Eldar Həsənovun işi Avropa Məhkəməsində

Eldar Həsənov, Foto: Meydan TV

AİHM Azərbaycanla bağlı 3 qərarını açıqlayacaq

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) gələn həftə, oktyabr ayının 10-da Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edəcək.

Bu barədə “aihmaz.org” saytı məlumat yayıb.

Bildirilir ki, Gəncə sakini, 1976-cı il təvəllüdlü Aynur Bağırova qardaşının 2018-ci ilin iyulunda öldürülməsi ilə yerli məhkəmələrə müraciət edib:

“Onun qardaşı göstərilən tarixdə axtarışda idi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onun tutulması üçün Bakıda əməliyyat keçirib və əməliyyət zamanı öldürülüb”.

“Aynur Bağırova effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusundan şikayət edir. O iddia edir ki, qardaşı qəsdən öldürülüb və yerli qurumlar ölüm olayı ilə bağlı səmərəli araşdırma aparmayıblar”, – deyə məlumatda qeyd olunur.

İkinci iş “Cəfərova və başqaları Azərbaycana qarşı”dır. Bu məhkəmə işi haqqında AİHM-in sənədlər bazasında məlumat verilmir.

Üçüncü şikayətçi 1995-2000-ci illərdə Azərbaycanın keçmiş Baş prokuroru və 2001 və 2020-ci illərdə müxtəlif ölkələrdə səfir olan Eldar Həsənovdur:

“Məhkəmə işi Eldar Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə istifadə etmə, çirkli pulların yuyulması, mənimsənilməsi və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır”.

Avropa Məhkəməsi. Foto: By Maykova Galina/Shutterstock

Onun şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanır. Həsənov iddia edir ki, onun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar mövcud olmayıb, həbsdəykən ona lazımi tibbi yardım göstərilməyib. Konvensiyanın 34-cü maddəsinə əsaslanan ərizəçi həmçinin Azərbaycan hökumətinin, Məhkəmənin 39-cu Qaydaya əsasən verdiyi müvəqqəti tədbirlərin görülməsi barədə qərarına əməl etməməklə, onun fərdi şikayət hüququnu pozmasından da şikayət edib”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

2001-2012-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri işləyib.

2020-ci il avqustun 13-də Bakıda DTX əməkdaşları tərəfindən saxlanıb.

Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident fərman imzalayıb.

Eldar Həsənov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla 10 il azadlıqdan məhrum edilib.

O, səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınması və s. layihələrin icrası zamanı yeyintilərə yol verməkdə təqsirli bilinib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir:

“Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 il həbs hökmündən apelyasiya şikayəti verib.

Apelyasiya şikayəti üzrə ilkin baxış iclası martın 10-da keçiriləcək.

Ana səhifəSiyasətEldar Həsənovun işi Avropa Məhkəməsində