Eldar Mahmudovun vəkili jurnalistlərin məhkəməyə buraxılmamasını istəyib

”Jurnalistlərin iştirakı məxfi məlumatların yayılmasına səbəb olar”

Source:
Eldar Mahmudov
Eldar Mahmudov


”Jurnalistlərin iştirakı məxfi məlumatların yayılmasına səbəb olar”

2014-cü il sentyabrın 14-də MTN əməkdaşları tərəfindən həbs olunub, 21 ay həbsdə saxlanmış Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı 100 min manat təzminat iddiası üzrə məhkəmə mayın 3-də davam etdirilib. Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesə cavabdeh Eldar Mahmudovun özü gəlməsə də, nümayəndəsini göndərib. Nümayəndəsi isə vəkil Cavid Rzazadə olub.

Mətləb Mustafayev sabiq nazirin gəlməməsinə etiraz edib. O, Eldar Mahmudovun prosesdə iştirakının təmin olunması barədə vəsatət qaldırıb. Bildirib ki, Eldar Mahmudova veriləsi elə sualları var, onlara sabiq nazirin vəkili cavab verə bilməz.

Eldar Mahmudovun vəkili vəsatətə etiraz edib. Bildirib ki, qanunvericiliyə dəyişiklikdən sonra cavabdehin məhkəmədə şəxsən özünün iştirakı vacib deyil. Əgər cavabdehin nümayəndəsi varsa, bu yetərlidir.

Məhkəmə də vəsatəti təmin etməyib.

Keçmiş nazirin vəkili məhkəmədə media nümayəndələrinin də iştirakına etiraz edib. Etirazını əsaslandırarkən bildirib ki, məhkəmə prosesində məxfi xarakterli informasiyalar müzakirə edilə bilər. Jurnalistlərin iştirakı həmin məlumatların yayılmasına səbəb olar.

Mətləb Mustafayev Eldar Mahmudovun vəkilinin vəsatətinə etiraz edib. Bildirib ki, açıq məhkəmə prosesidir, kim istəsə, iştirak edə bilər.

Keçmiş nazirin vəkili iddianın dəqiqləşdirilməsini də istəyib. Bildirib ki, iddiada Maliyyə Nazirliyi də cavabdeh qismində tanınıb, lakin ondan nə tələb olunduğu bilinmir. Mətləb Mustafayev deyib ki, təzminatı Maliyyə Nazirliyinin Eldar Mahmudovdan alıb ona ödəməsini istəyir.

Mətləb Mustafayev Maliyyə Nazirliyinin Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək, iddiasına həmin rayonun məhkəməsində baxılması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Mətləb Mustafayev bir neçə ay əvvəl bəraət alıb. O, evinə silah atılması, şərlənib qanunsuz həbs saxlanmasına görə təzminat tələb edir.

Mətləb Mustafayev MTN-in İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevi də məhkəməyə verib.

Ana səhifəXəbərlərEldar Mahmudovun vəkili jurnalistlərin məhkəməyə buraxılmamasını istəyib