Eldar Həsənovun istəyi təmin olundu

Vəkilin sözlərinə görə, bu qərar E.Həsənovun ümidini də artırıb.

Source: google.az


İş DTX-dan prokurorluğa göndərildi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənov Xarici İşlər Nazirliyindəki (XİN) əməliyyatla bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunsa da, artıq onun haqqındakı iş ayrılıb. Bu barədə E.Həsənovun vəkili Adil İsmayılov məlumat verib.

XİN-dəki əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həyata keçirib. Həmin əməliyyat nəticəsində həbs olunanların işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılır. E.Həsənovun barəsindəki cinayət işi ayrılaraq, istintaq davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib. Bu qərar sabiq səfirin vəkilinin vəsatəti əsasında verilib.

Vəkilin sözlərinə görə, bu qərar E.Həsənovun ümidini də artırıb.

“Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq, obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm. Bir daha qeyd edim ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir. Vəsatətin təmin edilməsi onun ümidini artırıb”, – deyə A.İsmayılov bildirib.

Avqustun 13-də yeni Xarici işlər naziri ilə əvvəlcədən planlaşdırılmış görüş üçün nazirliyə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılan E.Həsənov Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham olunur. Vəkili deyir ki, E.Həsənov özünü təqsirli bilmir, istintaqda ifadə verməkdən də imtina edib: “İttihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib. Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir”.

Avqustun 14-də Səbail Rayon Məhkəməsinin qərarıyla E.Həsənov haqqında noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib.

E.Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martın 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.

E.Həsənovun həbsindən sonra onun səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətEldar Həsənovun istəyi təmin olundu