremlin avtoritar təbiətilə seçilən bir nümayəndəsi – Sov.İKP.MK katibi Kapitonov da iştirak edirdi. İlk dəqiqələrindən ta sonunadək məqsədli şəkildə haqsızcasına Heydər Əliyevin təftişi ilə məşğul olanların sırasında Ramiz Mehdiyev də vardı. Lakin səsini içinə çəkib susmuşdu. Plenumun Mehdiyevlə bağlı hissəsini indi partiya arxivlərində tapmaq mümkünsüzdür. Niyəsi hamımıza gün kimi aydındır, çünki bu tarixi səhnənin qeybə çəkilməsini idrak etməyəcək qədər sadəlövh deyilik.


Əbdürrəhman Vəzirovla Ramiz Mehdiyevin tarixi dialoqu

Maymaq təbiəti ilə məşhurlaşan və Moskvadan Azərbaycan xalqına zülm etməkçün göndərilən, işi-peşəsi yalnız Heydər Əliyevin təftişi ilə məhdudlaşan, anti-Azərbaycan təfəkkürlü Vəzirovun həmin plenumda, deyilənə görə, Mehdiyevə belə bir iradı olub: “Sənin də bu işlərdə az günahın yoxdur, Ramiz Ənvəroviç!” Dərhal üzünü Vəzirova tutan R.Mehdiyev acizanə bir şəkildə deyib: “Əbdürrəhman Xəliloviç, kommunist yoldaşlarım burdadır, onlar da təsdiqləyərlər ki, bizim heç bir günahımız yox idi. Rəhbərliyin sözü qanundan yuxarıda dayanırdı. Yerinə yetirmədiyimiz halda, bizi MK bürosunun ağır cəzaları gözləyirdi”.

Bu qısa tarixi epizod Mehdiyevin həyat və fəaliyyətini dəyərləndirmək baxımından, zənnimcə, bizə çox qaranlıq mətləblərin üzərindəki pərdəni götürmək imkanı verir. Ultrakommunistin öz mənafeyi naminə kritik hallarda istənilən siyasi obraza girə bilmək bacarığı zərrə qədər də şübhə doğurmur. O, müxtəlif səhnələrdə müxtəlif rolları oynamağı ustalıqla bacarır. R.Mehdiyevi indiyədək ayaqda saxlayan da elə bu keyfiyyətidir. Böyük və təkrarsız dövlət xadimi Heydər Əliyev belə söyləyirdi: “Vəzifə insanlara yalnız səlahiyyətlər verir…” Olduğu kimi ifadə etdim. Öndərimizin ruhundan üzr istəyərək onun müdrik kəlamlarının ardını gətirməyi rəva görmədim. Çünki çox iti və kəskin ifadələrdir. Bunu yalnız O deyə bilərdi.



