Sabiq Baş prokurorla məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror arasında gərginlik yaşanıb: “Mənə sənin yol göstərməyinə 40 il var, yerini, həddini bil…”
Sentyabrın 13-də Bakı Ağlr Cinayətlər Məhkəməsində keçmiş Baş prokuror, 20 ilə yaxın müxtəlif ölkələrdə səfir olmuş Eldar Həsənovun vəziyyəti pisləşib və o, müvazinətini saxlaya bilməyərək yıxılıb. Məhkəməyə təcili yardım çağırılıb. Bu olay Eldar Həsənovla dövlət ittihamını müdafiə edən prokuror arasında mübahisədən sonra yaşanıb.
Hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Eldar Həsənov xahiş edib ki, onun işi üzrə məhkəmə iclasları həftədə iki dəfə yox, bir dəfə keçirilsin. Çünki səhhətindəki problemlər onun həftədə iki dəfə məhkəməyə gətirilib-aparılmasına imkan vermir.
Onun vəkili Cəlil Mirzəyev də bunun tərəfdarı olduğunu vurğulayıb. Vəkil bildirib ki, hər məhkəmə iclasından sonra üç gün ərzində təqsirləndirilən şəxs və vəkili məhkəmə iclas protokoluyla tanış olmaq hüququna malikdir. Amma vaxt çatışmazlığı üzündən tanış ola bilmirlər: “Həftədə iki dəfə məhkəmənin keçirilməsi də buna imkan vermir”.
Hakim Əfqan Hacıyev bildirib ki, təcrübədə hər iclasdan sonra protokolun verilməsi halı yoxdur. Yalnız hökmdən sonra bütün iclasların protokolları birlikdə üç gün ərzində təqdim olunacaq.
Eldar Həsənov ötən məhkəmə iclasında olduğu kimi, yenə də prosesin qapalı keçirilməsi məsələsini qaldırıb: “Çünki mən hər epizod üzrə ifadə verəndə adlar açıqlamalıyam, ətraflı danışmalıyam. Onu da istəmirəm ki, həmin məsələlər ictimailəşsin. Mən 15 epizod üzrə təqsirləndirilirəm. Bunların hər biri üzrə ayrı-ayrılıqda danışmalıyam, ittihamın əsassızlığını ortaya qoymalıyam”.
Hakimlər ötən iclasda olduğu kimi, yenə də dövlət sirri təşkil edən məlumatların olmadığını əsas gətirərək, prosesin qapalı keçirilməsinə razılaşmayıb.
Daha sonra Eldar Həsənov ifadə verib. O, əvvəlcə xarici ölkələrdə səfirlik binalarının alınması zamanı yeyintiyə yol verilməsi ittihamından danışıb. Sabiq səfir bildirib ki, nə onun, nə də səfirlik əməkdaşlarının bu prosesdə iştirakı olmayıb. Səfirlik üçün binaların alınmasına xarici işlər nazirinin müavininin sədrliyilə yaradılan komissiya nəzarət edirdi. Bina seçimindən tutmuş, vəsaitin ödənilməsinə qədər bütün prosesi komissiya icra edirdi:
“2009-2014-cü illərdə Azərbaycan hökuməti qərar verdi ki, xarici ölkələrdəki səfirliklər üçün binalar alınsın. Mən də o dövrdə hansı ölkələrdə səfir olmuşamsa, binalar alınıb. O binaları özüm almamışam. Məsələn, Rumıniyadakı binanın alınması üçün xarici işlər nazirlinin müavini Vaqif Sadıqovun sədrliyilə komissiya yaradılmışdı. Eynilə Belqraddakı binanın alınması da nazir müavininin rəhbərliyi altında komissiyanın əli ilə həyata keçirilib. Ora gəliblər, həmin binaya baxıblar. 6 bina təklif olunmuşdu, komissiya onun 4-nü bəyəndi. Qərarı da onlar verdilər. Dörd bina arasından necə seçim edilib, necə alınıb – bu proseslərdə mən iştirak eləməmişəm. Aktda da nə mənim imzam var, nə də səfirlik əməkdaşlarının. Əmlak şirkətilə də komissiya maraqlanıb, onlar müqavilə bağlayıb. Alqı-satqıda pulun yarısı nağd verilib, yarısı da bank hesabına köçürülüb. Bunu əmlak sahibi də ifadəsində təsdiqləyir ki, alqı-satqı prosesində mənim rolum olmayıb. O etiraf edib ki, vergi vermək istəmədiyimə görə vəsaitin bir hissəsini nağd alıb. Bu ifadə ola-ola müstəntiq nə istəyir, məlum deyil. Müstəntiq bilə-bilə ki, bizlik heç nə olmayıb, günahı səfirliyin üstünə atır”.
