“Əgər xəbəri olsaydı, 27 il yaxından tanıdığım cənab İlham Əliyev belə haqsızlıqlara, mənəvi-psixoloji işgəncələrə icazə verməzdi”
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov noyabrın 19-da məhkəməyə gətiriləndə vəziyyəti yenidən pisləşib. Ona tibbi yardım göstərildikdən sonra durumu nisbətən yaxşılaşıb və Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin qarşısına çıxarılıb.
Hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Eldar Həsənov bildirib ki, vəziyyəti həddindən artıq ağırdır. Lakin məqsədli şəkildə onun ixtisaslaşmış həkim tərəfindən müayinə və müalicəsinə imkan verilmir. Sabiq səfirin sözlərinə görə, konkret bir nəfər yüksək vəzifəli məmur buna qadağa qoyub:
“Səhhətimdən danışmaq mənim üçün ağır məsələdir. Bu, acizlik, kimdənsə imdad diləmək deyil. Mən Konstitusiya Komissiyasının üzvü, müstəqil Azərbaycanın Konstitusiyasının ilk müəlliflərindən biri kimi, konstitusion haqqımı – yaşamaq, tibbi yardım almaq hüququmu tələb edirəm. Son üç gündə sağ tərəfim 65-70 faiz işləmir. Son iki ayda nəbzim heç vaxt olmadığı həddədir – 110-125 arasındadır. Bu yaşda, xroniki ürək xəstəliyi olan bir adam üçün bunun nə demək olduğunu özünüz də bilirsiniz. Şəkərimi indi ölçdülər, dərman qəbulundan sonra 7.5-10.5 arasındadır. Mən həbs olunanda gündə 18 dərman içirdim, bu gün 31 dərman içirəm. Səhhətimin olduqca ağırlaşmasına baxmayaraq, mənə ixtisaslaşmış tibbi yardım göstərilməsinə, müayinə olunmağıma, müalicə aparılmasına bir məmur tərəfindən qəti qadağa qoyulub. “Yiyəsinə görə dəyməzlər” prinsipinə əsaslanıb, ad çəkmək istəmirəm…”.
Eldar Həsənov bildirib ki, onu müalicədən məhrum etməkdə, mənəvi-psixoloji işgəncə verməkdə məqsəd fiziki məhvinə nail olmaqdır. Sabiq səfir hesab edir ki, Prezident İlham Əliyevin onunla bağlı gerçəklərdən məlumatı yoxdur:
“Əgər xəbəri olsaydı, 27 il yaxından tanıdığım cənab İlham Əliyev belə haqsızlıqlara, mənəvi-psixoloji işgəncələrə icazə verməzdi. Müstəqil Azərbaycan dövlətinin, Birinci Qarabağ Müharibəsinin, bugünkü hakimiyyətimizin ən ağır dönəmlərində canı-qanı hesabına, əməli fəaliyyətilə xidmət etmiş birinə qarşı belə davranışı nə bəndə, nə tarix, nə də Tanrı götürər”.
Eldar Həsənov çıxışında deyib ki, sifarişlə onun barəsində uzunmüddətli cəza hökmü çıxarılacağına əmindir. Ona görə də məhkəmə prosesini uzatmağa ehtiyac yoxdur. O, məhkəmə iclaslarının hər gün keçirilməsini və qısa müddətdə hökmün elan olunmasını istəyib:
“Səhhətim nə qədər ağır olsa da, ədalətli qərar gözləmədiyim, müdafiə hüququmun davamlı pozulduğu məhkəmə iclaslarında iştirak etməkdə israrlıyam. Üç aya yaxın davam edən məhkəmədə mən təqsirsizliyimi faktlarla, sübutlarla ortaya qoydum. Əgər hakimlər, prokurorlar və vəkillərin iş qrafiki imkan verirsə, məhkəmə iclaslarını hər gün, yaxud günaşırı keçirib, sifarişli cəza hökmünün elan olunmasını sizdən xahiş edirəm. Əminliklə qarşınızda onu da bildirirəm ki, ömür vəfa etsə, gec-tez mən bəraətimi alacam”.
Vəkil Cavad Cavadov vəsatət qaldırıb ki, Eldar Həsənov Rumıniyada səfir işlədiyi dövrdə paytaxt Buxarestdə Taşmaydan parkı (orada Heydər Əliyevin büstü qoyulub) salınıb:
“Taşmaydan parkı Bakıda Mərkəzi Bankın binasıyla Heydər Əliyev sarayının arasındakı parkdan 3-4 dəfə böyükdür. Amma Taşmaydan parkına Bakıdakından bir neçə dəfə az vəsait sərf olunub”.
Vəkillər vurğulayıb ki, Taşmaydan parkının salınması zamanı yeyintiyə yol verilməsi haqda cinayət işində yazılanlar həqiqətə uyğun deyil:
“Müstəntiq söz olaraq, mənimsəməyə yol verildiyini yazıb. Amma heç bir sübut ortaya qoymayıb. Mənimsənildiyi iddia olunan rəqəm parkın salınmasına ayrılan vəsaitdən çox göstərilib”.
Vəkillər Eldar Həsənovun ailə üzvlərinə məxsus əmlakların üzərindən həbsin götürülməsi barədə vəsatət qaldırıb.
Vəkil Cavad Cavadovun sözlərinə görə, Eldar Həsənovun övladlarının, hətta nəvəsinin də əmlaklarına həbs qoyulub.
Vəkil vurğulayıb ki, keçmiş səfirin atasının evinə belə, həbs qoyulub.
“Məhkəmə sonda ittiham hökmü çıxarsa, dəymiş ziyanın ödənilməsi üçün əmlaklar müsadirə oluna bilər. Ona görə də əmlakların üzərindən həbsin götürülməsinə etiraz edirik”, – prokurorun vəsatətə münasibəti belə olub.
Hakimlər də əmlaklarla bağlı vəsatəti təmin etməyib.
“Mən ona görə dedim ki, məhkəməni hər gün keçirin, bu şou qurtarıb getsin. Verin sifarişli cəzanızı, bitsin. Biz də bilək ki, bundan sonra nə edəcəyik”, – Eldar Həsənov bildirib.
Məhkəmə prosesi noyabrın 22-də davam edəcək.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir:
“Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.