Ramiz Mehdiyevlə daha bir xatirə…

Haqqında danışdığım “qəhrəmanı” yaxından tanımaq üçün xatirələrdən daha bir yarpağı diqqətinizə çatdırmaq istəyirəm. Heydər Əliyev adına sarayda tədbirdə idik. Onunla burada da söhbətimiz oldu. Yenə R.Mehdiyevi narahat edən bəzi məsələlər var idi. Bu, o zaman idi ki, rəhmətlik Abbas Mustafayev (YAP Binəqədi rayon təşkilatının keçmiş sədri) administrasiya rəhbərini rüşvətxorluq və korrupsiyada təqsirləndirərək, barəsində KİV-də silsilə məqalələrlə çıxış edirdi. Bu isə cəmiyyətdə geniş rezonans doğuraraq Ramiz Mehdiyevin siyasi fəaliyyətinə sarsıdıcı zərbələr endirirdi. Bunu özü də gözəl bilirdi. Ona görə də məndən rəhmətlik Abbasla danışmağı xahiş etdi. Səhəri gün mənə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü, əsl Əliyevçilərdən biri Yaqub Əliyev də zəng edərək məsləhət gördü ki, Abbas Mustafayevin bu məsələlərə son verməsi ilə bağlı onunla danışım. Abbas Mustafayevin əleyhdarları, necə deyərlər, ilanı Seyid Əhməd əlilə tutmağı da yaddan çıxarmamışdılar. Nə isə. Beləliklə, YAP rayon təşkilatı ilə icra hakimiyyəti arasında olan gərgin vəziyyəti aradan qaldırmaq üçün oraya göndərildim. Və ilk andan işin nə yerdə olduğunu başa düşdüm. O üzdən başqa bir nəfərin də mənimlə getməsini istədim. Adı yadımdan çıxsa da, o zaman təşkilat şöbəsində çalışan bir nəfəri də yanıma qoşdular. Beləliklə, icra hakimiyyətinin başçısı İnqilab Nadirovun kabinetinə daxil oldum. Rayon prokurorunu, polis idarəsinin və MTN rayon şöbəsinin rəisini orada görən kimi, ciddi bir tələ qurulduğunu hiss etdim. İ.Nadirov üzünü mənə tutub dedi: “Bu gün yubanmadan YAP rayon təşkilatında qayda-qanun yaratmaq istəyirik. Mərkəzi aparatın razılığı ilə qərara almışıq ki, bilavasitə sizin müşahidəniz və iştirakınızla A.Mustafayevi zəbt etdiyi Binəqədi rayon təşkilatının ofisindən çıxardaq”.

Nadirova bildirdim ki, bu, qarşıdurmaya səbəb olar və partiyanın ünvanına yaxşı heç nə gətirməz. Onlar məni dilə tutmağa çalışsalar da, belə bir işə gedə bilməyəcəyimi dedim və kabineti tərk etdim.

Amma A.Mustafayevlə ikimizin arasında uzun söhbətimiz oldu. Rəhmətlik, doğrudan da, ipə-sapa yatmırdı. Ancaq birtəhər onu yola gətirə bildim. Sözünun üstündə duran Mustafayev bir daha Ramiz Mehdiyevə qarşı neqativ çıxışlar etmədi. Beləliklə, bu ədavətə qarşılıqlı şəkildə son qoyulduğunu düşündüm.

Lakin sonrakı hadisələr göstərdi ki, administrasiya rəhbərinin kin-küdurəti kül altındaymış. Sədaqətli Heydər Əliyevçi və Yeni Azərbaycan Partiyasının öncüllərindən sayılan Abbas Mustafayev az sonra partiya sıralarından çıxarıldı. Bu planının quruluşçu rejissorunun məhz Ramiz Mehdiyev olmasını isə sonradan bildim. Bu işdə onun köməkçiləri də xüsusi canfəşanlıq sərgiləmişdilər.



Abbas Mustafayevin axırına çıxdılar

Göründüyü kimi, R.Mehdiyev heç bir məsələdə unutqan deyil. Enində-sonunda bax beləcə Abbasın axırına çıxdılar. Bir neçə ildən sonra isə bu məsələdə Mehdiyevə yaxından yardım göstərən Yaqub Əliyev də tutduğu vəzifədən azad edildi. Səbəbini dostumdan soruşanda bildirdi ki, “gəl bu məsələnin üzərinə getməyək”. Amma dalağım sancmışdı. Bir qədər sonra aydın oldu ki, Yaquba da zərbə tələsini saray «cəngavəri» hazırlayıbmış.

Görürsünüzmü nələr baş verir? Ramiz Mehdiyevlə oyun oynamağa girişən sonluğun necə bitəcəyini, obrazlı desəm, əvvəlcədən ölçüb-biçdikdən sonra meydana atılmalıdır. Əks təqdirdə, Lavrentinin qılıncı başı bədəndən elə qoparar ki, bir daha onu yerinə yapışdırmaq üçün dünyanın ən məşhur neyrocərrahları bir yerə toplaşsa, əlac tapmaq mümkün olmaz.



Rauf Hüseynov necə tora salındı?!

