Eldar Həsənov: Həbsimin səbəbi siyasi iddiada olmağım barədə yalan məlumatlardır

Keçmiş səfirə qarşı yeni ittihamlar irəli sürüldü

Source: google.az


Keçmiş səfirə qarşı yeni ittihamlar irəli sürüldü

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun işi avqustun 16-da məhkəməyə göndərilib. Sabiq səfirin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. O da məlum olub ki, istintaqın sonunda Eldar Həsənova yeni ittihamlar verilib. O, həbs edləndə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham olunurdu. İstintaqın sonunda sabiq səfirə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yeni ittiham verilib.

Eldar Həsənov 2010-2020-ci illərdə əvvəl Rumıniyada, daha sonra Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir olarkən səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manat (16.893.868 avro) pulu mənimsəməkdə, yaxud da israf etməkdə təqsirləndirilir. O, həmçinin 11 milyon 804 min manat (11.156.716 avro) cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

Cinayət işinin materiallarında qeyd olunub ki, Eldar Həsənov bunları digər şəxslərlə birlikdə törədib. Amma o, məhkəmə qarşısına tək çıxarılacaq.

“Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq, istintaqı davam etdirilir”, – prokurorluqdan Meydan TV-yə bildirilib.

Prokurorluq keçmiş səfirin sağlıq durumunun ağır olması haqda deyilənləri də təkzib edib: “Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub. Onun barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb”.

Eldar Həsənov da avqustun 16-da vəkili vasitəsilə açıqlama yayaraq, ünvanına səslənən ittihamlara cavab verib. Sabiq səfir bildirib ki, 2020-ci il avqustun 13-də saxlandıqdan bir gün sonra həbs qərarı üçün məhkəmə qarşısına çıxarılanda bir dəfə orada qısa ifadə verib. Onda da deyib ki, baş verənlər bir anlaşılmazlıqdı, aparılan cinayət işi ilə bağlı bütün məsələlərin ölkə daxilində, hüquqi müstəvidə, obyektiv və ədalətli araşdırılmasına ümid edir, prezident İlham Əliyevin ədalətinə də inanır.

Sözügedən məhkəmədə dedikləri bundan ibarət olub. Eldar Həsənov vurğulayır ki, həbsinin, verilən ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq, bü günə qədər ifadə verməyib.

“Prokurorluğunun mətbuata verdiyi qərəzli məlumatla bağlı ilk dəfə olaraq bildirirəm ki, həbsimin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”, – Eldar Həsənov bildirib.

Keçmiş səfir təsdiqləyir ki, Xarici İşlər Nazirliyinin qapalı iclaslarında, o cümlədən 2020-ci il fevralın 2-də Brüsseldə Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakıyla keçirilən qapalı iclasda, həmçinin yazdığı məktublarda dövlətin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid edib: “Amma məsuliyyətli məmur kimi, onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanılır.

Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyəti üzrə ötürülməsi, son 2 ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur. Uydurmalar əsasında mənim, hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə, həbsimə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqları üçün sui-istifadə edən hər iki insanın adını və səbəblərini zərurət yarandıqda açıqlayacağam”.

Sabiq səfir əlavə edib ki, sözügedən iki nəfərdən birinin onun tutulduğu ilk gündən bütün imkan və vasitələrlə işin obyektiv araşdırılmasına birbaşa mane olmasına dair müvafiq dövlət qurumuna rəsmi müraciət edib: “Lakin bu müraciətlərimin yekun ünvana çatmasına belə, əmin deyiləm”.

Eldar Həsənov onu da deyir ki, istintaqın müxtəlif mərhələlərində ona indi adlarını açıqlamaq istəmədiyi şəxslərə qarşı müəyyən ifadələr vermək təklif olunub. Bunun müqabilində ertəsi gün azadlığa buraxılmaq vəd edilib. Lakin bu təklif və cəhdlərin hamısını rədd edib: “Birmənalı olaraq bildirmişəm ki, satqınlıq nə xasiyyətimdə, nə də mənsub olduğum nəsil-nəcabətdə olub. Bundan sonra da olası deyil”.

Eldar Həsənov vurğulayıb ki, ötən 27 ildə Heydər Əliyev və İlham Əliyevin siyasətini dəstəkləyib, onların qoyduğu yolla gedib: “Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi, vicdan və ədalət çərçivəsində, təhlil və təftiş edə bilərlər”.

