”Eldar Mahmudov qardaşımı çağırıb demişdi ki, əgər deyiləni eləməsəm…”

Keçmiş MTN-çilərin qanunsuz əməliyyatına görə indi dövlət təzminat ödəməlidir

Source:
Eldar Mahmudov
Eldar Mahmudov


Keçmiş MTN-çilərin qanunsuz əməliyyatına görə indi dövlət təzminat ödəməlidir

2014-cü il sentyabrın 14-də MTN əməkdaşları tərəfindən tutulub 21 ay həbsdə saxlandıqdan sonra bəraət alan Mətləb Mustafayev qanunsuz həbsinə görə təzminat alacaq. Bu barədə mayın 10-da Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov qərar çıxarıb. Qərara əsasən, 5 min manat təzminat müəyyənləşdirilib və həmin pulu Maliyyə Nazirliyi Mətləb Mustafayevə ödəməlidir.

Qərar Mətləb Mustafayevin MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi, general-mayor Mövlan Şıxəliyevə qarşı iddiası əsasında çıxarılıb.

Mətləb Mustafayev mayın 10-da qərardan əvvəl məhkəmədə çıxışında da bildirib ki, qanunsuz, sifarişlə həbs olunub, heç bir günahı olmadığı halda, 21 ay həbsdə saxlanmasının əsas günahkarlarından biri Mövlan Şıxəliyevdir.

Mətləb Mustafayev həbsdə olan keçmiş MTN generallarından Antiterror Mərkəzinin rəhbəri olmuş Elçin Quliyevin işi üzrə zərərçəkmişdir. E.Quliyev Mətləb Mustafayevin həbsinə sifariş verməkdə, onun evinə silah qoyulmasında, həmçinin qardaşı, MTN polkovniki olmuş Malik Mustafayevi intihar həddinə çatdırmaqda ittiham olunur.

“Elçin Quliyev istintaqa ifadəsində bildirib ki, guya mənim Rza və Hüseyn adlı İran vətəndaşları ilə əlaqəm barədə nazir Eldar Mahmudovun əlində əməliyyat məlumatı olub. Nazirin göstərişi ilə bu məlumat nazirliyin istintaq idarəsinə göndərilib. Ancaq nazir o məlumatı hardan və necə əldə etməsi barədə Elçin Quliyevə bir söz deməyib. Elçin Quliyevin ifadəsində görə, bundan bir həftə sonra nazir ona mənim qohumlarımın evində silah-sursat olması barədə məlumat verib, əməliyyat keçirilsə də, heç nə tapılmayıb. Bu qədər yalan olar? Yaxşı, Eldar Mahmudov o İran vətəndaşlarının kimliyini niyə gizlədirdi? Niyə o adamların şəxsiyyətini, ölkəyə necə gəlib mənə silah verdiklərini araşdırmadılar? Çünki elə adamlar yoxdur və MTN-nin İstintaq Baş İdarəsi vətəndaşları şərləmək üçün uydurma şəxslərin adından istifadə edib”, – Mətləb Mustafayev məhkəmədə bildirib.

İddiaçının sözlərinə görə, MTN-də ondan müəyyən vəzifəli şəxslərin əleyhinə ifadələr tələb ediblər. Hətta buna görə nazir mərhum qardaşını da hədələyib: “Eldar Mahmudov qardaşım Malik Mustafayevə demişdi ki, əgər mən Elçin Quliyevin, Mövlam Şıxəliyevin tələb etdikləri ifadəni verməsəm, nəinki məni, bütün qohum-əqrəbamızı həbs edəcək. Bütün bunlara görə qardaşım az sonra intihar etdi”.

Eldar Mahmudovun göstərişi, Elçin Quliyev və Mövlam Şıxəliyevin təşkilatçılığı ilə şərlənib həbs olunduğunu deyən Mətləb Mustafayev iddiasına əlavələr edib. O, qanunsuz həbsdə saxlanmasına görə əvvəl Mövlan Şıxəliyevdən 63 min manat tələb edirdisə, indi məbləğin 83 min manat olduğunu bildirib. O, Mövlan Şıxəliyevin həmin vaxt mühüm vəzifə tutduğunu nəzərə alaraq, həmin pulun Maliyyə Nazirliyindən tutulmasını istəyib. Bildirib ki, nazirliyin həmin pulu Mövlan Şıxəliyevdən necə alması qanunvericiliyə uyğun müəyyənləşdirilsin.

Mövlan Şıxəliyevin vəkili iddianı əsassız hesab edib və təmin edilməməsini istəyib.

Mövlan Şıxəliyev özü də mətbuata açıqlamalarında Mətləb Mustafayevin qanunsuz həbsində iştirakı barədə iddiaları rədd edib. Bildirib ki, istintaqda müstəntiqin qəbul etdiyi qərarlara prokurorluq nəzarət edirdi. Əgər pozuntu vardısa, bunu prokurorluq aradan qaldıra bilərdi.

Hakim iddianı qismən təmin edib. Mətləb Mustafayevin xeyrinə 5 min manat Maliyyə Nazirliyindən tutulması barədə qətnamə çıxarılıb.

Ana səhifəXəbərlər”Eldar Mahmudov qardaşımı çağırıb demişdi ki, əgər deyiləni eləməsəm…”