Hekayətin bu hissəsini isə qələmə almaq barədə çox düşündüm, tərəddüdlərim də az olmadı: yazım, ya yox? Lakin müxtəlif mənbələrdən eşitdiyim və əldə etdiyim məlumatlar mənə qüvvət verdi ki, cəmiyyətin bilmədiyi bu məsələ barədə fikirlərimi bölüşüm. Söhbət Ulu Öndərin şəxsi tərcüməçisi olmuş və gələcəyinə ümid bəslədiyimiz Rauf Hüseynovun Mehdiyev tərəfindən necə tora salındığından gedir: Sən demə, bu ahıl intriqa ustası vəziyyətdən yararlanmağa və beləliklə, hakimiyyət sevdasına düşüb yollar axtarırmış. Yəni dərinlikdə bizim bilmədiyimiz proseslər cərəyan edirmiş. Rauf Hüseynov mütəmadi olaraq Ramiz Mehdiyevi Heydər Əliyevin durumu və həkimlərin rəyi ilə məlumatlandırırmış.

Onlar bununçün intensiv görüşlər və xəlvəti söhbətlər edirmiş. Hətta merkantil maraq bu iki həmfikiri dərhal fəaliyyətə başlamağa və konkret nəticələr əldə etmək üçün səyləri birləşdirib reallaşdırmağa sövq edirmiş. Lakin çox uzun gedə bilmədilər, Rauf Hüseynovun kürəyini söykədiyi şəxsin tam fikrini bilmədən ona müraciət etməsi xəyanətin üstünü açdı. Partiya sədrlərindən birinə və millət vəkilinə niyyətini bildirən Rauf özünü qaçılması mümkünsüz zərbə altında qoyur: “Vəziyyət çox çətindir. Ölkənin gələcəyi üçün təcrübəli dövlət adamının prezident olmasına çalışmalıyıq.” Partiya sədri Raufdan soruşur: “Siz kimi nəzərdə tutursunuz?” Tərcüməçi Ramiz Mehdiyevin adını çəkir və ardınca deyir: “Bunu üçün indidən təbliğat işinə başlamalı, R.Mehdiyevin ölkədaxili təbliğatı ilə iqtidar nümayəndələri, beynəlxalq aləmdə müxalifət partiyaları və siyasətçiləri iş aparmalıdırlar”. Partiya sədri öz hisslərini büruzə vermədən həmin an qərara gəlir: “Heç bir vasitə ilə bu təxribata getmək olmaz!” O, bu fikri rəhbər tutaraq, lazımi adamların vasitəsilə məlumatı Heydər Əliyevə və ona canı-qanı ilə bağlı olan yaxın ətrafına çatdırır. Nəhayət, Rauf bir daha Ulu Öndərin yanında görünmür və birdəfəlik Ağ Evi tərk edir. Bunu təsadüfən xatırlamadım. O zaman siyasi dəhlizlərdə belə söhbətlər dolaşırdı. Bu gün R.Mehdiyevin özündən soruşmaq istəyirik, şəxsi tərcüməçi nədən çıxdaş edildi!?

Amma nədənsə ağır situasiyalardan həmişə quru çıxan administrasiya rəhbəri bu dəfə də bir gənci güdaza verməklə özünü hədəfdən yayındırır. Həmin ərəfədə “Yeni Müsavat” qəzetində təxminən bu başlıq altında dərc edilən “Ramiz Mehdiyevin prezidentliyinə necə baxırsınız” geniş təhlili yazı da təsadüfi deyilmiş…


Bu qisası məndə də qoymaz!

Qismət olarsa, o, bu qisası məndə də qoymaz. İndi çox güman ki, endirəcəyi zərbələr, hətta məni tamamilə şil-küt etmək üçün ən qəddar planlar üzərində işləyir. Buna şübhəniz olmasın! Üstümə yeriyən “cocuq”larının mənə “sən hara, o hara” demələri də təsadüfi deyil. Olsun. Görünür, mənəvi-siyasi “ata”larının lazım gələrsə, hətta südəmər uşaqla intriqa aparmaq hikkəsindən ya xəbərsizdirlər, ya da onun yenilməzliyinə və əbədiliyinə bəslədikləri inam ağıl hüceyrələrinin təyinetmə kəsərini tamamilə azaltmışdır.