Eldar Həsənov bildirib ki, Monteneqrodakı səfirlik binasının sahibi iki qardaş olub. Onların biri ödənişi nağd, digəri isə köçürmə yoluyla istəyib: “Qardaşlar bir-birilə prinsip aparırdılar. Mən mötəbər şəxsin köməkçisilə əlaqə saxlayıb, bu barədə danışdım, məlumat verdim ki, belə bir problem var. Sonra məsələni onlar özləri həll elədilər. Qardaşın birinə pul nağd ödənildi, o birinə köçürmə yolu ilə. Obyekt sahibi ifadəsində bildirib ki, “binanı 3 milyona istədilər, vermədim”. Bina 4 milyona alınıb. Müstəntiq burada 1 milyon 400 min yeyinti aşkarlayıb. Adam öz dili ilə deyir ki, mən 3 milyona verməmişəm, 4 milyondan 1.4 milyon yeyintini müstəntiq necə çıxarıb, aydın deyil. Mən 24 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm, amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm. Sənəd əlinin altında ola-ola heç birini araşdırmayıb”.
Bosniya və Herseqovinadakı səfirlik binasından danışan Eldar Həsənov bildirib ki, bu ölkənin rəhbərinin Azərbaycana səfərindən sonra buna qərar verilib: “Qarşı tərəfin təklifi olmuşdu ki, Azərbaycanın orada səfirliyi açılsın. Bosniya prezidenti qayıdandan sonra məni qəbul elədi. Binanı da təklif elədi, dedi ki, satan da müsəlmandır. Görüşdən sonra mən danışdıqlarımızı məktub formasında prezidentə, Baş nazirə və xarici işlər nazirinə göndərdim. Mənə dərhal tapşırıq gəldi ki, həmin bina alınsın. O bina da alındı. O proses də mənim iştirakımla olmayıb…”
Prokuror etiraz edərək bildirib ki, ittihamda söhbət Sarayevo küçəsindəki evin alınmasından gedir.
Bu haqda danışan sabiq səfirin sözlərinə görə, sözügedən evin alınmasıyla bağlı da komissiya yaradılmışdı: “Onlar da 5 nəfər gəlmişdilər, qarşılayıb yerləşdirmişik, Gedib üç ünvana baxmışdılar, birini özləri seçmişdilər. Komissiyanın sədri özü seçib. Pul köçürülməsinə gəlincə, bir hissəsini nağd veriblər, bir hissəsini isə “Scana” şirkətinə köçürüblər. Bu şirkətin hesabı da Aşur adlı adamın adına olub. Müstəntiq bunu araşdırmır ki, şirkət kimindir. O, Böyük Britaniyada qeydiyyatdan keçmiş ofşor şirkətdir, sahibi də bəllidir. Sadəcə, Aşur adlı azərbaycanlı ortada vasitəçidir, pul onun hesabına köçürülür. Ona bu cür köçürmələrə görə bir neçə yüz dollar pul verilir. Müstəntiq bu faktların heç biri araşdırmayıb, üstündən keçib”.
