Eldar Sabiroğlu: İlham Əliyev öz qisasını oğlumuzdan aldı

Amma uzun müddət dişi ağrıdığı üçün müalicə olunub, iynə vurulub.

Source: meydan tv


''Ankarada həkimlər Rüfətin Hepatit-C xəstəliyinə düçar olduğunu aşkar ediblər''

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu müraciət yayaraq martın 16-da imzalanan əfv sərəncamı ilə azad edilən oğlu Rüfət Səfərovun həbsxanada Hepatit-C xəstəliyinə tutulduğunu bildirib.

“Bu müraciəti sizə həyacan dolu hiss və urək yanğısı altında ünvanlayıram. Nəhayət ki, qəddar hakimiyyət və onun başında duran İlham Əliyev öz qisasını oğlumuzdan aldı. Ankarada Rüfəti həkim müayinəsindən keçirdiyimiz zaman onun Hepatit-C xəstəliyinə düçar edildiyi aşkar olundu. Həkimlər bildirdi ki, əllərindən gələni edəcəklər, lakin son qərar Allaha bağlıdır. Rüfət həbsə düşməzdən qısa müddət qabaq “check up” müayinədən keçmiş və heç bir problem görünməmişdir. Demək İlham Əliyev intiqamını belə alır! Xalqım, dualarınızı əskik etməyin. Prezident unutmasın ki, onun da bir oğlu var!”.

Rüfət Səfərov
Rüfət Səfərov

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Mehman Sadıqov deyib ki, məhkumlar istintaq təcridxanasına daxil olan günü müayinədən keçirilir.

“Ümumiyyətlə, cəzaçəkmə müəssisələrində mütəmadi şəkildə məhkumlar tam şəkildə müayinədən keçirilir. Hər hansı bir problem olarsa, təcili həkim müdaxiləsi olur. Əgər məhkum başqa tibb müəssisəsindən mütəxəssis dəvət etmək istəyirsə, ona da şərait yaradılır. Eyni zamanda, vərəm, Hepatit və digər xəstəliklərin əleyhinə kifayət qədər tədbirlər keçirilir. Bununla bərabər yeni tibb avadanlıqları alınıb. Eldar Sabiroğlunun açıqlamasını oxumuşam, ancaq daha konkret sualları Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə ünvanlayın”.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da məhkum istintaq təcridxanasına gətiriləndə ilkin müayinələrin aparıldığını dedi:

“Hepatit-C qanla ötürülən infeksiyalara aiddir və kütləvi müayinələr aparılır. Hər hansı məhkumun analizində Hetatit-C olanda müayinə aparılır. Rüfət Səfərov isə Hepatit-C-yə görə ilkin müayinə olunmayıb. Hepatit-C-yə yoluxmaya bir əsas olmalıdır və qanla ötürülən infeksiya olduğundan qanla bir prosedur olmalıdır. Onun dişi də çəkilməyib. Hər bir stomatoloqun alətləri sterilizasiya olunur. Bütün ləvazimatlar sterilizə olunur, iynələr də birdəfəlikdir. Ümumiyyətlə, heç bir məhbus da istifadə olunan iynələrin yenidən istifadəsinə icazə verməz. Nəhayət, məhbuslar arasında maarifləndirmə işləri aparılır”.

Penitensiar Xidmət
Penitensiar Xidmət

Meydan TV yenidən Eldar Sabiroğlu ilə əlaqə saxlayıb.

E.Sabiroğlu deyib ki, Rüfət Səfərovun qəsdən Hepatit-C-yə yoluxdurulması fikrindən uzaqdır:

“Ancaq Rüfət necə xəstəliyə düçar olub? Mən mövcud rejimi günahlandırıram”.

O, oğlunun həbsxanada dişinin çəkilmədiyini təsdiqləyib:

“Amma uzun müddət dişi ağrıdığı üçün müalicə olunub, iynə vurulub. Türkiyədə həkimlər baxıb dedi ki, infeksiya qanla keçib, çox güman ki, dişi müalicə olunanda keçib. Mən Türkiyə həkimlərinə inandığım üçün bu barədə danışıram”.

E.Sabiroğlu rəis müavini İ.Qurbanovun söylədiklərinə təəccübləndiyini söyləyib:

“Rəis müavini açıqlama verir ki, həbsxanalarda problem yoxdur. Ədliyyə naziri Fikrət Məmmədov Baş Tibb İdarəsinin müasir tələblərə cavab verməsi üçün təcili addımlar atmalıdır. Ancaq o danışmır, hər şeyi müvafiq idarənin üstünə yıxmaq olmaz. Nazir nə işlə məşğul olur, bu qədər hadisələr olur, amma bir dəfə də reaksiyasını görmədim”.

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb. Mənzildən onun kompüteri, telefonu götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2016-ci ilin əvvəlində isə Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.

Ana səhifəXəbərlərEldar Sabiroğlu: İlham Əliyev öz qisasını oğlumuzdan aldı