Səfir kimi fəaliyyət göstərdiyi müddətdə yeyinti və başqa əməllərə yol verməsi haqda ittihamlara isə Eldar Həsənov belə cavab verib: “İttihamlar bir mötəbər sübuta, dəlilə əsaslanmır. İttihamlar mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətindən başqa bir şey deyil. İfadə verməkdən imtina etməyimin əsas səbəblərindən biri də verilən ittihamların uydurma olması ilə yanaşı, provokasiya xarakterli, yəni məni ifadə verməyə məcbur edib, sonra bu ifadələrdən sui-istifadə etmək məqsədi güdülməsi, hətta dövlətimizin imicinə, bəzi hallarda isə dövlətlərarası münasibətlərə zərər vurması ilə nəticələnə bilməsindən ehtiyat etməyim idi. İstintaq isə çəkinmədən ittihama mənim heç vaxt, heç bir halda, müdaxilə etmək niyyətim, səlahiyyətim və imkanım olmadığı Heydər Əliyev Fonduyla bağlı layihələri salıb. Belə humanitar layihələrə, yerində birbaşa rəhbərlik etmək məqsədilə xidməti pasport verilərək uzunmüddətli (yeddi il) ezam olunnmuş, artıq həyatda olmayan, öz işini layiqincə, vicdanla və yüksək peşəkarlıqla yerinə yetirmiş memar Eldar Hüseynovun adının cinayət əlaqəsində qeyd etməsi ağlasığmaz qanunsuzluq və haqsızlıqla yanaşı, bir provokasiyadır”.

Eldar Həsənov bildirib ki, məhkəmədə ən azı, özünü müdafiə etmək, həqiqətəri söyləmək üçün ifadə vermək məcburiyyətindədir: “Bununla belə, mənə qarşı bu qədər haqsızlıqlara baxmayaraq yenə də dövlətimin maraqlarını hər şeydən üstün tutmağı düşünürəm. Mənim həbs sifraşimi düşmənçilik məqsədi ilə verənlər isə bunu qəsdən edirlər. Çünki içlərində olan qisasçılıq hər şeyin üstündən xətt çəkib”.

Sabiq Baş prokuror açıqlamasında sağlıq durumu ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, son illərdə səhhətindəki problemlər ağırlaşıb. Həbsdə olduğu dövrdə ixtisaslaşmış həkim müayinəsindən və müalicədən məhrum olunub:

“Layiq olmadığım, amansız, qəddar münasibətə məruz qalmağım, belə münsibət nəticəsində ducar olduğum ağır xəstəlik də, heç şübhəsiz ki, başqa qanunsuzluqlarla yanaşı, mənə mənəvi-psixoloji əzab verir. Faktiki olaraq fiziki məhvimə yönələn sifarişi verən və icra edənlər ilk növbədə Böyük Allahdan qorxmalıdır. Baş Prokurorluğun ölkənin Baş prokuroru olmuş bir şəxsə qarşı bu cür sifarişli və qərəzli davranışını görmək olduqca acınacaqlıdır. Bu münasibət prokurorluğun tarixində qara ləkə olaraq qalacaq”.

Sabiq səfir deyir ki, ədalətsizliklərə, haqsızlıqlara, mərhumiyyətlərə, ağır xəstəliklərə duçar qalmış insan kimi özünə təsəllini 30 ilə yaxın işğal altında olan tarixi torpaqların azad olunmasında tapır.

“Sadəcə, inana bilmirəm ki, etibara və inama söykənən, sınaqlar-sınağından keçmiş uzun illərin münasibətlərinə baxmayaraq, qisas almaq məqsədilə verilmiş yalan və uydurma məlumatlara möhtərəm Prezident İlham Əliyev nədən, niyə inandı, mənə qarşı bu ədalətsizliklərə razılaşdı? Mənim vicdanım Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidentinin yanında təmizdir. Bunu tarix də, zaman da ilahi ədalət də göstərəcək”, – Eldar Həsənov bildirib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Ana səhifəXəbərlərEldar Həsənov: Həbsimin səbəbi siyasi iddiada olmağım barədə yalan məlumatlardır