Eldar Həsənov istintaq zamanı çox qanunsuzluqlara yol verildiyini vurğulayıb. Onun sözlərinə görə, obyektiv və hərətərəfli araşdırma üçün zəruri olan sənədlərin heç biri cinayət işinin materiallarında yoxdur: “Bu qədər amansız, qəddar, qanunsuz münasibət olar? Nə Tender Komissiyası, nə tenderdə iştirak edən şirkətlər nəzərə alınıb, nə protokollara baxılıb. Ortada guya 50 cildlik cinayət işi var, amma içi boşdur, heç nə yoxdur. Nəsə varsa, qoysunlar ortaya. İtaliyada, Fransada, Xorvatiyada və bir çox başqa ölkələrdə Azərbaycan humanitar layihələr həyata keçirilib. O ölkələrdə səfirliyin həmin layihələrdə olan ödənişlərə müdaxiləsi, onların vaxtında icra olunmaması mümkün deyil. Bircə şikayət varmı səfir olduğum ölkədə layihənin gecikməsindən, keyfiyyətsiz icra olunmasından? Prezidentin, xarici işlər nazirinin, səfirin adına təşəkkür məktublarından başqa heç nə yoxdur. Mən istisna etmirəm ki, subpodratçı ilə baş podratçı arasında hansısa saxtakarlıq, vergidən yayınma və s. ola bilər. Amma bunlar olsa belə, kimə aiddir? Ən vacib sənədlərdən biri ilərin təhvil verilməsilə bağlı aktdır. İşlərin təhvil-təsliminə dair akt cinayət işində yoxdur. İstintaq dərk eləməyib ki, təhvil-təslim aktı vacib sənəddir. Bu sənədlə ayrılmış vəsaitin yekununa qiymət vermək olur…”
Bu yerdə prokuror müdaxilə edərək, Eldar Həsənovun istintaqla bağlı dediklərinə etirazını bildirib: “Müstəntiq burada yoxdur, ona görə belə fikirlərdən yayınaq. Mən öz qurumumun əməkdaşını müdafiə etməyə məcburam. Onu haqlı da sayıram. Layihə-smeta sənədi o vaxt araşdırma predmeti olardı ki, nəzərdə tutulan vəsait ayrılmasın, yaxud başqa problem olsun…”
Eldar Həsənov israrla bildirib ki, bu sənədlərin hər birinə ehtiyac var və onlar işin içində olmalıydı: “Baş podratçı qismində sifarişçi kimi Azərbaycan Xarici İşlər Nazirliyi sənədi imzalayıb, işin bir qisminin icrası bir neçə şirkətə həvalə olunub. Bir şirkətlə bağlı yoxlama aparılıb, digərlərilə bağlı yox. Müstəntiq özündən 803 minlik rəqəm yazıb. Yoxlamayıb ki, subpodratçı olaraq, hansı şirkət hansı işi görüb. Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözünü çəkinmədən deyən insan olmuşam, heç kimin arxasınca danışmıram. İstərdim ki, istintaqı aparan burada olsun, onun da üzünə deyim bunları. Mənim yerimə kim olsa, yanıb kül olardı. Məni bu hala gətiriblər. İndi deyirlər prokurorluğun adını qoruyum. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbarana tutulan vaxtında, silahlı hücumlar olanda mən sinəmi qabağa verib, prokurorluğu qorumuşam. Yeri gəlmişkən, Baş prokuror kifayət qədər peşəkar, öz əməyi ilə böyüyən, kimsəsiz, savadlı, istintaqı yaxşı bilən adamdır. Bu, mənim mövqeyimdir. Onun şəxsi işində də mənim imzam var. Məsələn, istintaq idarəsinin rəhbəri də təcrübəli adamdır. Amma bu o demək deyil ki…”
Bu məqamda prokuror müdaxilə edərək, Eldar Həsənovun ittihamın mahiyyətindən kənara çıxdığını vurğulayıb və buna etiraz edib.
Sabiq səfir ona kəskin reaksiya verib: “Mən verilən ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Mənə sənin yol göstərməyinə 40 il var. Başa düşdün? Yerini, həddini bil. Prrokurorluğun ünvanına dediyim sözlərin də izahını verirəm. İfadələri, üç xarici ölkənin vətəndaşlarının dediklərini diqqətlə oxuyun. Bir ifadədə Eldar Həsənovu günahlandırmaları, mənimlə telefon əlaqəsi qurmaları, yaxud görüşmələri haqda nəsə varmı? Bir nəfər deyibmi ki, mənim bu layihəni qazanmağımda Eldar Həsənovun köməyi olub? Yoxdur. Bəhruz Əsədbəyli 9 aydır həbsdədir. Əgər işin tam, obyektiv aparılmasının tərəfdarıyıqsa, niyə onu dindirmirlər?”
İfadəsinin bu yerində Eldar Həsənov müvazinətini itirib və o, məhkəmə zalında yıxılıb. Bu səbəbdən məhkəmə prosesinin davam etdirmək mümkün olmayıb. Proses sentyabrın 17-nə qədər təxirə salınıb.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.