Saray “cəngavər”i bizim bildiyimizdən də qorxulu və amansızdır. Hədəfi zərərsizləşdirməyə tələsməyən bu adam qarşısındakının arxayınçılığını hiss edən kimi torunu işə salıb intiqamını alır. Belədə soruşa bilərsiniz ki, o zaman bu təhlükəli subyektlə nədən çiling-ağac oynamaq həvəsinə düşmüşəm? Haradasa, sualda bir həqiqət var, ancaq məni artıq uzun illərdir Ramiz Mehdiyev kabusunun üzərindəki qara pərdəni çəkmək düşüncəsi də rahat buraxmır…



Ramiz Mehdiyev Səfər Əbiyevə niyə zəng edib?

Yeri gəlmişkən, bir gün idi ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olunmuşdum. Bunu bilən kimi R.Mehdiyev nazirə zəng edir və “niyə o düşməni işə götürmüsən?”,- deyir. Səfər Əbiyev əvvəlcə duruxur, daha sonra isə ondan soruşur: “Siz kimi nəzərdə tutursunuz?” “Eldar Sabiroğlunu deyirəm”,- R.Mehdiyev cavab verir. “Axı, mən onu dost kimi, hakimiyyətin müdafiəçisi qismində tanıyıram” cavabından sonra isə söhbət kəsilir…

Lakin ədavət hissi yenə də kəsilmək bilmir. Xidməti işimlə əlaqədar rəhbərliyin tapşırığına əsasən keçirdiyim mətbuat konfranslarının və verdiyim açıqlamaların televiziya ekranlarında göstərilməsi Mehdiyevin mətbəxini qane etmədiyinə görə, sonradan daha iyrənc bir kampaniyaya başlanıldı. Ölkə televiziyalarına üzümün və səsimin ekranlardan birdəfəlik yığışdırılması haqqında tapşırıq verildi . “Ağsaqqal” belə istəyirmiş. Həqiqətən, ANS və Lider istisna olmaqla, digər telekanallarda göstəriş tam yerinə yetirildi. Yalnız məsələ lazımi instansiyaya çatdırıldıqdan sonra vəziyyət öz təbii məcrasına düşdü…

Ümumuyyətlə, bu saray “cəngavər”i Mudafiə Nazirliyini nişangaha götürmüşdü. Bütün mətbuat, demək olar ki, hər gün çeşid-çeşid, əsaslı-əsassız yazılarla Silahlı Qüvvələri tənqid atəşinə tutur, nazirliyin rəhbərliyi ilə cəmiyyət arasında uçurum yaratmaq üçün həqiqəti əks etdirməyən yalan və saxta informasiyalarla gündəmi zəbt edirdi. Bəzən adama elə gəlirdi ki, Mudafiə Nazirliyi belələri üçün düşmən hərbi idarəsi ilə eyniyyət təşkil edir. Sosial şəbəkələr də bu mətbəxin əsirinə çevrilib nazirliyi hədəf götürmüşdü. Şükürlər olsun ki, indi bu tendensiya, demək olar ki, aradan qalxıb. Məlum qərar ordunun əleyhinə yazmaq təşəbbüslərinin qarşısına sipər çəkib…



Mitinqlər Ramiz Mehdiyevin mətbəxində hazırlanırdı

Yəqin 2013-cü ilin yanvar ayındakı aksiyaları unutmamısınız. Müdafiə Nazirliyinin əleyhinə təşkil olunmuş mitinqlər sosial şəbəkələr vasitəsilə məhz Ramiz Mehdiyevin mətbəxində hazırlanırdı. Son aksiya bəzi ticarət təşkilatlarından avtobuslarla gətirilmiş adamların hesabına daha mütəşəkkil təşkil olmuşdu. İcəzəsiz mitinqlərdə Müdafiə Nazirliyi və bütövlükdə ordu haqqında çox kəskin və aşağılayıcı bəyanatlar səsləndirilirdi. Demək olar ki, bütün dünya televiziyaları bu hadisəni manşetə çıxararaq Azərbaycan ordusu haqqında zərərli məlumatlar yayırdı. Bu, həmən dövrə təsadüf edirdi ki, Prezident ölkədən kənarda rəsmi səfərdə idi. Mitinq demək olar ki, Ağ sarayın 7-ci mərtəbəsi tərəfindən idarə olunurdu…



