“Belə görünür ki, Eldar Həsənovun fiziki cəhətdən məhv olması arzulanır”
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun sağlıq durumu elə həddə pisləşib ki, o, hətta vəkili ilə görüşə gedə bilmir. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat yayıb.
“Üç aya yaxındır ki, Eldar Həsənovun vəkiliyəm. Bu müddətdə Eldar Həsənov özü haqqında aparılan cinayət işi üzrə kütləvi informasiya vasitələrində hər hansı məlumatın verilməsinin əleyhinə olub. Lakin Eldar Həsənovun səhhətində yaranmış təhlükəli problemlər və kəskin ağrılar məni bu məlumatı yaymağa məcbur etdi”, – deyə vəkil bildirib.
Adəm Məmmədov deyir ki, o, bir neçə gün əvvəl DTX-nın İstintaq Təcridxanasında Eldar Həsənovla görüşmək istəyib. Lakin kəskin ağrılar üzündən keçmiş Baş prokuror saxlandığı kameradan çıxıb gələ bilməyib.
Vəkilin sözlərinə görə, Eldar Həsənova tıbbi yardım göstərilməsi üçün Baş Prokurorluğa müraciət ediblər: “Bir aydan artıqdır müraciət etməyimizə baxmayaraq, bu günə kimi bizə heç bir cavab verilməyib. Belə görünür ki, Eldar Həsənovun fiziki cəhətdən məhv olması arzulanır. Eldar Həsənovun 66 yaşı var, uzun illər dövlətinə xidmət edib. Belə bir şəxsə qarşı bu ədalətsiz və qanunsuz münasibət dünyanın heç bir yerində yoxdur. Hüquq-mühafizə orqanlarının rəhbərləri gələcəkdə bu cür ədalətsizliklə qarşılaşmayacaqlarından sığortalanmayıblar. Bu əsrdə belə amansız və qəddar münasibət insanı dəhşətə gətirir”.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən ötən ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Keçmiş səfir özünü təqsirli bilmir. Bir müddət əvvəl onun vəkili yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.
Eldar Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.
Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İ.Nəcəfov olub-olmadığı isə məlum deyil.