Eldar Həsənovun girov müqabilində həbsdən buraxılması istənilir

Vəkilin sözlərinə görə, E.Həsənovun səhhətində ciddi problemlər var.

Source: google.az


Keçmiş səfir öz xahişi ilə DTX-nın təcridxanasında saxlanılır

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun girov müqabilində həbsdən buraxılması üçün məhkəməyə vəsatət veriləcək. Bu barədə onun vəkili Adil İsmayılov məlumat verib. Vəkil bildirib ki, E.Həsənovun ittiham olunduğu maddələr az ağır cinayətlər kateqoriyasına aiddir. Qanun da bu növ cinayətlərdə ittiham olunan şəxslər haqqında həbs-qətimkan tədbirinin girovla əvəzlənməsinə imkan verir. Vəkil bu məsələnin müsbət həll üçün dövlət başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə də müraciət edib.

Vəkilin sözlərinə görə, E.Həsənovun səhhətində ciddi problemlər var. O, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkir və daim həkim nəzatərində olub.

“Gündəlik çoxlu sayda, müxtəlif dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək, xəstəliklərlə bağlı məlumatları şərh etmək istəmirəm. Onun şəxsiyyətini xarakterizə edən halları, 65 yaşı olmasını, səhhətindəki problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq, müdafiə tərəfi onun barəsindəki həbs-qətimkan tədbirinin girovla əvəzlənməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir. Fürsətkən dövlət başçısına və hüquq mühafizə orqanlarının rəhbərlərinə də müraciət edərək, öz səlahiyyətləri çərçivəsində vəsatətimizin qanunauyğun həllində yardımçı olmalarını xahiş edirik. Ümid edirik ki, vəsatətimiz qanuni həllini tapacaq”, – deyə A.İsmayılov bildirib.

Müdafiəçi vurğulayıb ki, E.Həsənov özünü təqsirli bilmir, işi ilə bağlı hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir.

E.Həsənov avqustun 13-dən həbsdədir. Onun barəsindəki cinayət işi əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqında cinayət işi çərçivəsində qaldırılsa da, on gün öncə ayrılıb. Sabiq səfirin işinin istintaqı Baş Prokurorluğa həvalə olunub. İş artıq prokurorluğa göndərilsə də, E.Həsənov DTX-nın təcridxanasındadır.

“Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın İstintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı heç bir narazılığı yoxdur”, – vəkili belə deyir.

E.Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.

E.Həsənovun həbsindən sonra onun səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətEldar Həsənovun girov müqabilində həbsdən buraxılması istənilir