Akademik Həsən Əliyevin dəfni

…1993-cü ilin fevral ayı. Şaxta adamın iliyinə işləyirdi. Yollar buz bağladığından, nəqliyyatın hərəkəti dayandırılmışdı. “Kaspar” xəstəxanasından üzüyuxarı Elmlər Akademiyasının dairəvi salonuna tələsirdim. Bərk üşüyürdüm. Əynimdəki qısa və nazik gödəkçənin soyuqdan qorunmağıma “gücü” çatmırdı. Nəhayət, Akademiyanın həyətinə gəlib çıxdım. Bir də baxdım ki, əynində trap palto, başında tüklü papaq balacaboy bir nəfər qapıdan keçib liftə doğru gedir. Bu, Ramiz Mehdiyev idi. Mən isə dairəvi salona daxil oldum. Burada görkəmli akademik Həsən Əliyevin cənazəsi qoyulmuşdu. İçəridə heç 60-70 nəfər də yox idi. Dəhşət məni bürüdü. Bəs bu Heydər Əliyevin çörək verdiyi, adam elədiyi insanlar harada qırılmışdı? (İndi sinəsinə döyən, sanki bələkdə belə Heydər Əliyevin vurğunu olan bugünkü vəzifə sahiblərindən də heç biri gözə dəymirdi.)

Ramiz Mehdiyevin gəlişini səbirsizliklə gözləyirdik. Ümidimz ona qalmışdı ki, Fəlsəfə İnstitutundan aşağı düşüb, bura gələrsə, ona görə adamların sayı da artar. Amma sən saydığını say, gör fələk nə sayır. Ramiz Mehdiyev nəinki vida mərasiminə gəlmədi, hətta kabinetinin qapısını onu dairəvi salona dəvət edənlərin üzünə çırpdı. Beləliklə, akademik Həsən Əliyevin cənazəsi qaldırıldı, Fəxri Xiyabana gedənə qədər soyuqdanmı, ya başqa səbəbdənmi, onsuz da az olan adamlar lap seyrəlməyə başladılar. Qəbir üstündə cəmi 20-30 nəfər qalmışdı. Həsən Əliyevi, Heydər Əliyevin doğma qardaşını bax beləcə torpağa tapşırdıq… Cəlal Əliyev və Həsən müəllimin oğlu Rasim Əliyev bu biganəliyin, laqeydliyin şahididirlər…



Ala qarğanın səsi…

…Qaranlıq düşür. Yağış dayanmadan yağır. Nəyə görəsə bü cür havalarda özümü çox rahatsız hiss edir və xəyalların ağuşundan ayrıla bilmirəm. Hey fikirləşirəm, görəsən, bu yağış nə zaman kəsəcək. Birdən yaşadığım binanın üzərində qarğa səsi eşidildi. Qəribədir, axı belə havalarda qarğalar adətən uçmurlar, yuvalarına çəkilirlər… İndi isə qarğanın səsi kəsilmək bilmirdi. Eyvana çıxdım. Baxdım ki, ala qarğadır. Təəccübləndim, axı buralara qarğa heç gəlməzdi…



20 oktyabr, 2015-ci il




P.S. Ölkə saytlarından bir neçəsindən bu yazının dərc olunmasını xahiş etməyimə baxmayaraq, yaxın buraxan olmadı. Haradasa bunu da başa düşürəm. Lakin deyəndə ki, zarafat edirəm, yazı Prezident İlham Əliyevin əleyhinədir, həmən razılaşdılar. Artıq bu yerdə əlavə sözə yer qalmır.



Eldar Sabiroğlu



Meydan TV akademik Ramiz Mehdiyevin də mövqeyini dərc etməyə hazırdır

Ana səhifəXəbərlərEldar Sabiroğlu Ramiz Mehdiyev haqda vəd etdiyi hekayəti yazdı