Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi başlayır

Sabiq nazirin qohumu məhkəmədən vaxt istəyib

Source:
Eldar Mahmudov
Eldar Mahmudov


Sabiq nazirin qohumu məhkəmədən vaxt istəyib

2014-cü ilin sentyabrında MTN əməkdaşları tərəfindən tutulub, 21 ay həbsdə saxlanmış Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Evinə silah atılaraq şərlənib həbs olunduğu MTN generalları haqqında cinayət işində də təsdiqlənən M.Mustafayevin sabiq nazirə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baxılır.

Aprelin 24-də məhkəmənin hazırlıq iclasına E.Mahmudov özü gəlməsə də, qohumları prosesə qatılıb. Özünü sabiq nazirin qaynı kimi təqdim edən şəxs bildirib ki, bu məhkəmə işindən bir gün əvvəl xəbər tutublar. Ona görə də iddia ərizəsilə ətraflı tanış olmaq, məhkəmədə nümayəndə ilə iştirak etmək üçün şərait yaradılmasını xahiş edib.

Hakim bildirib ki, nümayəndə mütləq Vəkillər Kollegiyasının üzvü olmalıdır.

İddiaçı M.Mustafayev bu işin Nəsimi Rayon Məhkəməsinə verilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, iddiada sabiq nazirə qarşı kompensasiya tələbi ilə əlaqədar Maliyyə Nazirliyi də cavabdeh qismində tanınıb. Bu cavabdehin ünvanı isə Nəsimi rayonu ərazisindədir.

E.Mahmudovun qohumu etiraz edib. Bildirib ki, o, qızı ilə eyni ünvanda qeydiyyatdadır və Yasamal rayonu ərazisində yaşayır.

Vəsatət təmin olunmayıb. Bu işə Yasamal Rayon Məhkəməsində baxılacaq.

İddiaçı E.Mahmudovun özünün məhkəmədə iştirakının təmin olunması barədə də vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Məhkəmənin hazırlıq iclası mayın 3-də davam edəcək.

Sabiq nazirdən 100 min manat təzminat tələb edən iddiaçı M.Mustafayev MTN-in İstintaq İdarəsinin keçmiş rəisi, general-mayor Mövlan Şıxəliyevə qarşı da iddia qaldırıb. Səbail Rayon Məhkəməsinə təqdim olunmuş iddiada cavabdeh generaldan 63 min təzminat istənilir. M.Mustafayev o iddiada da Maliyyə Nazirliyini ikinci cavabdeh kimi göstərib.

M.Mustafayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində, daha sonra “Azərsu”da işləyib. Onun qardaşı Malik Mustafayev MTN polkovniki olub. M.Mustafayevin həbsindən sonra qardaşı intihar edib. MTN generalı Elçin Quliyevə həm Mətləb Mustafayevin evinə silah atılması, həm də qardaşının intihar həddinə çatdırılmasına görə ittiham verilib.

Ana səhifəXəbərlərEldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi başlayır