Eldar Həsənovun işində iki dövlət orqanı zərərçəkmiş kimi tanınıb

Keçmiş Baş prokurorun işinə Yunis Səfərov haqqında ömürlük həbs hökmü çıxarmış hakim baxacaq

Source: google.az


Keçmiş Baş prokurorun işinə Yunis Səfərov haqqında ömürlük həbs hökmü çıxarmış hakim baxacaq

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov avqustun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq. Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, Eldar Həsənovun işi məhkəmənin sədr müavini Əfqan Hacıyevin icraatına verilib. Keçmiş səfir haqqında cinayət işinə onun sədrliyilə, həmçinin Əhməd Quliyev və Zeynal Ağayevdən ibarət hakimlər kollegiyası baxacaq.

Eldar Həsənovun işi üzrə iki dövlət strukturu zərərçəkmiş qismində tanınıb. Bunlar Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyidir. Məhkəmədə bu qurumların da nümayəndələri təmsil olunacaq.

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə – 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Eldar Həsənov özünü təqsirli bilmir, bu ittihamları qəbul etmir. Keçmiş səfir iki gün əvvəl vəkili vasitəsilə yaydığı açıqlamada bildirmişdi ki, həbsinin əsl səbəbi onun siyasi iddiada olması, müxalifətlə əlaqələri, əməkdaşlığı və s. haqda ölkə rəhbərliyinə yalan məlumatların ötürülməsi olub: “Həbsimin əsl səbəbi qətiyyən prokurorluğun məlumatında göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi guya mənim siyasi iddiada olmağım, siyasi müxalifətlə əlaqə və əməkdaşlığım, hakimiyyət əleyhinə tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi tamamilə yalan, uydurma dolu məlumatların ölkə rəhbərliyinə ötürülməsi olub”.

Eldar Həsənovun sözlərinə görə, məqsədyönlü şəkildə onun haqqında yalan məlumatları hazırlayıb aidiyyəti üzrə ötürənlərin, son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlayanların kimliyi, təşkilatçılar ona məlumdur. Onlar iki nəfərdir və zərurət yarananda həmin şəxslərin adlarını açıqlayacaq.

Keçmiş səfir istintaqda etiraz olaraq, ifadə verməkdən imtina edib. Lakin o, məhkəmədə danışmaq niyyətində olduğunu bildirib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra – 2001-ci ildə Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda olarkən – Xarici İşlər Nazirliyinə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Eldar Həsənovun işi üzrə məhkəmə prosesinə sədrlik edəcək Əfqan Hacıyev iki gün öncə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova ömürlük, onunla birlikdə mühakimə olunan daha 9 nəfərə isə 18-20 il həbs cəzası verilməsi haqda hökm çıxarmışdı. Yunis Səfərov istisna olmaqla, digər təqsirləndirilən şəxslər icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadıqlarını bildirirdilər.

Ana səhifəXəbərlərEldar Həsənovun işində iki dövlət orqanı zərərçəkmiş kimi tanınıb