Eldar Həsənovla bağlı hökm qüvvədə qaldı

Eldar Həsənov, Foto: Meydan TV

Keçmiş səfirin ailə üzvlərinin də şikayəti təmin edilmədi

1995-2000-ci illərdə Baş prokuror, 2001-2020-ci illərdə isə Azərbaycanın müxtəlif ölkələrdə səfiri işləmiş Eldar Həsənov haqqında 10 il həbs hökmü qüvvədə saxlandı. Aprelin 5-də Bakı Apelyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb. Qərara əsasən, sabiq səfirin apelyasiya şikayəti təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə istər cəza müddəti, istərsə də müsadirə olunan əmlaklarla bağlı heç bir dəyişiklik edilməyib.

Müsadirə olunmuş əmlaklarla əlaqədar Eldar Həsənovun özündən başqa, həyat yoldaşı, iki qızı və oğlu, daha iki qohumu da apelyasiya şikayəti vermişdi. Çünki keçmiş səfirin işinə görə müsadirə olunan əmlakların əksəriyyəti onların mülkiyyətindədir. Sabiq Baş prokurorun övladları – Anar Həsənov, Emiliya Qurbanova və Səbinə Hüseynova apelyasiya şikayətində göstərib ki, müsadirə olunan əmlaklar arasında elələri var, babalarından miras qalıb, 90-cı illərdə əldə olunub və s. Bundan başqa, ali təhsillidilər, ailə qurublar, onların özlərinin də daşınmaz əmlak əldə etməsi təbii haldır. Sabiq səfirin yaxınları hökmdəki müsadirə qərarıyla mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayaraq, bu üzdən həmin hökmün ləğvini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsi onların da şikayətini təmin etməyib.

Eldar Həsənov və ailə üzvləri apelyasiya instansiyasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Eldar Həsənovun haqqındakı hökmdə aşağıdakı əmlakların müsadirəsi nəzərdə tutulub:

Nardaran qəsəbəsində 252 kvadrat metrlik bağ evi;
Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində mənzil;
Yasamal rayonu, Murtuza Muxtarov küçəsində 106 kvadrat metrlik mənzil;
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində mağaza;
Nardaran qəsəbəsində 0.02 hektar torpaq sahəsi;
Abşeron rayonunda 5 hektar təsərrüfat təyinatlı torpaq sahəsi;
Xətai rayonunda fərdi yaşayış evi;
Monteneqronun Budva şəhərində mənzil.

Məhkəmə Xarici İşlər Nazirliyinin Eldar Həsənova qarşı qaldırdığı 18 milyon 500 min manatlıq mülki iddianı təmin edib. Bu əmlakların hərrac yoluyla satılması və həmin vəsaitin ödənilməsi nəzərdə tutulub.

Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsindən azad ediləndən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Ana səhifəSiyasətEldar Həsənovla bağlı hökm qüvvədə qaldı