29 oktyabr. 21.20. ANS kanalı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, Vidadi Zeynalovun həbsi xəbəri yalandır. V.Zeynalov oktyabrın 30-da yerində olacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, aparat rəhbərinin kabineti möhürlənib. V.Zeynalovun evində və bağında axtarış aparıldığı bildirilir.
V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli məsələ olduğu söylənilir.
Məsələylə bağlı Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla əlaqə saxladıq. M.Əmirov hazırda işdə olmadığını, bu barədə məlumatsız olduğunu bildirib (mia.az).
Xətai Rayon İcra Hakimiyyətindən yalnız onu bildirdilər ki, X.Hüseynovun işinə dünən xitam verilib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı, Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini işləmiş Xeyrulla Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar təsdiqlənib.
Xətai Rayon İcra Hakimiyyətindən Trend-ə faktı təsdiqləsələr də, əlavə məlumat verməyiblər. İcra Hakimiyyətindən yalnız onu bildirdilər ki, X.Hüseynovun işinə dünən xitam verilib.
Beytulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumlarıdır.
B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.
Oktyabrın 17-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.